Yeni prezident Ermənistana nə vəd edir?
Martın 2-də Ermənistan parlamenti ölkənin yeni prezidentini seçdi. Hakim “Respublika” Partiyasının namizədi Armen Sərkisyan Ermənistanın yeni prezidenti oldu. Müxalifət sayılan "Tsarukyan” fraksiyası hakimiyyətin namizədini dəstəklədi. Səsvermədə parlamentin 105 deputatından 101-i iştirak edib.
5 Mart 2018 13:22 DünyaPrezident seçkiləri Serj Sərkisyanın növbəti oyunudur
Martın 2-də Ermənistan parlamenti ölkənin yeni prezidentini seçdi. Hakim "Respublika" Partiyasının namizədi Armen Sərkisyan Ermənistanın yeni prezidenti oldu. Müxalifət sayılan "Tsarukyan" fraksiyası hakimiyyətin namizədini dəstəklədi. Səsvermədə parlamentin 105 deputatından 101-i iştirak edib. Onlardan 90-ı Armenin lehinə, 10-u isə əleyhinə səs verib.
Qeyd edək ki, A.Sərkisyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. 65 yaşlı A.Sərkisyanın Türkmənistan və Özbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb. Xaricdəki erməni lobbisinin də onun prezidentliyə namizədliyini dəstəklədiyi bildirilib. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət "Knightsbridge Group" Holdinqin sahibidir. Onu da xatırladaq ki, bu ilin aprelində indiki prezident Serj Sərkisyanın səlahiyyət müddəti başa çatır. Apreldən sonra Ermənistan 2015-ci ildə qəbul edilən yeni konstitusiyaya əsasən, parlament idarəetməsinə keçəcək. Ölkənin əsas qanununa görə, prezidentin səlahiyyətləri məhdudlaşdırılıb, bu baxımdan Ermənistanın birinci şəxsi baş nazir olacaq. Bu vəzifəni isə Serj Sərkisyanın tutacağı ehtimal olunur. Maraqlıdır, Ermənistanın yeni prezidenti bu ölkə üçün nə vəd edir, ölkənin xarici siyasətində, xüsusən, Dağlıq Qarabağ məsələsinin həllində hansı yeniliklər edilə bilər? Qeyd edək ki, Ermənistanda son konstitusiya dəyişikliyinə əsasən, 7 il müddətinə seçilən yeni prezident əsasən rəsmi qəbul və mərasim funksiyasını həyata keçirən, real icraedici funksiyalar olmayan şəxs sayılır. Real hakimiyyət isə baş nazir və parlament arasında bölüşdürülür. Güc strukturları, təhlükəsizlik xidmət baş nazirə tabe olur, yalnız məhkəmə hakimiyyətinin müstəqilliyi saxlanılır. Buradan da görünür ki, Ermənistanda yeni prezidentin seçilməsi formaldır və real hakimiyyət yenə də Armen Sərkisyanın sələfinin əlində olacaq. Daha doğrusu, ölkədə əsas icraedici funksiya prezidentdən alınaraq baş nazirə keçəcək.
Göründüyü kimi Ermənistanda prezident hakimiyyətinin səlahiyyətləri minimuma endirilib. Bu simvolik xarakter daşıyır. Burada müəyyən mübarizə elementləri olsa da Sərkisyanın əvvəlcədən seçdiyi adam Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyan seçkilərdə qalib gəlib. Ümumi razılıqla Respublika Partiyası və "Daşnaksütyun" Partiyasının parlament fraksiyalarının 65 deputatı prezident vəzifəsinə Armen Sərkisyanın namizədliyini irəli sürüb. Bəzi siyasi dairələr yalnız onun İngiltərə vətəndaşı olmasına narazılıq bildiriblər. Böyük Britaniya isə ikili vətəndaşlığı qəbul edir. Ermənilər üçün digər qaranlıq məqam Armen Sərkisyan haqqında heç bir informasiyanın olmamasıdır. Xüsusilə, onun beynəlxalq əlaqələrə malik sirli adam olduğu deyilir. Bundan başqa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyən keçmiş prezident Levon Ter-Petrosyanın dövründə Armen baş nazir kimi fəaliyyət göstərib. İndi təşviş içində olan Ermənistan bu namizədin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyinə uyğun həllini dəstəkləməsindən qorxur. Hakimiyyətin isə baş nazirin əlində cəmləşməsi deməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın siyasətində ciddi dəyişiklik gözləmə sadəlövlük olardı.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Ermənistanda yeni prezidentin seçilməsinə baxmayaraq heç nə dəyişilməyib: "Onlar ənənəvi siyasətindən istifadə edib faktiki Serj Sərkisyan hakimiyyətinin saxlanılması üçün məcburi şəkildə əllərindən gələni edərək gözə kül üfürmək üçün konstitusional "islahatlar" düzəldiblər. Bu konstitusional reformlar əsasında parlament tərəfindən yeni müəyyən olunmuş prezident hansısa böyük səlahiyyətlərə malik olmayacaq. Bütün səlahiyyətlər baş nazirə keçir". Səməd Seyidov Ermənistanda kimin baş nazir olacağının aydın olduğunu qeyd edib: "Hamıya aydındır ki, Ermənistanın baş naziri kim olacaq. Bu köhnə prezident Serj Sərkisyandır. Bu nöqteyi-nəzərdən, Ermənistanın gələcək prezidentinin fəaliyyətini şərh etməyə belə dəyməz. Bu hansısa dəyişiklik yox, hakimiyyət mübarizəsi və hakimiyyəti əldə saxlamaq üçün görülmüş işlərdir. Serj Sərkisyanın növbəti oyunudur. Ermənistanda millət artıq ondan bezib. Hamıya aydındır ki, hazırda Ermənistan nə vəziyyətdədir. O, bu taktikanı seçib ki, guya Ermənistanda yeni prezident seçiləcək. Amma bunların hamısı boş şeylərdir. Ona görə ki, Ermənistanda heç bir real seçki yoxdur . Sadəcə Serj Sərkisyan baş nazir kimi siyasətini və hakimiyyətini möhkəmləndirir". Millət vəkili Rövşən Rzayev deyib ki, Ermənistanda siyasi və sosial-iqtisadi böhran daha da ağırlaşmaqdadır. R.Rzayev bildirib ki, təcavüzkar ölkədə bu böhranın dərinləşməsi əhali ilə hakimiyyət arasında gərginliyi daha da artırır. Onun sözlərinə görə, Ermənistanın belə bir acınacaqlı duruma düşməsi ilk növbədə onun işğalçılıq siyasəti ilə bağlıdır: "Torpaqlarımızı işğal altında saxlaması nəinki Ermənistan hakimiyyətinə ciddi divident gətirmir, əksinə vəziyyətini daha da ağırlaşdırıb. Çünki məhz təcavüzkar mövqe bu dövləti bu dünyada etibarlı tərəfdaş olmadığını təsdiqləyib. Bu səbəbdən xarici biznes qurumları, şirkətlər, iş adamları Ermənistana investisiya qoymağa maraqlı deyil. Təbii ki, bütün bu proseslər Ermənistanın daxili vəziyyətinin daha da gərginləşdiyini göstərir. Bu da nəticə etibarilə siyasi böhranı dərinləşdirməkdədir".
Alim