Ermənistanın havadarları narahatdırlar
Dağlıq Qarabağda müharibənin başlanma ehtimalı ilə bağlı məsələ zaman-zaman gündəmi zəbt etməkdədir. Xüsusən xarici mətbuatda Ermənistan-Azərbaycan cəbhəsində silahlı toqquşma anonsunun verilməsi siyasi və hərbi ekspertləri də dilə gətirməyə məcbir edib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak" qəzetinin müxbirinə açıqlamasında deyib ki, Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır.
2 Mart 2018 15:19 Dünyaİkinci Qarabağ müharibəsi başlaya bilər
Dağlıq Qarabağda müharibənin başlanma ehtimalı ilə bağlı məsələ zaman-zaman gündəmi zəbt etməkdədir. Xüsusən xarici mətbuatda Ermənistan-Azərbaycan cəbhəsində silahlı toqquşma anonsunun verilməsi siyasi və hərbi ekspertləri də dilə gətirməyə məcbir edib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak" qəzetinin müxbirinə açıqlamasında deyib ki, Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır. Sabiq diplomatın sözlərinə görə, Dağlı Qarabağda yeni müharibə Azərbaycan, Ermənistan və Rusiyada keçirilən seçkilərdən sonar baş verə bilər: "Azərbaycan, Rusiya və Ermənistanda seçkilər başa çatdıqdan və hakimiyyətin yenidən təşkilinin tamamlanmasından sonra Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salınması üçün imkan yarana və ya əksinə, hərbi əməliyyatlar yenilənə bilər". Onu da qeyd edək ki, son günlərdə erməni və rus mediası Qarabağ cəbhəsində genişmiqyaslı hərbi əməliyyatların başlanması bununla da Ermənistana öldürcü zərbə vurulacağı haqqında yazılara geniş yer verir. Hətta erməni siyasətçi, analitik və ekspertlər Ermənistanın işğalçılıq siyasətinin artıq onların ziyanına, Azərbaycanın isə xeyrinə işlədiyini qeyd edirlər. İşğalçılıq siyasətinin Ermənistanın regionda həyata keçirilən iqtisadi, enerji, logistik və digər layihələrdən kənarda qaldığını dilə gətirirlər. Məhz işğalçılıq siyasəti Ermənistanı bölgənin ən perspektivsiz bir ölkəsinə çevirib. Odur ki, yaranmış vəziyyətdən yararlanan Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlamaqla öz ərazi bütövlüyünü təmin edəcək. Erməniləri daha ciddi narahat edən məsələlərdən biri də ABŞ Milli Kəşfiyyat İdarəsinin hazırladığı hesabatda 2018-ci ildə Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə bağlı fikrin yer almasıdır. Müharibə anonsu ilə bağlı təxminən eyni fikri ifadə edən tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk Vesti.az saytına açıqlamasında deyib ki, Qarabağ ətrafında kövrək atəşkəsin və qeyri-sabitliyin sonsuzadək davam edəcəyinə inanmır: "Bakı çoxdan və açıq şəkildə hamıya eyham vurur ki, növbəti nəticəsiz və çoxillik danışıqlar prosesinə cəlb olunmaq niyyətində deyil. 2016-cı ilin aprel müharibəsindən praktik olaraq iki il ötüb. Amma prezidentlərin müvafiq sammitlərinin heç bir qərarı həyata keçməyib. Bu xüsusat da Azərbaycan rəhbərliyinə təzyiq edir. Əgər bütün Güney Qafqazı bürüyəcək birbaşa müharibə haqda fikri kənara atsaq, o zaman yeni şəraitdə Azərbaycan prezidenti yəqin ki, Qarabağı özünə yaxınlaşdırmaqla Avrasiya Birliyi və KTMT arasında ağıllı və optimal balans axtarmağa çalışacaq. Əks halda, Bakı ona lazım olmayan silsilə müharibələrə cəlb oluna bilər. Bütün bu mürəkkəb balansı seçkilərdən dərhal sonra ölçüb-biçmək lazım gələcək. Əks təqdirdə regiona destruktiv proseslər, o cümlədən Ermənistan-Azərbaycan konfliktində parazitlik edən terrorizmlə bağlı proseslər nüfuz edə bilər". Bəs, əslində necə, cəbhə xəttində müharibənin başlanma ehtimalı nə dərəcədə realdır? Millət vəkili Elman Məmmədov bildirib ki, ermənilər hər zaman narahat olmalı və təşviş içində yaşamalıdırlar: "Əgər hiss etsək ki, onlarda müəyyən rahatılıq yaranıb, o zaman Qarabağ cəbhəsində hərdən bir tutarlı sillə vurmalıyıq. Narahatlıq və təşviş yaddaşlarından silinməsin, qorxu işində yaşasınlar. Çünki ermənilər işğalçı və terrorçudurlar. 25 ildən artıqdır ki, azərbaycanlılara qarşı soyqırım siyasətini həyata keçirərək, torpaqlarımızın beşdə birini işğal ediblər və bu işğal siyasətini bu gün də davam etdirirlər. Qoy ABŞ, Rusiya və Fransa da ATƏT MQ-nin həmsədr ölkələri kimi anlasınlar ki, nə qədər Azərbaycan torpaqları işğal altındadır müharibə təhlükəsi hər zaman olacaq. Bu hər an başlaya bilər. Ermənilərə havadarlıq edən ölkələr, ATƏT MQ həmsədr ölkələri onları başa sala bilmirsə, yaxud istəmirsə, status-kvonun qorunub saxlanması üçün min bir hoqqadan çıxırlarsa, o zaman anlamalıdırlar ki, müharibə qaçılmazdır və bu olacaq. Azərbaycana başqa alternativ imkanı yaratmadıqlarında gücdən istifadə etməklə ölkənin ərazi bütövlüyü təmin olunacaq. Bu məsələdə beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. O baxımdan ermənilərin və onun havadarlarının narahatçılığına əsas var. Narahatlıqdan xilas olmaq istəyirlərsə, o zaman işğal etdikləri torpaqlardan çəkilib getməlidirlər". E.Məmmədov onu da bildirib ki, bu gün artıq erməni cəmiyyətində işğalçılıq siyasətinin onalrın maraqlarına ziyan vurduğunu dərk edən xeyli sayda siyasətçilər, ekspertlər, yanınmış simalar var və onlar bunu açıq etiraf edirlər: "Onlar hesab edirlər ki, İrəvanın bu işğalçılıq siyasəti sonda Ermənistanın dövlətçiliyinə ciddi təhlükə yaradacaq. Ona görə də bundan ciddi narahatçılıq keçirirlər. Ermənilər artıq yaxşı anlayır ki, Azərbaycanın yürütdüyü siyasət nəticəsində bölgənin ən perspektivsiz bir ölkəsinə çevrilməklə, regiondakı bütün layihələrdən kənarda qalıb. Qərb-Azərbaycan, Rusiya-Azərbaycan, Rusiya-Azərbaycan-İran, Azərbaycan-Türkiyə, Azərbaycan-İran, Azərbaycan-Gürcüstan, Azərbaycan-Orta Asiya regionu iləəməkdaşlığın mərkəzində dayanmaqla mühüm bir geostrateji mövqe tutub və bu mövqe inkişaf edib, möhkəmlənməkdədir. Digər tərəfdən isə Azərbaycanın iqtisadi və hərbi gücü artır. bütün bunlar erməniləri narahat etməyə və yuxusunu ərşə çəkməyə başlayıb". Digər bir məqama toxunun E.Məmmədov bildirib ki, uzun illər Türkiyədə çoxsaylı terror və cinayət hadisələri törədən PKK-çılara Ermənistan dəstək verir və hətta. onları Azərbaycanın işğal altında olan ərazilərində şərait yaratmaqla, onlara düşərgə və təlim bazaları yaratmağa şərait yaradıb: "Hələ bu azmış kimi Suriyadakı YPG terrorçularına da qucaq açan Ermənistan onları Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda məskunlaşdırırlar. Ermənistan təşvişdədir ki, bir gün Türkiyə ordusu həmin terrorçuların ardınca torpaqlara gələcək".
Zəka