Rusiya Suriyada İranı neytrallaşdırmağın düsturunu tapa bilməyib

Rusiya Federasiyası ilə Birləşmiş Ştatlar arasında münasibətlər getdikcə gərginləşir. Vaşinqtonun Avropadakı müttəfiqləri ilə birlikdə Moskvaya qarşı sanksiyalarını artırması, eləcə də Suriyada tərəflərin qarşı-qarşıya gəlməsi hər iki güc mərkəzi arasında hətta hərbi qarşıdurma riskini belə artırıb.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu özünün ənənəvi mətbuat konfransında bildirib ki, Rusiya Birləşmiş Ştatlarla münasibətləri hərbi eskalasiya istiqamətində gərginləşir. Onun sözlərinə görə,  ABŞ-ın Suriyaya raket zərbələri endirmək də əsas məqsədi Rusiyaya əzələ nümayiş etdirmək idi: "Suriyaya raket zərbələri zamanı Rusiya hərbçiləri və hərbi obyektləri zərər çəkmədilər. Pentaqonun fikrincə, Suriyada Rusiya hərbçiləri raket zərbələri zamanı özlərini peşəkar apardılar. Bu hərbi əməliyyatlar zamanı Rusiyada istehsal olunan ZRK-lar mütləq effektsizliyini nümayiş etdirdi. Rusiya gəmilərinin Tartus bazasını tərk etdiyini kosmik peykdən çəkilən şəkillər sübut edir. D.Trampın bildirdiyinə görə ABŞ-la Rusiya hərbçiləri arasında Suriyada kəskin toqquşma olub. Ümumilikdə Rusiya hərbçilərinin ciddi məğlubiyyətə düçar olduğunu göstərən heç bir əlamət yoxdur. Rusiya tərəfdən müəyyən insan, hərbçi ölümü etiraf edilsə də Suriyadakı hərbi proseslər Rusiyanın arzuladığı istiqamətdədir. Suriya ordusu Fəratın hər iki sahilində kürdlərlə məskunlaşmış bir neçə şəhəri öz nəzarəti altına keçirdi. Ola bilər bu kürdlərlə razılaşdırılmış variantdır". Politoloq deyib ki,  kürdlər ABŞ-ın Türkiyəni Mənbicə daxil etməsinin əleyhinədir: "Bunun qarşısını almaq üçün kürdlərin digər şəhərlərdən də Mənbicə toplanması ehtimal olunan variantdır. Afrin əməliyyatı zamanı da bu sxem tətbiq edildi. D.Tramp ABŞ tarixində heç bir prezidentin Rusiyaya qarşı onun qədər sərt olmadığını bildirdi. D.Trampın Rusiya siyasəti paradoksdur. Bir tərəfdən ən sərt siyasət aparır, digər tərəfdən dialoqa hazır olduğunu bildirir. Suriyaya raket zərbələrindən əvvəl də D.Tramp Rusiya bu zərbələri qəbul etməyə hazır olmağa çağırdı. ABŞ-ın fikrincə, Suriyadakı vəziyyətin məsuliyyəti daha çox Rusiyanın üzərindədir. D.Trampın fikrincə, Rusiya Suriya ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kimyəvi silahların tətbiq olunması mövzusu ilə eyni vaxtda olduğu üçün Trampın dediklərini Rusiyanın Suriyada kimyəvi silahların ləğvi ilə bağlı öhdəliyi yerinə yetirmədiyi kimi başa düşülə bilər. Amma D.Trampın açıqlamasının digər mənası da var: Vladimir Putin Trampla İranı Suriyadan çıxarmaqla bağlı rəsmi müqavilə imzalayıb.  Bu müqavilədən sonra İranın Suriyada iştirakı daha da artıb və artmaqdadır. Ona görə müəyyən mənada D.Trampı haqlı saymaq olar". Mərkəz rəhbəri deyib ki,  Rusiya  Suriyada İranı neytrallaşdırmağın düsturunu tapa bilməyib: "Yenilik Rusiya parlamentarilərinin Suriyaya səfəridir. İran parlamentariləri bu səfərə qədər dəfələrlə Suriyada olub, Bəşər Əsədlə görüşüblər. Rusiya Dövlət Dumasının nümayəndə heyəti Suriyadan qayıdan kimi İran parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədri Ə.Brucerdinin başçılıq etdiyi nümayəndə heyəti Suriyada Bəşər Əsədlə görüşdü. İranın Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Ə.Vilayəti demək olar ki, Suriyada yaşayır. ABŞ-la Rusiya arasında diplomatik qalmaqal da tarixi maksimumdadır. BMT Təhlükəsizlik Şurasında ABŞ Rusiyanın, Rusiya isə ABŞ-ın qətnamələrinin qəbuluna imkan vermədi. Sietl şəhərində Rusiya konsulluğu bağlandı və əmlakı müsadirə olundu. ABŞ Dövlət Katibinin köməkçisi Uess Mitçel zərurət olacağı təqdirdə ölkəsinin Suriyada Rusiyaya qarşı güc tətbiq edəcəyini bildirdi". Mübariz Əhmədoğlu bu ərəfədə Qazaxıstanda cərəyan edən proseslərə də toxunub. Bildirib ki, Rusiya  ekspertləri Nursultan Nazarbayevi Qazaxıstanda məxməri inqilab "yaratmaqda" ittiham edirlər: "Mərkəzi Asiya regionunda Qərbin və Rusiyanın maraqları fərqli məqsədlərlə əks istiqamətdə inkişaf edir. . USAİD Mərkəzi Asiya regionu dövlətləri ilə Baltikyanı dövlətlər arasında ticarət əlaqələrinin qurulmasını təşviq edir. Qazaxıstan prezidenti N.Nazarbayevin kürəkəni T.Kulibayevə Baltik dənizində, Rusiya-Finlandiya sərhədinin 50 km-də port almağa icazə verdilər. "Reuters" agentliyinin yaydığı məlumata görə Rotşild maliyyə qrupu Qazaxıstanda və Özbəkistanda iri müəssisələri almağa başlayıb. Rusiya  üçün Mərkəzi Asiya regionunda hərbi təhlükəsizlik məsələləri daha da aktuallaşıb. Rusiya müdafiə naziri Sergey Şoyqu İŞİD-çilərin Suriya və İraqda darmadağın edildikdən sonra Mərkəzi və Cənub Şərqi Asiyaya doğru yerini dəyişdirdiyini bildirdi. Rusiyanın mövqeyi zəifləmək tendensiyasına malikdir. Qazaxıstan BMT Təhlükəsizlik Şurasında Suriya mövzusunda Rusiyanın qətnaməsi səsə qoyularkən bitərəf qaldı. Bununla eyni vaxtda Nursultan Nazarbayevin ABŞ-a səfəri zamanı D.Trampla əldə etdiyi razılaşmalar reallaşdırılmağa başlandı. Qazaxıstan senatı Əfqanıstana ABŞ-ın yükdaşımaları üçün Xəzər dənizində Qazaxıstanın Kurık və Aktau limanlarından istifadəyə icazə verdi. Bu yükləri ABŞ hərbçiləri müşayiət edə bilər. Rusiya hər iki hadisəyə kəskin reaksiya verdi. Rəsmi Moskva qapalı müzakirələr apardığı halda Rusiya ekspertləri Qazaxıstanın ünvanına kəskin ittihamlar səsləndirirlər. Qazaxıstanın parçalanacağı, Qazaxıstanın Şərqində etnik vəziyyətin mürəkkəbliyi barədə şərhlər dövriyyə buraxıldı. Bəzi şərhlərə görə N.Nazarbayev özü Qazaxıstanda destabilləşmə və "rəngli inqilablar" üçün əsas yaradır. Guya N.Nazarbayevin ABŞ-da imzaladığı müqavilələr əvvəlcə pul və sonra destabilizasiya gətirəcək". Mübariz Əhmədoğlu deyib ki, Xəzər dənizində ABŞ-ın yaratdığı logistika mərkəzlərinin gələcəkdə hərbi bazaya çevriləcəyi və buna görə də gərginlik mənbəyinə çevriləcəyi barədə şərhlərin də sayı xeyli çoxalmışdı: "Şərhlərdən biri Putini ən yaxın müttəfiqinin satdığı bildirilirdi. Ehtimal ki, Rusiya Ermənistandakı "məxməri inqilabdan" sonra Qazaxıstanda "məxməri inqilabın" baş verməsini arzulayacaq. Rusiya prezidenti V.Putin N.Nazarbayevlə telefonla danışaraq Suriyadakı vəziyyəti müzakirə etdilər. Kremlin yaydığı məlumata görə N.Nazarbayev ABŞ-ın Suriyaya raket zərbələrini pisləmişdi. Danışıq əsnasında ABŞ-ın aqressiv hərəkətinin BMT TŞ-nin sanksiyası olmadan, BMT-nin nizamnaməsinin və beynəlxalq hüququn normalarının birbaşa pozulması şəraitində həyata keçirilməsi xüsusi qeyd edilmişdi. Ehtimal ki, V.Putin istədiyini aldı. Prezidenti N.Nazarbayev Qazaxıstan xalqlarının XXVI Assambleyasında çıxış edərkən Rusiyanın və prezident V.Putinin ünvanına xeyli müsbət fikirlər səsləndirdi. O, Rusiyanı Allahın verdiyi tarixi qonşu adlandırdı. Özünün V.Putinlə olan münasibətlərini nümunəvi münasibətlər kimi təqdim etdi. Qazaxıstan üçün təhlükə təkcə RF tərəfindən deyil. Çin Qazaxıstanda maraqlarını artırdığı vaxtda həm də öz ərazisindəki etnik qazaxları sıxışdırır. Bəzi ekspertlərə görə N.Nazarbayevin ABŞ-ın hərbi bazalarını yaratmasına əsas səbəb də Qazaxıstanın həm Rusiya, həm də Çin tərəfindən təzyiq altında olmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31