Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artır- ÖZƏL
16:26 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ştatlarda təşkil olunacaq G20 sammitinə dəvət olunması sadəcə protokol xarakterli diplomatik jest çərçivəsini aşaraq mühüm siyasi məna kəsb edir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Qlobal iqtisadiyyatın aparıcı mərkəzlərini bir araya gətirən belə bir nüfuzlu platformada Azərbaycanın təmsil olunması Vaşinqtonun Bakının artan rolunu rəsmi səviyyədə qəbul etməsinin bariz göstəricisidir. Bu qərar Birləşmiş Ştatların Azərbaycanı yalnız Cənubi Qafqazın aparıcı dövləti hesab etmədiyini, eyni zamanda ölkəni qlobal iqtisadi və geosiyasi proseslərin fəal iştirakçısı kimi gördüyünü təsdiqləyir.
Bununla yanaşı, Ağ Evin bu addımı Azərbaycanın Avrasiya məkanında formalaşdırdığı yeni nəqliyyat-logistika şəbəkələrinə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı strateji addımlarına və regional sabitliyə verdiyi real töhfələrə verilən yüksək qiyməti əks etdirir. Qlobal tədarük zəncirlərinin yenidən qurulduğu müasir dövrdə Azərbaycanın yaratdığı infrastruktur və beynəlxalq iqtisadi əməkdaşlıq imkanları Vaşinqtonun geostrateji hesablamalarında xüsusi çəkiyə malikdir. Xüsusi vurğulamaq lazımdır ki, bu dəvəti sıradan bir beynəlxalq tədbirdə iştirak kimi qiymətləndirmək yanlış olardı. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində getdikcə möhkəmlənən strateji nüfuzunun və artan çəkisinin bilavasitə təsdiqidir.
Uğurlarımız bol olsun!"