Qüdsün İsrailin paytaxtı olmasını kimlər və hansı səbəbə istəyirlər?
Bu günlərdə dünyanın əsas diqqəti yenə Yaxın Şərqdədir. Hər şey Birləşmiş Ştatlar prezidenti Donald Trampın məlum Qüds açıqlaması ilə başladı. Ağ Ev rəhbərinin Qüdsü İsrail paytaxtı kimi göstərməsi və İsraildəki Amerika səfirliyinin buraya köçürülməsi barədə verdiyi açıqlama uzun müddətdən bəri nisbi sabitliyin hökm sürdüyü Qəzza bölgəsini yenidən qarşıdurma məkanına çevirib.
11 Dekabr 2017 11:19 DünyaBu günlərdə dünyanın əsas diqqəti yenə Yaxın Şərqdədir. Hər şey Birləşmiş Ştatlar prezidenti Donald Trampın məlum Qüds açıqlaması ilə başladı. Ağ Ev rəhbərinin Qüdsü İsrail paytaxtı kimi göstərməsi və İsraildəki Amerika səfirliyinin buraya köçürülməsi barədə verdiyi açıqlama uzun müddətdən bəri nisbi sabitliyin hökm sürdüyü Qəzza bölgəsini yenidən qarşıdurma məkanına çevirib. Vəziyyət o qədər ciddi xarakter alıb ki, böyük bir İslam coğrafiyası da Trampın qərarına ciddi etiraz edərək Birləşmiş Ştatlara qarşı adekvat addımlar atmaq istiqamətində hərəkətə keçib. Bəs görəsən bu proseslərin sonu nəylə nəticələnəcək? Politoloq Araz Aslanlı qeyd edir ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı açıqlamasından sonra Azərbaycanda həm Trampın qərarı, həm də bu qərara münasibətimizin necə olmalı olduğu müzakirə edilir. Araz Aslanlının sözlərinə görə, ən qızğın müzakirə onun üstündə gedir ki, biz kimin tərəfini tutmalıyıq: " Ərəblərin (Fələstinin), yoxsa İsrailin? Belə görünür ki, Azərbaycandakı tərəflər Trampdan çox bir-birlərini ittiham edirlər. Hadisələrə sadə vətəndaş kimi müxtəlif prizmalardan baxmaq olar. Məsələn, sırf insani prizmadan, sadəcə bir insan kimi bu prizmadan baxdıqda, Trampın açıqlamasının BMT-nin qərarlarına, ümumiyyətlə beynəlxalq hüquqa zidd olduğu görünür və bu səbəbdən qınanması, rədd edilməsi, tənqid edilməsi normal qarşılana bilər. Bu prizmadan baxıldıqda ümumiyyətlə Fələstində baş verənləri insan hüquqlarının pozulması kimi qınamaq olar. Çünkü əksər hallarda burada xoş olmayan hadisələr baş verir, xoş olmayan mənzərələr ortaya çıxır, amma əksər hallarda bu mənzərələr xarici mediada lazımı qədər yer tutmur. Dini prizmadan, dini kimliyi ön planda tutaraq. Bu prizmadan hər kəs məsələyə öz dini inancına görə baxa bilər. Təbii ki, söhbət inananlardan gədir. Ölkəmizin əhalisinin əksəriyyəti özünü müsəlman kimi gördüyünə görə "din qardaşlarına qarşı atılan addımlar"ın onları narahat etməsi çox təbii qarşılana bilər. Milli-etnik kimliyi ön planda tutaraq: Dini amilləri bir kənara qoyub sadəcə milli-etnik kimliklə baxıldıqda ölkəmizdəki bəzi insanlar problemin Ərəblərlə-Yəhudilər arasında olduğunu, bizim başımıza da çox müsibətlər gətirildiyini, əvvəlcə öz halımıza yanmalı olduğumuzu düşünürlər. İdeoloji prizmadan baxıldıqda. İstər klassik mənada sağçı və ya solçu ideologiyayla, istər liberal baxışla ya da fərqli bir ideologiyayla baxılsın, sionizmi çıxmaq şərtiylə heç bir ideoloji baxış İsrailin təktərəfli genişləmə siyasətini və buna dəstək verən Birləşmiş Ştatların yanaşmalarını tam qəbul etmir; bu və ya digər dərəcədə tənqid edir. Kapitalist məntiqlə maddi mənfəətləri ön planda tutaraq. Burada artıq maddi maraqlar hər şeydən önə keçir. Sizin əməkdaşlıq etdiyiniz işadamlarının etnik və ya dini kimliyi bu məsələyə baxışınızda önəmli ola bilər. Ya da ola bilsin ki, mövqeyinizin müəyyənləşməsi tərəf müqabilinizlə birbaşa əlaqəli olmasın. Amma bir qədər də dərin düşünən birisiniz. Qüdslə bağlı baş verənlərin qlobal və regional iqtisadi proseslərə təsirindən yola çıxaraq mövqe müəyyənləşdirirsiniz. Bütün hallarda yenə də sizin mövqeyinizin müəyyənləşməsi iqtisadi marağınızla bağlıdır. Peşə və sənətin özünəməxsus prizmasından. Həkim kimi, müəllim kimi, iqtisadçi kimi özünəməxsus mövqeyiniz ola bilər. Amma xüsusilə ekspert kimi (bizdə məhşur olan ifadəylə "politoloq" kimi) məsələyə xüsusi baxışınız da ola bilər. Məsələn, başqa sahələr barədə heç nə bilməyən bir politoloqsunuzsa, baş verənləri mediaya çıxmaq üçün fürsət kimi belə görə bilərsiniz".Politoloq deyir ki, bu siyahını bir qədər də uzatmaq olar. Amma aydın məsələdir ki, əksəriyyət xüsusi olaraq son proseslərə, ümumiyyətlə İsrail-Fələstin münaqişəsinə bu amillərin bir neçəsinin təsiri ilə, yəni, ümumən qarışıq prizmadan baxır: "Eyni zamanda hadisələrə qarışıq baxan prizmadan birisi üçün də konkret hallarda bu prizmalardan hansısa biri daha təsiredici ola bilər. Məsələn dəyək ki, ümumən proseslərlə elə də maraqlanmayan ya da maraqlandığı halda mənfi munasibət bildirməyən biri məsciddəykən dini hissləri alovlana, proseslərlə bağlı tənqidi fikirlər səsləndirməyə, hətta İsrailə nifrət etməyə başlaya bilər. Amma ertəsi gün Yəhudi bir işadamı ilə söhbət edərkən maddi maraqlar ön plana çıxar və ürəyində fələstinlilər haqqında əvvəlcədən də sahib olduğu mənfi fikirlər alovlanmağa başlayar, bunu bir az da sərt formada yəhudi işadami ilə söhbətində də deyər".
***
Bəs Azərbaycanın məsələ ilə bağlı rəsmi mövqeyi necə olmalıdır? Politoloq hesab edir ki, Azərbaycan bir dövlət kimi bütün məsələlərə münasibətini formalaşdırarkən vacib strateji maraqlarından çıxış etmək məcburiyyətindədir: "Bunların sıralaması təxminən belədir. Varlığını təminat altına almaq, müstəqilliyini gücləndirmək, ərazi bütövlüyünü təmin etmək. Bunlarla yanaşı ölkədə insan huquq və azadlıqlarının ən yuksək səviyyədə təmini, təhsilin, səhiyyənin, mədəni ehtiyaclarin ödənilməsi və ümumiyyətlə iqtisadi rifah səviyyəsinin yüksəldilməyə çalışılması və bənzər istiqamətlərdəki hədəflər də önəmlidir. Bu hədəflərə çatılması istiqamətindəki addımlar mümkün qədər bir-birləri üçün alternativ olmamalı, amma həqiqətən zərurət yarananda öncəliklər təbii ki, diqqətə alınmalıdır. Son hadisəyə də Azərbaycan dövləti məhz yuxarıdakı öncəlikləri əsasında yanaşmaq məcburiyyətindədir. Dövlət rəsmiləri beynəlxalq münasibətlər sisteminin xarakterinə baxaraq, mövcud prosesə reaksiyanın tərzinin bu münasibətlər sisteminə və ümumilikdə Azərbaycanın maraqlarına təsirini nəzərə alaraq, eyni zamanda bir qayda kimi "ölkənin dəmokratikliyinə paralel şəkildə daxili ictimaiyyətin tələblərini nəzərə alaraq" hərəkət etməlidirlər. Son proseslərin alovlandırıcısı olan Birləşmiş Ştatlar Azərbaycan üçün qlobal imkanları baxımından əhəmiyyətli dövlətdir. Balanslaşdırılmış xarici siyasətin formalaşdırılması və icrası baxımından Azərbaycana faydası dəyən dövlətlərdəndir. Amma Azərbaycan üçün nə müttəfiq, nə də düşmən kateqoriyasındadır. Müstəqilliyin bərpasının ilk illərində ABŞ-ın mövqeyini daha çox nəzərə alırdıq, amma getdikcə etiraz etməyə, qərarlarını tənqid etməyə başladıq. Son qərarı ilə bağlı olaraq Azərbaycanın Birləşmiş Ştatları beynəlxalq hüquq normalarına və BMT-nin qərarlarına hörmətlə yanaşmağa dəvət etməsi normal haldır. İsrail-Fələstin münaqişəsinin birbaşa tərəflərinə baxdıqda, İsrail Azərbaycanın müttəfiqi, ya da düşməni deyil. Amma hərbi-təhlükəsizlik baxımından, eləcə də yəhudi lobbisi də daxil olmaqla digər bəzi istiqamətlər üzrə ikitərəfli münasibətlərdən faydalanmağa çalışırıq. İsrail həm də müəyyən məsələlərə görə Azərbaycana ehtiyac duyan, amma bizi daim bunun tam tərsinə inandırmağa çalışan bir dövlətdir. Fələstin də bizim düşmənimiz, ya da müttəfqimiz deyil. Fələstinin sadəcə dini amilə görə müdafiə edilməsi də strateji cəhətdən əskik yanaşma olardı. Amma dini amil ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan ərazlərinin Ermənistan tərəfindən isğalı (Qarabağ problemi) ilə bağlı mövqeyi, ümumiyyətlə fələstinlilərə qarşı haqsızlıqlar və isğal kimi amillər bizim reaksiyamiza təsir edən amillərdir. Beləliklə Azərbaycan dövlətinin və ümumən cəmiyyətin son proseslər reaksiyası nə Ərəb düşmənliyi və yəhudilərə simpatiya, nə də yəhudi düşmənliyi və sadəcə "İslam həmrəyliyi" çərçivəsində olmamalıdır. Rəsmi reaksiya balanslaşdırılmış xarici siyasətin ruhuna uyğunluqla yanaşı beynəlxalq hüquqa hörməti, bütün maraqlı tərəflərin Azərbaycanın məsələlərinə münasibətinə adekvatlığı, çevikliyi və gələcək addımlarımıza uyğunluğu da əks etdirməlidir. Cəmiyyətimiz isə "İslam həmrəyliyi" adı altında ərəbpərəstlikdən, amma eyni zamanda əslində İsrailin maraqlarına xidmət edən ərəb düşmənçiliyindən nə qədər uzaq dursa o qədər obyektiv münasibətlər ortaya çıxar".
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev deyir ki, ABŞ prezidenti Donald Trampın Yerusəlimdəki Amerka səfirliyinin Qüds şəhərinə köçürülməsi haqqında verdiyi qərarla üç ilahi dinin müqəddəs şəhəri olan Qüds üzərindən qorxunc planlar həyata keçirilməyə başlanıb: "Bəs bu planların arxasında kimlər hansı məqsədlə dayanır? Bu suala cavab vermək üçün Qüds ətrafında baş verənlərin kimlər tərəfindən planlandığına və bu planı quranların inanclarına yaxından diqqət yetirmək lazımdır. Hər kəsə məlumdur ki, Qüdsün İsrailin paytaxtı olmasını istəyən hakim zümrə protestantların bir qolu olan evanjeliklərdir. Bir çox müsəlman evanjeliklərin Qüdsün İsrailin paytaxtı olmasını istəmələrinin onların musəvilərə sevgi və bağlılıqlarından qaynaqlandığını düşünürlər. Lakin bu cür düşünməklə yanılırlar. Çünki protestant inancına baxdıqda protestantlıq və onun əsas qolu olan evanjeliklikdə musəvilərə hz.İsanın qatilləri olaraq baxıldığını görürük. Bəs bu necə bir təzaddır ki, həm evanjeliklər musəviləri hz.İsanın qatili hesab edir, həm də Qüdsün musəvilərin dövləti olan İsrailin paytaxtı olması üçün bütün dünyanı qana bürüyəcək bir müharibəyə razı olurlar? Məsələnin əsl mahiyyətini bilənlər üçün isə əslində, burada heç bir təzad yoxdur. Çünki protestantların inancına görə, musəvilərlə müsəlmanlar arasında böyük bir müharibə baş vermədikcə hz.İsa dünyaya geri dönməyəcək. Belə ki, həmin inanca əsasən, müharibədə xristianların yardımı ilə yəhudilər müsəlmanlar üzərində qələbə çalacaq və hz.İsa dünyaya yalnız bu zaman enəcəkdir. Bundan sonra baş verəcəklər haqqındakı protestantların irəli sürdükləri isə bəhs etdiyimiz məsələyə aydınlıq gətirəcək. Onların iddialarına görə, hz. İsanın dünyaya enişindən sonra protestantların hz.İsanın qatilləri saydıqları musəvilərlə böyük hesablaşmaları olacaq. Təhrif olunan İncilə görə isə 144 min xristianlığı qəbul etmiş yəhudi istisna olmaqla bütün musəvilər xristianlar tərəfindən məhv ediləcək. Hal-hazırda Qüds ətrafında baş verən proseslər hz.İsanın enməsini təmin etmək üçün evanjeliklər tərəfindən planlanır. Məsələnin ən kilid nöqtəsi isə odur ki, öz iddialarının reallaşması yönündə musəvilərdən istifadə edən protestantların özləri də başqa bir güc tərəfindən istifadə olunurlar. Bu güc şeytanın yönləndirməsi ilə dünyada dinsiz sistem qurmaq üçün fəaliyyət göstərən Dəccal və onun komitəsidir. Dəccal komitəsi Allaha, hər üç ilahi dinə və mənəvi dəyərlərə qarşı müharibə elan etmiş dinsiz insanlardan ibarətdir. Bu dinsiz komitənin əsl məqsədi musəvi və xritianlara yanlış istiqamət verərək onları ilkin mərhələdə müsəlmanlarla savaşdırmaq, daha sonra isə müsəvələrin xritianlar tərəfindən yox edilməsini təmin etməkdir. Görüldüyü kimi Qüds üzərində planlanan hadisələrlə heç bir dinin mənsubları üçün xeyir düşünülmür, əksinə mərhələli şəkildə hər üç ilahi dinin yox edilməsi nəzərdə tutulur". İctimai Birlik sədri deyir ki, bu həqiqətlərə rəğmən protestant və musəvilər içərisindəki güc sahibi bir çox qruplar bütün dini qaynaqlarda adı keçən böyük azdırıcı Məsih Dəccalın oyununa gələrək müsəlmanlara qarşı böyük bir müharibəyə hazırlaşırlar: "Bu hadisələr yaşanarkən müsəlmanların üzərinə düşən vəzifə Qurana möhkəm sarılmaları və Peyğəmbərimizin müsəlmanların necə davranmalı olduqlarına dair tövsiyələrinə uyğun hərəkət etmələridir. Peyğəmbərimiz axırzaman müsəlmanlarını hz.Mehdi ilə müjdələmiş və iman gətirənlərin birləşərək Dəccalın bu oyununu pozmalarını tövsiyə etmişdir. Dünya çox böyük bir fəlakətə sürüklənərkən müsəlmanlar dünya miqyasında şeytanın yanlış istiqamətləndirdiyi insanlarla doğruları çatdırmaqla mükəlləfdirlər. İlk olaraq musəvi və xristianlara dinsiz bir komitə tərəfindən aldadıldıqları izah edilməli və gələcəkdə özlərinin də dəccali sistem tərəfindən məhv ediləcəklərinə dair plandan xəbərdar edilməlidirlər. Necə ki, şeytan dayanmadan insanları müharibələrə, qətliamlara, sel kimi qan axıtmağa təşviq edirsə, müsəlmanlar da onun tam əksinə, insanları yorulmadan sülhə, qardaşlığa, mərhəmətə dəvət etməlidirlər. Müsəlmanların baş verən hadisələrə qarşı verəcəkləri ən gözəl cavab İslam birliyinin qurulması üçün dərhal hərəkətə keçmələridir. Unutmamaq lazımdır ki, hər hadisə Allahın yaratması ilə baş verir. Müsəlmanlar hər zaman Allahın ədalətinə güvənməli, Onun hadisələrdə yaratdığı hikməti görməyə çalışmalıdırlar. Allahın bu cür hadisələri yaratması ilə müsəlmanların birləşmələrini, həmrəy olmalarını istəməsi çox açıqdır. Allahın izni ilə müsəlmanların birləşməsi ilə dünyada yaşana biləcək çox böyük fitnə və insan qətliamlarının qarşısı alına bilər. Bunun üçün hər bir müsəlman bir saniyə belə itirmədən bu istiqamətdə bütün gücünü səfərbər etməlidir".
Füzuli