ABŞ-ın Qüds qərarı
Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüds şəhəri ilə bağlı ortaya qoyduğu mövqe Yaxın Şərqdə onsuz da mövcud olan gərginliyi bir qədər də artırıb. Ağ Evə rəhbərliyə gəldiyi ilk gündən prezidentliyi dövründə Yaxın Şərq problemini həll edəcəyini əminliklə vurğulayan Birləşmiş Ştatlar prezidenti son atmış olduğu addımla, əksinə regionda vəziyyəti daha da drammatikləşdirib. Bir qədər də konkretləşdirsək Tramp bu açıqlaması ilə müsəlman dünyası, İslam coğrafiyasının hədsiz nifrətini qazanıb. Bu nifrət hissi Ankaranın, Tehranın, Vaşinqtonun müttəfiqi olmasına baxmayaraq hətta Ər-Riyadda belə hiss edilməkdədir.
7 Dekabr 2017 14:03 DünyaYaxud yetişməkdə olan üçüncü dünya müharibəsi
Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüds şəhəri ilə bağlı ortaya qoyduğu mövqe Yaxın Şərqdə onsuz da mövcud olan gərginliyi bir qədər də artırıb. Ağ Evə rəhbərliyə gəldiyi ilk gündən prezidentliyi dövründə Yaxın Şərq problemini həll edəcəyini əminliklə vurğulayan Birləşmiş Ştatlar prezidenti son atmış olduğu addımla, əksinə regionda vəziyyəti daha da drammatikləşdirib. Bir qədər də konkretləşdirsək Tramp bu açıqlaması ilə müsəlman dünyası, İslam coğrafiyasının hədsiz nifrətini qazanıb. Bu nifrət hissi Ankaranın, Tehranın, Vaşinqtonun müttəfiqi olmasına baxmayaraq hətta Ər-Riyadda belə hiss edilməkdədir. Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə müsəlman ölkələrinin Ankarada Birləşmiş Ştatlar prezidentinin məlum qərarını müzakirə edəcəyi və Vaşinqtona qarşı atılacaq addımların həmin toplantıda ələ alınacağı barədə xəbərlər yayılıb.
Birləşmiş Ştatlar prezidentinin yaratdığı Qüds qalmaqalını bir çoxları xristian-müsəlman savaşının yeni mərhələsi hesab etsələr də, lakin Avropada bununla razılaşmırlar. Hər halda bir sıra Avropa liderlərinin Ağ Ev rəhbərinin məlum qərarını pisləyən açıqlamalar verməsi deyilənləri təsdiqləyir.
Məsələn Almaniya kansleri Angela Merkel Birləşmiş Ştatların lideri Donald Trampun Qüdslə bağlı qərarını dəstəkləmir. Bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bəyan edib. O, qeyd edib ki, Almaniya hökuməti və kansler ABŞ-ın mövqeyini dəstəkləmir. Çünki Qüdsün statusu "iki dövlət formulu" çərçivəsində müzakirə edilməlidir,
Eləcə də Rusiya höküməti Birləşmiş Ştatların Qüdslə bağlı aldığı qərarlara mənfi reaksiya sərgiləyib. Belə ki, HƏMAS-ın Siyasi Büro sədri İsmayıl Həniyyə ilə Rusiyanın xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov Birləşmiş Ştatların Yaxın Şərqi yerindən oynadan qalmaqallı Qüds qərarını müzakirə edib. Görüş zamanı Rusiya rəsmisi ABŞ-ın bu qərarından narahatlıq duyduqlarını bildirib. Birləşmiş Ştatların qərarı ilə razı olmadıqlarını və Qüds məsələsində beynəlxalq qərarların önəmli olduğu vurğulanıb. Rusiya Fələstin xalqı ilə həmrəylik içərisində olduqlarını da bəyan edib.
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarı sülh naminə atılan addımları təhlükə altına qoyur. Bunu isə Fransa parlamentinin deputatı Andre Villiers deyib.Deputat Birləşmiş Ştatlar prezidenti Donald Trampın bu qərarını pisləyib. O, qeyd edib ki, bu qərar sülh naminə atılan addımları təhlükə altına qoyur: "Mən Fransa prezidenti Emmanuel Makronun bu məsələdə mövqeyi ilə tamamilə şərikəm. Yerusəlimin statusu məsələsi İsrail və Fələstin arasında dialoq yolu ilə həll olunmalıdır".
Məlumat üçün qeyd edək ki, Azərbaycan tərəfi də Donald Trampın Qüdslə bağlı mövqeyinə münasibət bildirib. Xarici siyasət idarəsinin sözçüsünün yaydığı açıqlamada bildirilb ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır. O qeyd edib ki, "biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq".
Birləşmiş Ştatların prezidenti Donald Trampın Qüds şəhəri ilə bağlı mövqeyinə cəmiyyətin də münasibəti olduqca etirazedicidir. Birmənalı olaraq cəmiyyət üzvləri Ağ Ev rəhbərinin bu mövqeyinin reallaşmasının qəbuledilməz olduğunu vurğulaylblar. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədriRazi Nurullayev deyib ki, XX əsrin əvvəllərindən, indiki İsrail və Fələstin ərazilərinə yəhudilərin kütləvi şəkildə köçürülməsindən indiyə qədər bu ərazilərdə qarşıdurma və iğtişaşlar səngimir. Bu qarşıdurmalar nəticəsində ərazidə İsrail və qonşu ərəb dövlətləri arasında bir neçə dəfə müharibə də baş verib: "Sonuncu böyük müharibə 1967-ci ildə baş verib və İsrail, Misir, İordaniya, Suriyanın iştirakı ilə 6 günlük müharibəyə Ərəb ittifaqına daxil olan İraq, Səudiyyə Ərəbistanı, Sudan, Tunis, Mərakeş və Əlcəzair kimi digər ərəb ölkələri qoşulmuşdu. Altıgünlük müharibə İsrailin qələbəsi ilə nəticələnmiş və Fələstindən Qəzza bölgəsi , Misirdən Sinay yarımadası, Suriyadan Colan təpələri, İordaniyadan isə Şərqi Qüds və Qərb sahilləri İsrailin nəzarəti altına keçmişdi. Sonradan İsrail Sinay yarımadasından geri çəkilsə də, digər ərazilər özündə saxlamışdır. İsrailin bu qərarı isə BMT başda olmaqla heç bir dövlət tərəfindən tanınmadı. Bu hadisədən sonra İsrail Qüdsü öz paytaxtı olaraq elan etsə də, ABŞ başda olmaqla İsraili dövlət kimi tanıyan, demək olar ki, bütün ölkələr öz səfirliklərini Qüdsdə yox, Tel-Əvivdə açmış və paytaxt olaraq məhz bu şəhəri tanıyıblar. Eyni şəkildə Fələstini dövlət kimi tanıyan Azərbaycan, Türkiyə və İran kimi dövlətlər başda olmaqla əksər dünya ölkələri Qüdsü Fələstin ərazisi hesab etmiş və Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanıyıblar. Bu həftə açıqlandı ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp ABŞ-ın Tel-Əvivdəki səfirliyinin bu şəhərdən Qüdsə köçürüləcəyini deyəcək. Rəsmi açıqlama isə bu gün ediləcək. ABŞ prezidenti artıq Fələstin lideri Mahmud Abbası da xəbərdar edib". AXCP sədri hesab edir ki, əgər belə bir qərar qəbul edilərsə, bu Yaxın Şərqdə zatən səngimək bilməyən münaqişələri daha da alovlandıracaq və İsrail-Fələstin əlaqələrinə zərbə vuracaq və həmçinin bu 2 ölkə arasındakı sülh danışıqlarına da mənfi təsir edəcək: "Biz Birləşmiş Ştatlardan bu qərarını dəyişməsini istəyirik və partiya olaraq bu qərara qarşıyıq. Təbii ki, bizim ABŞ-ın siyasətinə təsir etmək gücümüz yoxdur, lakin biz bu məsələdə ictimaiyyət üçün mövqeyimizi aydın edirik".
AXCP Azərbaycan-ABŞ, Azərbaycan-İsrail, Azərbaycan-Fələstin münasibətlərinin yaxşılaşmasında, daha da inkişaf etməsində maraqlıdır. Və həmçinin ABŞ-İsrail, İsrail-Fələstin əlaqələrinin də daim sülh, dostluq şəraitində davam etməsi və beynəlxalq hüquqa əsaslanması arzusundadır. Lakin bizcə, bu cür qərarlar kifayət qədər narazılıqlar yaradacaq: "Bu həm də Birləşmiş Ştatların qlobal dünyada oynadığı rola uyğun deyil. Çünki Birləşmiş Ştatlar hökuməti sülh və əməkdaşlıq barədə daha çox danışır və əgər sözügedən qərar qəbul edilərsə, Birləşmiş Ştatların İslam dünyası, müsəlman ölkələrilə, o cümlədən ABŞ-ın müttəfiqi olan Türkiyə ilə də münasibətləri pozulacaq. Bütün bunlara görə, biz AXCP olaraq ABŞ rəhbərliyini səfirliyini Qüdsə köçürməkdən, dolayısı ilə Qüdsü İsrailin paytaxtı olaraq tanımaqdan çəkinməyə çağırırıq".
Beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova deyib ki, Birləşmiş Ştatların Qüdsü paytaxt olaraq tanımaq istəyi artıq hegemonluq, qlobal liderlik yox, birbaşa neo-imperializmdir: "Beynəlxalq hüquq de-fakto yoxdur. Çünki müasir beynəlxalq münasibətlərin məhək daşı - Vestfaliya sistemi çürüyür, Yalta-Potsdam sistemini ayaqda tuta biləcək hərbi güc balansı pozulub. Bu nizamın sonu nə ola bilər? Avropa Birliyi, Çin, İran, Rusiya, Türkiyə Birləşmiş Ştatlara qarşı duracaqlar. Başqa çarə yoxdur. Baxın, bizim Çinlə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars boş yerə bu qədər qiymətli deyildi. Səbəbi vardı. İran da bura boş yerə qoşulmur. Rusiya da qoşulacaq. Zamanı var. Rusiya Ermənistanı Avropaya elə belə peşkəş eləmədi. Avropa özünə elə belə NATO yaratmır. İran da Xəzərin statusu məsələsindəki inadından elə belə əl çəkmədi. Misallar çoxdur. Ən əsası. İngiltərə Avropa Birliyindən çıxmağa tərəddüd edirsə, demək qitədə vəziyyət həqiqətən ağırdır. İngiltərənin siyasəti hər şeyi deyir. Bu dövlət o zaman kontinental Avropaya qayıdır ki, dünya nizamı Avropanın zərərinə pozulub və müharibə başlaya bilər. Üçüncü dünya müharibəsindən Allah qorusun".
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qüds problemi-Husilərin Məkkə və Mədinəyə yolun açdı: "Birləşmiş Ştatlar prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etdi. Bu qərar Birləşmiş Ştatlarıın beynəlxalq siyasətdə strateji səhvi və islam aləminə zərbəsidir. Qüds şəhəri səmavi dinlərin beşiyi və birləşdiyi tolerantlıq statusuna malik bir şəhərdir .Təssüf ki, Donald Trampın bu qərarı yəhudi lobbisinin təsiri ilə həyata keçdi. Hazırda İslam dünyasına qarşı bəlli mərkəzlərdən hücumlar edilir. İslam adı ilə ortaya atılan İŞİD, Al-Qaida, Əl-Şabab və digər terror təşkilatları, məhz Qərbin məqsədyönlü siyasətinin planıdır. Məqsəd İslamı parçalamaq və islamafobiyanı dünyaya yaymaqdır. Qeyd edim ki, Yaxın Şərqdə Qüdsün işğalı, bu regionda xaosun və anarxiyanın dava etməsinə səbəb olacaq. Amma Donald Trampın bu qərarından sonra, son üç il ərzində səfirlik Qüdsə köçürülməyəcək. Üç ildən sonra, ola bilər ki, səfirlik köçürülməsin". Politoloq deyir ki, Birləşmiş Ştatlar prezidenti tərəfindən verilən bu qərar, dünyada dinlər arasında dözümsüzlüyü artıracaq və birgə əməkdaşlığa zərbə vurmuş olacaq: "Yaxın Şərqdə cərəyan edən bu hadisələr fonunda Səudiyyə Ərəbistanı susqun siyasət aparır. Bu regionda üç müqəddəs şəhər olan Məkkə, Qüds və Mədinə demək olar ki, müəyyən güclərin nəzarəti altındadır. Müsəlmanların bu şəhərlərə ziyarətində çox ciddi problemlər yaradılır. Qeyd edək ki, Səudiyyə Ərəbistanın Məkkə və Mədinə şəhərlərinin nəzarətə götürülməsi, Yəməndə Husilərin apardığı müharibənin bir planıdır. Husilər Yəməndə hakimiyyəti ələ alıb, Səudiyyəni parçalamaq, Məkkə və Mədinə şəhərlərini nəzarətə götürməyə çalışacaqlar. İranında Husilərə hərbi yardımında məqsədlərindən biri məhz budur. Bu gün Səudiyyə Ərəbistanı təhlükə ilə üz-üzədir və parçalanması üçün istənilən qığılcım yetərlidir". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Qüds şəhərinin problemini sükutla qarşılayan Səudiyyə Ərəbistanı müddətdən sonra, Məkkə və Mədinəni husilərin nəzarətində görə bilər: "Bu müddət müəyyən illər də çəkə bilər. Necə ki, İsrail 2500 il bundan əvvəl iddia etdikləri şəhəri indi nəzarətə götürür. Husilərdə Məkkə və Mədinəni nəzarətə götürməsi üçün əməliyyatlarını davam etdirəcəklər. Səudiyyə Məkkə və Mədinəni qoruya bilməyəcək. Bu müqəddəs şəhərlər Qərbin işğalına məruz qalarsa, burada islamn izləri silinə bilər".
Süleyman