Erməni xalqı hərbi xuntaya yox dedi
Aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı başlanan etiraz aksiyası nəhayət ki, məntiqi sonluqla nəticələndi. Hələ prezident postunda əyləşərkən hakimiyyəti qəsb etmək planı üzərində işləyən Sarkisyanın arziları puça çıxdı. Birmənalı şəkildə hakimiyyəti mənimsəmək iddiasında olan Sarkisyanın “konstitusiya islahatı” və digər siyasi gəzişmələri heç bir nəticə vermədi.
23 Aprel 2018 19:35 DünyaSarkisyan istefaya getməyə məcbur edildi
Aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı başlanan etiraz aksiyası nəhayət ki, məntiqi sonluqla nəticələndi. Hələ prezident postunda əyləşərkən hakimiyyəti qəsb etmək planı üzərində işləyən Sarkisyanın arzuları puça çıxdı. Birmənalı şəkildə hakimiyyəti mənimsəmək iddiasında olan Sarkisyanın "konstitusiya islahatı" və digər siyasi gəzişmələri heç bir nəticə vermədi.
Məsələ orasındadır ki, Sarkisyan hakimiyyətə Dağlıq Qarabağ kartı üzərində yiyələnmişdi. Məhz bu səbəbdən o, nəinki ölkə daxilində, eləcə də beynəlxalq aləmdə siyasi lider deyil, kriminal avtoritet imici qazanmışdı. Siyasi idarəçilik qabiliyyəti ən aşağı səviyyədə, iqtisadi reformalardan xəbərsiz olan Serj Sarkisyan ölkəni hərbi xunta ilə idarə etməyə üstünlük verirdi. Ermənistanı dünyada işğalçı dövlət kimi tanıdan Sarkisyan ölkəsini bütün beynəlxalq və regional layihələrdən təcrid etmişdi. Nəticədə ölkəni Rusiyanın forpostuna çevirməklə xalqın sosial vəziyyətini dözülməz həddə çatdırmışdı. Yoxsulluq içərisində çabalayan xalq çıxış yolunu ölkəni tərk etməkdə görürdü.
Dünya ölkələri ilə münasibətlər məsələsində dövlətin vahid strateji xəttinin olmaması Ermənistanı beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətə salmışdı. Gah Rusiyanın, gah da Avropanın ağuşuna atılan Sarkisyan ölkəsi barədə etibarsız tərəfdaş imici formalaşdırmışdı. Üstəlik, Dağlıq Qarabağ probleminin həllində diplomatik uğursuzluğa düçar olmuş Ermənistan rəhbərliyi dasporanın da etimadını itirmişdi. Sarkisyanın "Qarabağ klanı"nı təmsil etməsi isə yerli əhalidə ciddi qıcıq oyadırdı. Məhz bu kimi səbəblərdən Sarkisyan hakimiyyətini nə Qərb, nə ABŞ, nə Rusiya, nə də diaspora müdafiə etmədi. Xalq isə ölkəni ağır vəziyyətdən çıxarmağa qadir siyasi lider axtarışında idi. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan hərbçiləri Sarkisyanın apardığı işğalçılıq siyastindən bezdiklərini açıq-aşkar ifadə edirlər. Mənasız, özgə torpaqları uğrunda gənclərin həlak olmasını qətiyyən qəbul etmək istəmirlər. Məhz bu səbəbdən sadə vətəndaşların başladıqları etiraz aksiyasına tezliklə tələbələr, ardınca hərbçilər qoşularaq ümumrespublika miqyası aldı. Nəticədə istənilən etirazı süngü ilə qarşılamağa, hətta hakimiyyətini qoruyub saxlamaq üçün qan tökməyə hazır olan Sarkisyan xalqın etirazı qarşısında duruş gətirə bilmədi.
Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında yaranan qarşıdurmaları təsadüfi hesab etmək sadəlövhlük olardı. Başqa sözlə, Sarkisyan son ana qədər sadə insanların qanını tökməyə, hətta vətəndaş müharibəsinə getməyə hazır görünürdü. Çünki, özünü Ermənistanın baş naziri hesab edən Serj Sarkisyan və etiraz aksiyasının lideri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz yekunlaşmışdı. Sarkisyanın qısa sürən nəticəsiz danışıqlardan sonra otağı tərk etməsi onun gizli planlarının olmasından xəbər verirdi. Nəzərə almaq lazımdır ki, Sarkisyan açıq-aşkar dərk edirdi ki, danışıqların heç bir nəticəsi olmayacaq, çünki danışıqlar zamanı yalnız onun istefa məsələsi müzakirə oluna bilərdi. Əvvəlcədən özünü sığortalamaq məqsədilə "əgər siz bu cür danışmağa davam etsəz, mənə sizə yalnız hüquqi müstəviyəyə və məntiqi hərəkətlərə qayıtmağa məsləhət etməyim qalır, əks halda bütün məsuliyyət sizin üzərinizə düşür, seçin", deyə Sarkisyan bildirmişdi. Əslində isə Sarkisyan hakimiyyətin defakto xalqın əlinə keçdiyinin fərqinə varmırdı.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir ciddi addım atmaq niyyətinin olmaması Sarkisyan və onun komandasının məhv edilməsi demək idi. Çünki Sarkisyan kimi hərbi cani Dağlıq Qarabağ dalğası üzərindən hakimiyyətə gəlmişdi. Bəşəriyyət tarixində ən dəhşətli cinayət hesab olunan Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmişdi. Sarkisyanın Xocalı faciəsinin təşkilatçısı və iştirakçısı olması əsaslı faktlarla təsdiqini tapıb. Dağlıq Qarabaq probleminin dinc yolla həlli məqsədilə aparılan danışıqların konstruktiv məcrada keçməsinə birmanlı şəkildə maneə olan Sarkisyan yaxşı dərk edirdi ki, bu problem həll edilsə, hakimiyyətinin sonu çatacaq. Məhz bu səbədən danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyirdi. Əslində hərbi cani imici qazanmış dövlət başçısından bundan artığını gözləməyə də dəyməzdi. Çünki, o, Qarabağ məsələsində deyil, eləcə də ölkənin idarə edilməsində beynəlxalq hüquq normalarına uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranırdı. Xocalı soyqırımının törədilməsində birbaşa hərbçi kimi iştirak edən Sarkisyan və onun hərbi xuntadan ibarət olan komandası xalqın etirazı qarşısında duruş gətirməyərək istefa verməyə məcbur edildi. Siyasi ekspertlər hesab edirlər ki, Sarkisyanın istefa verməsi Azərbaycanın xeyrinədir. Çünki, Sarkisyan prezidentliyi dövündə Anti-Azərbaycan qüvvələrini pulla təmin edərək ölkəmiz barədə mənfi imic formalaşdırmağa çalışıb. Nəhayət ki, Azərbaycanın apardığı məqsədyönlü xarici siyasəti qələbə ilə nəticələndi.
Zəka