Ölkədə anarxiya və qarşıdurma yaratmaq istəyən gənclər dini cəhətdən savadsız gənclərdir
Son vaxtlar İslam dinini gözdən salmaq, onu aşağılamaq, terror, dağıdıcılığa meyilli bir din kimi qələmə vermək üçün müxtəlif cəhdlər göstərilir. Təəssüflər olsun ki, Qərbdən idarə olunan bu ssenariyə bəzi dindar kəsim də dəstək verir. Daha doğrusu ayrı-ayrı müsəlman ölkələrində planlı şəkildə yaradılan bu və ya digər təşkilatlar vasitəsilə İslamda parçalanmağa yaratmağa çalışılır.
29 Noyabr 2017 13:24 DünyaƏkrəm Həsənov: "Belə şəxslərə inanmaq, onların ardınca getmək ancaq özünü təhlükəyə atmaq deməkdir"
Son vaxtlar İslam dinini gözdən salmaq, onu aşağılamaq, terror, dağıdıcılığa meyilli bir din kimi qələmə vermək üçün müxtəlif cəhdlər göstərilir. Təəssüflər olsun ki, Qərbdən idarə olunan bu ssenariyə bəzi dindar kəsim də dəstək verir. Daha doğrusu ayrı-ayrı müsəlman ölkələrində planlı şəkildə yaradılan bu və ya digər təşkilatlar vasitəsilə İslamda parçalanmağa yaratmağa çalışılır. Müasir dövrümüzdə Qərbin diqtəsi və ssenari əsasında yaradılan İŞİD terror təşkilatı da məlum ssenarinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən, İslamı terrorçu bir din kimi qələmə verməyə çalışan qruplaşmalardandır. Onun əsas məqsədi xəlifəlik idarə sistemi yaratmaqdır. Elə bir müddət əvvəl sözügedən terror təşkilatının nəzarət etdiyi bölgələrdə də eyni ssenari icra edilirdi. Məsələ ilə bağlı fikirlərini bildirən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun sözlərinə görə, İslam dinində bir çox vacib məsələlər vardır ki, bunlardan biri də əmir məsələsidir. O, bildirib ki, bu məsələni islam aləmində bəzi radikallar ixtilaf halına gətirib: "Əslində hər şey ortadadır. Belə ki, bu gün artıq xəlifəlik mövcud deyildir. Xəlifəlik dördüncü xəlifə Həzrəti Əli ilə yekunlaşıb. Amma bu gün bəzi təkfirçilər ortaya çıxıb xəlifəlik fikrini aşılayaraq ayrı-ayrı ölkələrdə "xəlifəlik" qurmaq həvəsinə düşüblər. Belə avamlar iddia edirlər ki, "bu günkü bütün dünyada olan dövlətlər və həmin dövlətlərin hakimiyyəti, hətta müsəlman ölkələrində olan müsəlman dövlət başçıları və bütün yer üzərində icra olunan məsələlər şəriətlə tətbiq olunmur. Heç bir dünyada və xüsusilə Azərbaycanda hüquqi məsələlər şəriətlə icra olunmur. Amma əslində bütün hüquq sistemləri şəriətlə icra olunmalıdır. Əlbəttə bu belə olsa yer üzərində ədalət, tərəfsizlik, bolluq, insanlar arasında xoş münasibət olar. Buna heç kim etiraz edə bilməz. Bunun olmasını isə hamı istəyər". Bu onların özləri üçün formalaşdırdığı fikirlərdir. Amma bu gün bütün yer üzərində İslama dəvət gedir və gənclər İslam dinini qəbul edirlər, onun müəyyən vacib və fərz ibadətlərini yerinə yetirirlər. Bu təqdirə layiqdir. Bu sevindirici haldır. Yer üzərindəki müsəlmanların çoxluğu onların hər birinin qəlbində sevinc və qürür yaradır. İmanlarını gücləndirir. Amma bütün dünyada hakimiyyətə gəlmək üçün müəyyən qüvvələr bu məsələləri ortaya atırlar. Fikir versəniz görərsiniz ki, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr bu metodlardan istifadə edirlər. Bu siyasi qüvvələrin fikirləri bütün dünyada yayıldığı kimi Azərbaycanda da yayılıb. Bir qrup müsəlman gənclər camaat namazlarını tərk edir, Cümə namazlarına gəlmir, məscidlərə getmir, məscidlərə gəlib ibadət edənlərə rişxəndlə yanaşırlar. İddia edirlər ki, əgər dövlətin idarəsi müsəlmanlarda deyilsə orada cümə namazı qılmaq, məscidə getmək doğru deyil. Bu fikirdə olan insanlar bir neçə il əvvəl çox azlıq təşkil edirdilər. Ancaq onlar bu yalnış fikirlərini yaymağa davam edib artıq bu gün ölkəmizdə bir neçə məscidi öz əllərinə keçirməyə cəhd edirlər. Həmin məscidlərdə öz fikirlərini yaymaq istəyirlər. Ölkəmizdə çox az sayda belə təhlükəli məscid axundu vardır ki, onlar ümumən müsəlman xalqını təkfir edirlər. Əlbəttə bu kiçik və sayı az olan qüvvələrin fikirlərinin yayılması cəmiyyətimiz üçün çox təhlükəlidir". Əkrəm Həsənov deyir ki, onların üstündə durduğu ən aktual məsələlərdən biri də dövlət idarəsini həyata keçirən insanların üstündə dayanmalarıdır: "Amma nəzər salsan baxarsan ki, onların əllərində hakimiyyyətə real namizədləri belə yoxdur. Təbiidir ki, ona görə də onlar tələsirlər. Onlar əvvəlcə elm öyrənməli, şəriətin bütün elmlərini yaxşı qavramalı dərk etməli, həyata keçirib yaşamalı, sonra isə güclü və məntiqli mühakimə yürütmə qabiliyyətinə sahib olmalı, xalq, camaat tərəfindən tanınmalı, sevilməli və hörmət göstərilməlidir. Amma onlardan bəziləri bunun əksini iddia edirlər. Məsələn, onların yalnış cəhəti budur və deyirlər ki, kimisə seçib ona beyət edilməsi lazım deyil. Əsas odur ki, əmir insanların məsləhətini qarşılayan biri olmalıdır. Təbiidir ki, bütün əmirlər onsuz dainsanların məsləhətini qarşılayır. Sonra onlar deyirlər ki, mütləq deyildir ona tabeçilik göstərəsən. Bir sözlə bu gənclər bir sözləri ilə digər sözlərini inkar edirlər. Sonra da dövlətə, hakimiyyətə və o dövlətin və hakimiyyətin bütün icraçılarına və günahsız xalqa kafir deyirlər. Bu söz böyük bir sözdür. Çünki onlar ilk əvvəl kafir deməyə başlayırlar. Sonra isə kafirin canı, malı, qanı halaldır deyirlər və fəsad törədirlər. Dinc müsəlmanları öldürürlər. Təfriqə yaradırlar. İnsanları, xüsusilə dinə təzə gələn gəncləri çaşdırırlar. Allah təala təkfirçilərin şərrindən biz müsəlmanları qorusun". İlahiyyatçı qeyd edir ki, bu kimi insanlar bu gün Azərbaycanda öz fikirlərini sosial şəbəkələrdə, çayxanalarda yaymağa nail ola bilirlər: "Bunlara xəvaric (yəni dindən çıxıb müsəlmanlarla müharibə aparan), təkfirçi (müsəlmanlara kafir deyən), hizbçi, cihadist, cihadçı və s. adlar vermək olar. Gülməli və bir də ağlamalı tərəfi budur ki, özü hələ ərəbcə bilmir, heç Quranda nə yazılmasından belə xəbəri yoxdur, yaxud da hələ dini təzə öyrənməyə başlayır. Buna baxmayaraq elmdə irəlidə olana tənə edir, dənizin dərinliyinə baş vurur. Dənizdə üzməyi bacarmayan adam dənizin dərinliyinə baş vuranda boğulması qaçılmazdır. Əlbəttə o boğulacaq. Çünki əvvəl dənizdə üzməyi bacarmaq lazımdır, öyrənmək lazımdır. Sonra isə üzmək lazımdır. İslamda böyük izlər və əsərlər qoyub məşhur olan din alimlərinə hörmət göstərmir, halbuki özü bir-iki kitab ya oxuyub və ya oxumayıb. Məscid imamlarının müəyyən bir sözünü sitat olaraq götürüb digər sözünü ələ almadan camaatı azdırmaq istəyir və guya elə göstərir ki, hansısa məscid imamı hansısa bir sözündə xəta edir. Bu yaxınlarda belə söz-söhbətlərə görə nə qədər məscidə gələnlər məsciddən ayrılıb "cihad" adı ilə Suriyaya gedib orada öldülər. Bunlar eyni zamanda məscidə gələnləri belə kafir hesab edirlər. Həmin müsəlmanı kafir elan edən bu təkfirçi gənc eyni zamanda dəvət zamanı yenə də Qurandan öz istəyinə uyğun olaraq bir ayə gətirir, digər ayəni gətirmir. Ona görə də Quranı hələ təzə-təzə oxumağa başlayan biri o dəqiqə Qurandan bir ayə gətiriləndə təkfirçiyə inanır və onun tələsinə düşür. O gənc unudur ki, şeytan ilk dəfə Cənnətdə Adəmi bu metodla aldatdı. Bu əhvalat hamıya məlumdur. Belə ki, şeytan Adəmə and içərək dedi ki, əgər əbədi yaşayanlardan olmaq istəyirsənsə sənə böyük bir şey göstərim. Beləliklə Allaha and içib Adəmə qadağan olunan ağacdan ona yeməsini nəsihət etdi. Beləliklə Adəm Cənnətdən yer üzünə endirildi. Təkfirçilər Məhəmməd Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) hədislərini söhbətləri zamanı dəlil olaraq gətirdikdə, yenə də, metodlarına uyğun olaraq, yalnız özlərinə sərf edən hədisləri dəlil gətirilər. Bununla da hədisi bilməyən və təkfirçini dinləyən gənc hədis eşidən kimi aldanır və bununla bağlı digər hədisləri bilmir və ya hədisə əmin olub digər hədislərə baxmır. Yenə də aldanır. Həmçinin alimlərin sözləri məsələsində də təkfirçilər özlərinə sərf edən sitatı deyib, digərini inkar edir və ya gizlədir. Bununla da heç nə bilməyən gənc müsəlmanları aldadırlar. Buna bir misal gətirəcəm. Bu təkfirçilərdən biri bir forumda məşhur bir alimin sözünü əmir məsələsində dəlil gətirir, sonra o alimin sözünü özü istədiyi şəkildə fırladır. Amma unutmaq lazım deyil ki, hər birimiz ədalətli olmalıyıq. İnsanlara İslamı ən gözəl bir tərzdə öyrətməliyik. Bizim Allahdan və sonra da biz müsəlmanlardan başqa heç bir dayanacaq yerimiz yoxdur. Ona görə də müsəlmanlar ancaq qardaşdırlar və onların arasına təfriqə salan onlara yaxşı qardaş ola bilməz. Yaşadığımız ölkədə də anarxiya və qarşıdurma yaratmaq istəyən gənclər belə dini cəhətdən savadsız olduqları qədər, dünyəvi elmləri də olmayan gənclərdir. Bu səbəblə belə şəxslərə inanmaq, onların ardınca getmək ancaq özünü təhlükəyə atmaq deməkdir. Belə cərəyanlara qoşulanlara Allahdan qorxmağı, təqvalı olmağı, müsəlman camaatdan ayrılmamağı, cümə namazlarına gəlmələrini nəsihət edirəm. Eyni zamanda yaşadıqları ölkəni, dövləti sevmələrini, vətənləri üçün faydalı işlər görmələrini onlara tövsiyə edirəm". Əkrəm Həsənov onu da qeyd edib ki, müasir dövrümüzdə müsəlmanlar uzun müddətdir ki, ayrı-ayrı müstəqil dövlətlər halında yaşayırlar. Hər biri fərqli idarəçilik sistemi, fərqli dövlət başçısı tərəfindən idarə olunur. Hamısının başçılığında heç bir böyük xəlifə dayanmır: "İslam alimləri yekdil rəyə gəliblər ki, hər bir dövlətin başında olan dövlət başçısına itaət etmək hamıya vacibdir. Yəni, hər bir ölkənin dövlət başçısına itaət etməyin vacib olması məsələsində bütün islam alimləri həmfikirdirlər. Hər dövlətin ayrı yönətimi, ayrı bir sistemi, ayrı idarəçiliyi, ayrı müqavilələri və ayrı bir qanunu vardır. Bir müsəlman ölkəsinin özünün bağladığı hansısa müqaviləyə və razılaşmalara digər bir müsəlman ölkəsi daxil deyildir. Bu məsələyə qeyri müsəlman dövlətlərlə aparılan müqavilələr və razılaşmalar da daxildir. Bir müsəlman ölkəsinin müqavilə bağladığı qeyri-müsəlman bir ölkə ilə müharibə aparması şəraitində digər müsəlman ölkəsinin qarışmaması lazımdır. Bu onların həmin ölkələrlə olan əhdinin pozulmasına səbəb deyildir. Çünki hər bir ölkənin bağladığı müqavilə ayrıdır. Belə ki, Peyğəmbərimiz Qureyşlə Hüdeybiyyə müqaviləsini bağladığı vaxt Məkkənin zülmündən qaçan, Əbu Bəsir və Əbu Cəndəl kimi müsəlmanlar və onlara tabe olan müdafiəsiz, zəif bəzi kimsələrin müşriklərə etdikləri hücumlar və Məkkə kafirlərinin yolunu kəsmələri peyğəmbərimizə aid edilməmiş, Qureyş tərəfindən bu səbəb kimi göstərilərək müqavilə pozulmamışdır. Onlar tam mənası ilə müstəqil dövlət timsalında idilər".
S.İsmayılbəyli