Böyük güclərin planı işə yaradı

Suriyada vəziyyət getdikcə daha mürəkkəb xarakter alır. Türkiyənin haqlı olaraq Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı uğurla davam etdiyi bir vaxtda Suriya lideri Bəşər Əsəd Türkiyənin bu addımını ölkəsinin ərazi bütövlüyünə cəhd kimi qiymətləndirərək Afrinə müdaxilə etməyi düşünür.

Türkiyə Əsədlə baş-başa gəlir

Suriyada vəziyyət getdikcə daha mürəkkəb xarakter alır. Türkiyənin haqlı olaraq Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı uğurla davam etdiyi bir vaxtda Suriya lideri Bəşər Əsəd Türkiyənin bu addımını ölkəsinin ərazi bütövlüyünə cəhd kimi qiymətləndirərək Afrinə müdaxilə etməyi düşünür. Artıq bununla bağlı Əsəd mövqeyini açıqlayıb və cərəyan edən proseslər Afrində Türkiyə ilə Suriyanın baş-başa gələcəyi reallığını ortaya qoyub. Halbuki rəsmi Ankaranın Afrində antiterror əməliyyatı həyata keçirməkdə başlıca məqsədi elə Suriyanın ərazi bütövlüyünü bərpa etməkdir. Elə Çağdaş Strateji Araşdırma Mərkəzinin rəhbəri Seymur Süleymanov da belə düşünür. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, Türkiyənin "Zeytun budağı" əməliyyatında əsas hədəfi ölkənin təhlükəsizliyini, Suriyanın ərazi bütövlüyünü təmin etməkdir. Üstəlik, Türkiyənin bu addımı atmağa məcbur edən amillərdən biri də gələcəkdə Suriyanın şimalında kürd dövlətinin yaranmasının qarşısını almaqdır: "Türkiyənin Suriyada keçirdiyi "Zeytun budağı" əməliyyatından 1 ay ötür. Göründüyü kimi Afrində antiterror əməliyyatlarında hələlik üstünlük Türkiyədədir. Onu da qeyd edim ki, YPG və PYD Türkiyəyə qarşı ciddi dirəniş göstərsələr də bu heç nəyi dəyişməyəcək. Ötən gün Suriya dövlət televiziyasında PYD/YPG gücləri və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı əldə edilən razılaşmaya əsasən Əsədə sadiq qüvvələrin Afrinə daxil olacağı barədə xəbər yayılmışdı. Məsələyə münasibət bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd etdi ki, "Zeytun budağı" əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir. Daha sonra isə Çavuşoğlu birmənalı şəkildə vurğuladı ki, Əsəd rejimi Afrinə girsə, kimsə bizi dayandıra bilməz. Bu o deməkdir ki, Türk ordusu Afrində Əsədlə də qarşı-qarşıya gələcək. Düzdür, Əsəd qüvvələrinin Afrində YPG-PYD silahlı qüvvələrinin Əsədlə razılaşmaları olması məlumatı bir az ziddiyətli məsələdir. Belə olan halda Suriya ordusunun adıçəkilən terror qruplaşmlarından bir fərqi olmaz. O zaman ortaya haqlı bir sual çıxır. Türkiyə, Afrini terror qruplaşmalarından azad etdikdən sonra bölgədə varlığını davam etdirəcəkmi?" Mərkəz rəhbəri hesab edir ki, yox. Onun sözlərinə görə, çoxları deyə bilər ki Türkiyə Silahlı Qüvvələri Afrini Azad Suriya Ordusunun (ASO) nəzarətinə verəcəK: "Axı Suriya hakimiyyəti Azad Suriya Ordusunu terror təşkilatı kimi qəbul edir. Yəni Türkiyə üçün PKK necədirsə, Azad Suriya Ordusu da Suriya üçün eynidir. Məsələyə bu aspektdən yanaşdıqda bir çox ziddiyətli məqamlar ortaya çıxır. Bəşər Əsəd Suriya dövlətinin başçısıdır. Amerika, Türkiyə Əsəd hakimiyyətini qeyri-leqal hesab edə bilər, ancaq faktiki vəziyyət onu deməyə əsas verir ki, Suriyanın ərazi bütövlüyünü ancaq və ancaq Suriya dövləti qoruya bilər". Seymur Süleymanovun qənaətincə, həm Türkiyə üçün, həm də Suriya üçün və uğurlu variant o ola bilər ki, Suriya hökümət qüvvələri ilə Türkiyə ordusu Afrində koordinasiyalı şəkildə YPG-PYD terror qruplaşmalarına qarşı mübarizə aparsınlar: "Və sonda Afrinin Suriya ordusuna təhvil verilməsi hər iki ölkə üçün faydalı çıxış yoludur. Çünki artıq Afrin əməliyyatında Türkiyəyə dəstək verən Rusiya belə, rəsmi Ankaranı Suriya höküməti ilə dialoq qurmağa dəvət edir.Və beləliklə, bölgədə sülh ancaq və ancaq iki ölkənin koordinasiyalı hərəkət etməsindən keçir".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Türkiyənin "Zeytun budağı" əmliyyatlarına qarşı Əsəd ordusunun və İran dəstəkli "Hizbullah" hərbi təşkilatının Afrinə doğru irəliləmsi, üçlük format çərçivəsində Tehran və Moskvanın Ankaraya qarşı demarşıdır: "Göründüyü kimi, Rusiya və İran heç də Türkiyə ilə Suriya məsələsində strateji tərəfdaşlığa sadiq deyillər. Bu iki ölkənin Birləşmiş Ştatlardan heç də fərqi olmadığının şahidi oluruq. Türkiyənin çevik diplomatiyası və hərbi tədbirləri "Hizbullah"ın geri çəkilməsi ilə nəticələndi.

"Hizbullah" və Əsəd ordusu YPG-ya köməyə gələrsə,Türkiyə daha da dağıdıcı hücuma keçib həm "Hizbullah", həm də Əsəd ordusunu darmadağın edə bilər. Bununla da Rusiya, Türkiyə və İran formatına, həmçinin Astana danışıqlarına son qoyulardı". Politoloq deyib ki, Türkiyə Afrində müharibə deyil, təmizləmə əməliyyatı aparır. Bu antiterror əməliyyatı Türkiyənin təhlükəsizliyinin təmin edilməsinə hesablanıb: "Afrində geosiyasi şərtlər dəyişərsə, Türkiyə burada türkmən muxtariyyəti yarada bilər. Afrin və geniş ərazidə Türkiyə türkmən muxtariyyəti təsis etməsə, bir müddətdən sonra apardığı əməliyyatların heç bir müsbət nəticələri olmayacaq. Suriyada İraq ssenarisindən daha da pis vəziyyət yaranacaq. Türkiyə Şimali İraqda səhvini Şimali Suriyada türkmən muxtariyyəti qurmaqla düzəldə bilər. 
Qeyd edim ki, Suriyada Birləşmiş Ştatlar, Rusiya və İran qalıcı olacağı planlaşdırıblar. Hər üç ölkənin geoisiyasi və hərbi toqquşması çox yaxındır. Bir müddətdən sonra Suriyanın muxtariyyətlərə bölünməsi şübhəsizdir. Türkiyə bu tarixi şansdan istifadə edərək, türkmən muxtariyyəti ilə kürd projesinə ağır zərbə vura bilər". Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, hazırda Türkiyənin Suriyanın Afrin regionunda keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatı YPG terror təşkilatına böyük itkilər yaşadır. Onun sözlərinə görə, Afrində Türkiyənin qələbə çalması reallaşsa da, ardınca Menbicə girəcəyi polimikadır. Çünki, Birləşmiş Ştatlar istənilən anda bu əməliyyatlara imkan verməyəcək: "Əsəd ordusunun YPG liderləri ilə razılaşmasına əsasən Afrinə girəcəyi Rusiyanın Türkiyəyə qarşı planı olub. Çünki, Birləşmiş Ştatlar dövlət katibi Tillersonun Ankaraya səfəri və iki ölkə arasında müəyyən məsələlərdə anlaşma mesajı Kremlin narahatlığına səbəb olub. Göründüyü kimi, Ərdoğanın Putin və Ruhani ilə telefon danışıqları belə bir planın qarşısını almış oldu. Demək, Ərdoğan Kreml və Moskva ilə ortaq məxrəcə gəlibsə, Vaşinqtonla Ankara arasında problemlər öz həllini tapmayıb". Politoloqun qənaətincə, hazırda Birləşmiş Ştatlar çalışır ki, YPG terrorçuları vasitəsi ilə Suriyanın böyük bir ərazisinə sahib olsun və bu ölkənin parçalanmasını həyata keçirsin: "Birləşmiş Ştatlar Şimali Suriyada hərbi bazalar yaratmaqla bu ölkədən çıxmayacağı və öz geosiyasi maraqlarının təmin olunmasına qədər mübarizə aparacağını öz strateji planına daxil edib. Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin silahlılarına məlum hücumu da göstərir ki, Vaşinqton öz maraq dairəsinə daxil olmaq istəyən Rusiya ilə toqquşmaya hazırdır. Vaşinqton eyni analoji addımı Menbicə doğru irəlləyən Türkiyə silahlı qüvvələrinə qarşı həyata keçirə bilər. Bu baş verərsə, Ankara-Vaşinqton əlaqələri müharibə vəziyyətinə gəlməklə, NATO -da böyük siyasi xaosa səbəb olar. Belə bir situasiyanın yaşanması isə, Moskvanın geosiyasi maraqlarına cavab verir. Ona görə də Birləşmiş Ştatlar çalışır ki, rəsmi Ankaranı bu əməliyyatdan çəkindirsin. 
ABŞ, Türkiyəyə görə Suriyada öz regional maraqlarından əl çəkməyəcək. Suriyada elə bir mürəkkəb vəziyyət yaranıb ki, burada maraqları toqquşan ölkələrin bir-birləri ilə müharibə riski ən üst səviyyədədir. Qeyd edim ki, Suriyada sülhün əldə edilməsi Əsədlə mümkün olmayacaq. Əsəd getdikdən sonra koalisiya hakimiyyəti yaradılıb, ölkədə federal sistem yaradılacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31