Yaxın Şərqdə Avropa-Amerika rəqabəti
28 Fevral 2018 10:31 DünyaAvropa Birliyi "Ərəb baharı" sonrası regionda Amerikaya uduzması ilə barışa bilmir
Yaxın Şərqdə açıq büruzə verilməsə də, bir Avropa-ABŞ rəqabəti hiss olunur. Bunun ən bariz örnəyi İran məsələsi ilə bağlı oldu. ABŞ prezidenti Donald Tramp ötən il İranla bağlı nüvə anlaşmasını yenidən baxılması üçün Konqresə göndərəndə Avropa ölkələri bu qərara qarşı çıxdı. Avropa Birliyi ən üst səviyyədə bəyan etdi ki, ABŞ rəhbərliyinin mövqeyi nüvə anlaşmasını şübhə altına salmır, digər ölkələr anlaşmaya sadiqdir. Hazırda analitiklərə görə, Trampın İrana qarşı sərt siyasəti önündə əsas maneə məhz Avropadır.
Avropanın İran mövzusunda ABŞ-a zidd mövqe ortaya qoymasının bir sıra səbəbləri var. Analitiklərə görə, Avropa ölkələri ilk növbədə İranla iqtisadi əlaqələrin qurulması, yatırımlar, qarşılıqlı ticarət əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. İran böyük bazardır, zəngin enerji ehtiyatları, ticarət və istehsal potensialı var. Belə bir bazarı buraxmaq Avropanın maraqlarına cavab vermir.
Ancaq eyni zamanda burada həm də siyasi maraqlar var. Daha dəqiqi, gizli Avropa-Amerika rəqabəti var. Söhbət Avropa Birliyinin Yaxın Şərqdəki Amerikanın "kölgəsində qalmasından" gedir. Məsələ ondadır ki, 100 il əvvəl Yaxın Şərq və Şimali Afrika Osmanlıdan alındıqdan sonra bölgəni Avropa ölkələri onu öz aralarında böldülər. İkinci Dünya müharibəsindən sonra region formal olaraq tamamilə müstəqilləşsə də, əslində Səudiyyə Ərəbistanı və İsrail istisna olmaqla, regionun yerdə qalan ölkələri bu və ya digər formada Avropanın təsiri altında idi. Bu özünü hətta "ərəb baharı"nın ilk vaxtlarında da göstərdi. Məsələn, Liviyada, Tunisdə baş verən etirazlar zamanı Avropa ölkələri daha aktiv idi. Hətta Liviyada Qəzzafinin devrilməsi üçün NATO çətiri altında Avropa orduları, xüsusən də Fransa silahlı qüvvələri fəal şəkildə iştirak edirdi.
Eləcə də "baharın" dönüş nöqtəsi olan Suriyada da proseslərin əvvəlində Avropa ölkələri daha fəal idi. Ancaq sonrakı illərdə, xüsusən də proses terror müharibəsinə və geniş miqyaslı antiterror savaşına çevrilməsindən sonra Amerika təşəbbüsü ələ aldı. Vaşinqton 2014-cü ilin avqustunda İŞİD-ə qarşı mübarizə məqsədilə 64 ölkənin qatıldığı nəhəng koalisiya formalaşdıraraq faktiki olaraq Yaxın Şərqdə qaynar proseslərin aparıcı aktyoruna çevrildi. Bu gün baxdıqda Yaxın Şərqin "qaynayan" ölkələrində Avropa demək olar ki, hiss olunmur, Amerika isə əsas oyunçudur.
Məsələn, inqilabın ilk başladığı ölkələrdən olan Liviyada hazırda vətəndaş müharibəsi davam edir. Ölkə faktiki olaraq iki hissəyə bölünüb. Liviyanın şərqində Tobruk şəhərində Qətərə yaxın islamçı hökumət, qərbdə isə paytaxt Tripoli şəhərində Faez Sərracın başçılıq etdiyi Milli Birlik Hökuməti (MBH) qərarlaşıb. Qeyd edək ki, buradakı hökumət Səudiyyə Ərəbistanına daha yaxındır.
Misirdə isə 2013-cü ildə baş vermiş hərbi çevrilişdən sonra ənənəvi olaraq ABŞ-a bağlı olan ordu rəhbərliyi hakimiyyəti ələ keçirib. Prezident Əbdülfəttah əs-Sisi hərbi akademiya təhsilini ABŞ-da alıb. Hazırda Misir Səudiyyə Ərəbistanı və körfəz ölkələri ilə birlikdə Amerika cizgisində fəaliyyət göstərir.
Hazırda qanlı vətəndaş müharibəsinin davam etdiyi Yəməndə 30 illik diktator Əli Abdullah Saleh 2012-ci ildə xalq etirazları nəticəsində devrilsə də, bu ölkədə siyasi sabitlik əldə olunmayıb. Hazırda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ABŞ-ın dəstəklədiyi ərəb koalisiyası bu ölkədə Husi üsyançılarının müqavimətini qırıb Ərəbistana yaxın hökuməti geri qaytarmağa çalışır. ABŞ ordusu bu əməliyyatlarda aktiv şəkildə iştirak edir. Bu ölkədə günahsız insanların öldürülməsi səbəbilə Almaniya Səudiyyə Ərəbistanına silah satmaqdan imtina etsə də, ər-Riyad silahı başqa ölkələrdən ala biləcəklərini bəyan edib.
İraqda ABŞ-ın təsirini xüsusi misallarla qeyd etməyə gərək yoxdur. Bu ölkə 2003-cü ildə ABŞ tərəfindən işğal olunub. 2010-cu ildə ABŞ İraqdan ordunu çıxardığını bəyan etsə də (rəsmi açıqlamaya əsasən ölkədə ancaq hərbi təlimatçılar və kiçik mühafizə və dəstək qrupları qalmışdı - K.R.) 2014-cü ildə İŞİD İraqın bir hissəsini işğal etdikdən sonra ABŞ yenidən İraqa hərbi qüvvələr göndərib. Ancaq İraq hətta aradakı kiçik fasilələr dövründə də Amerika təsirindən xilas ola bilməyib.
Suriya münaqişəsi başlayandan Avropa ölkələri Bəşər Əsədə qarşı savaşan qüvvələri dəstəkləyib. "Suriyanın dostları" qrupunda Avropa ölkələri də yer alıb. Ancaq sonrakı illərdə ABŞ-ın hərbi iştirakı daha güclənib və hazırda Suriyada əsas hərbi-siyasi aktyorlardan biri ABŞ-dır və Rusiya ilə danışıqlar məhz ABŞ-la aparılır.
Avropa və Amerika arasında rəqabətin hiss olunduğu bir ölkə Livandır. Livan ərazi olaraq kiçik olsa da, Yaxın Şərqin açar ölkəsi hesab olunur. Regionun və regionda əli olan ölkələrin hamısının Livanda fəaliyyətləri var. Bu mənada Livan hər kəsin oynadığı və ya oyununu oynamağa çalışdığı nöqtədir. Ötən ilin noyabrında Livan baş nazirinin Səudiyyə Ərəbistanına gedərək istefa verməsi bir mənada təkcə İran-Səudiyyə Ərəbistanı deyil, həm də ABŞ-Avropa rəqabəti idi. Çünki Həririnin ər-Riyadda istefasını elan etməsi Səudiyyə Ərəbistanı-İsrail və ABŞ "üçlüyünün" maraqlarına cavab verirdi. Nəticədə Livanda xaos və hərbi müdaxilə gündəmə gəlirdi.
Ancaq proses gözlənilən kimi olmadı, Fransa prosesə müdaxilə etdi. Livan keçmiş Fransa müstəmləkəsi olduğu üçün Paris hələ də bu ölkənin siyasətinə ciddi təsir imkanlarını qoruyub saxlayır. Nəticədə prezident Makronun BMT-ni işə qoşması və ər-Riyada gedib danışıqlar aparmasından sonra Həriri azad edilərək əvvəlcə Parisə, oradan da Beyruta geri döndü. Bununla da Livanda həm də Yaxın Şərqin qəlbində növbəti hərbi-siyasi böhranın, bəlkə də böyük müharibənin qarşısı alındı. Bu ayın əvvəlində ABŞ dövlət katibi Reks Tillersonun prezident Mişel Aunla görüş zamanı gözlədilməsi və aşağılayıcı rəftara məruz qalması da Livan böhranına Fransaya yaxın xristian prezidentin reaksiyası sayıla bilərdi.
Yaxın Şərq dünyanın "qəlbi" olmaqda davam edir. Görünən odur ki, bu bölgədə uğurunda, burada olmaq üçün böyük dövlətlər arasında rəqabət qarşıdakı illərdə daha da dərinləşəcək.