İŞİD Şimali Qafqaz və Əfqanistana "hicrət" edir?

Artıq bir neçə gündür ki, həm Rusiya, həm Türkiyə, həm də İran mediası, kütləvi informasiya vasitələrində üç ölkə prezidenti, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin Rusiya Federasiyasının Soçi şəhərində keçirdiyi görüş geniş müzakirə edilir, görüşdə müzakirəyə çıxarılan məsələlər, üçtərəfli əməkdaşlığın gələcək perspektivləri, eləcə də bu əməkdaşlığın yaxın-uzaq regionlara mümkün təsirləri ətrafında mülahizələr, ehtimallar səsləndirilir.

Artıq bir neçə gündür ki, həm Rusiya, həm Türkiyə, həm də İran mediası, kütləvi informasiya vasitələrində üç ölkə prezidenti, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin Rusiya Federasiyasının Soçi şəhərində keçirdiyi görüş geniş müzakirə edilir, görüşdə müzakirəyə çıxarılan məsələlər, üçtərəfli əməkdaşlığın gələcək perspektivləri, eləcə də bu əməkdaşlığın yaxın-uzaq regionlara mümkün təsirləri ətrafında mülahizələr, ehtimallar səsləndirilir. Burada ən diqqət çəkən detal isə prezidentlərin görüşündə xüsusi bir məqama vurğulanmasıdır. Belə ki, KİV-lərin iddiasına görə Ərdoğan-Putin-Ruhani görüşündə xüsusilə İŞİD terror təşkilatının Qafqaza doğru transfer olması və bunun ağır nəticələri müzakirə olunub. Hər üç ölkə belə bir təhlükənin meydana gələ biləcəyindən öz əndişəsini ifadə edib. Və belə bir təhlükənin qarşısının vaxtında alınması üçün adekvat addımların atılması zəruri sayılıb. İŞİD-in Qafqaz regionunu hədəf seçməsi və bu regiona transfer etməsinin başlıca səbəbi və məqsədi də aydındır. Məlumdur ki, hər üç ölkə Rusiya, Türkiyə və İran Suriyada İŞİD terror təşkilatına qarşı mübarizədə həmrəydir, demək olar ki, eyni cəbhədən çıxış edirlər. Və hər üç ölkənin Qafqaz regionunda öz maraqları var və həmin maraqlar çərçivəsində Tehran, Ankara və Moskvanın da yerləşdiyimiz coğrafiyada əməkdaşlığı mövcuddur. Ona görə də İŞİD terror təşkilatı Suriya və İraqda qeyd edilən üçlü əməkdaşlığın nəticəsindən dolayı üzləşdiyi uğursuzluğun əvəzini məhz bu regionda, yəni Qafqazda çıxarmaq istəyir. Qeyd etdiyimiz kimi həm Türkiyə, həm Rusiya, həm də İran yerləşdiyimiz coğrafiyada kifayət qədər mövqelərə malikdir və sözügedən terror təşkilatının da məhz Türkiyə, İran və Rusiyaya zərbə vurmaq üçün Qafqaz regionuna doğru istiqamət götürdüyü bildirilir. Bəs görəsən bu barədə ekspertlər nə düşünür? Ümumiyyətlə, Rusiya, Türkiyə və İran prezidentlərinin Soçi görüşündə İŞİD terror təşkilatının regiona doğru istiqamət götürməsi və onun mümkün təhlükələri ətrafında fikir mübadiləsi aparılıbmı? Və Ankara-Moskva-Tehran üçlüyü bu təhdidi necə aradan qaldıra bilər?

Politoloq Mütəllim Rəhimli deyir ki, Türkiyə, Rusiya və İran prezidentlərinin Soçi görüşündən sonra verdikləri açıqlamalar maraqlı nəticələr çıxarmağa imkan verir. Onun sözlərinə görə, İŞİD terror təşkilatından təmizləndikdən sonra yeni Suriyanın qurulması prosesini üç dövlətin nəzarət altına götürmək və beləliklə, regionda təşəbbüsü ələ almaq istəkləri görünür: "Bu istəyin arxasında bu ölkələrlə müttəfiq olmayan dövlətlərin və onların dəstəkçiləri ABŞ və Avropa ölkələrinin regionda təsir imkanlarını sıfra yaxınlaşdırmaq durduğunu da qeyd etmək lazımdır. Regiona nəzarətin o qədər asan bir iş olmadığını üç dövlət başçısının bilməməsi mümkün deyil. Onlar ən azı Səudiyyə Ərəbistanı, İsrail, Birləşmiş Ştatlar üçlüyünün öz müttəfiqləri ilə birlikdə regionda yeni təlatümlər yaradacağını hiss edirlər. Bunun üçün onların əlində ən yaxşı silah PKK-PYD və üzə çıxması gözlənilən yeni bir islami qruplaşma ola bilər". Politoloq deyir ki, Moskva Rusiyada keçirilməsi planlaşdırılan Suriya Milli Konqresinə PKK-PYD qüvvələrinin də qatılmasını istəyir: "Son vaxtlar Birləşmiş Ştatlardan külli miqdarda silah-sursat alan bu qruplaşma az qala nizami ordu səviyyəsinədək qaldırılmaqdadır. Türkiyə tərəfi də, elə prezident Ərdoğanın özü də bu yaxınlarda Birləşmiş Ştatların PYD-yə 2 min TIR silah göndərdiyini açıqlamışdı. Görünür, Rusiya müasir silahlarla silahlanmış və döyüşlərdə az-çox bərkimiş bir qüvvənin tamamilə qarşı tərəfin nəzarətinə keçməsinə imkan vermək istəmir. Bu səbəbdən də PKK-PYD-nin Suriyanın gələcəyi ilə bağlı danışıqlarda iştirakını arzulayır. Putin burada Ankaranın da maraqlarını nəzərə alaraq danışıqlarda Suriya daxilindəki bütün güclərin iştirak etməsinin də mümkünlüyünü vurğulayıb. Bu təbii ki, Ankaranın daimi olaraq dəstəklədiyi, Rusiyanın isə həmişə ona qarşı vuruşduğu və hazırda məğlub durumda olan Suriya müxalifətidir. Ankara isə öz ərazi bütövlüyünü təhdid edən kürd separatçılarının Suriyanın yenidən qurulması prosesindən uzaq tutulmasını istəyir. Bunu Soçi görüşündən sonra prezident Ərdoğanın verdiyi açıqlamasından da açıq-aşkar görmək mümkündür. O qeyd edib ki, "heç kim bizdən terror təşkilatı ilə eyni qurumda yer almağımızı gözləməsin. Suriyanın ərazi bütövlüyünə olan hörmətimizi ifadə ediriksə, əli qanlı bir çeteni legitim aktyor olaraq qəbul etməməliyik".
Mütəllim Rəhimilinin sözlərinə gör, İran prezidenti Həsən Ruhaninin açıqlaması isə göstərir ki, bu ölkənin mövqeyi Rusiya ilə üst-üstə düşür. Baxmayaraq ki, kürdlərin İrana qarşı da ərazi iddiaları mövcuddur: "Hadisələrin təhlili göstərir ki, əks tərəfin regiona nəzarət uğrunda artan təzyiqləri Rusiya-Türkiyə arasında ortaq mövqenin əldə edilməsinə səbəb ola bilər. Amma bununla belə yaxın gələcəkdə bu iki ölkə arasında anlaşma nöqtələri tapılmazsa Suriyada, eləcə də regionda yeni qanlı toqquşmalara şahidlik etməli olacağıq".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Suriyada və İraqda İŞİD terror təşkilatının məğlub edilməsi fonunda terror qruplaşması, əsasən Şimali Qafqaz və Əfqanistanda cəmləşməyə cəhd edirlər: "Əfqanistanda artıq İŞİD-ın təxminən 4 minə yaxın üzvü var. Silsilə kamikadzelər həyata keçirməklə terror təşkilatı üzvülərinin sayını artırır, həmçinin burada hakimiyyət uğrunda mübarizəyə başlayır. Əfqanistanda İŞİD terror təşkilatının üzvülərini əsasən Özbəkistan əsillilər, şimali Qafqazda isə çeçenlər üstünlük təşkil edir. Bu regionlara terrorun yayılması, qlobal güclərin Rusiya və Çinin ətrafında halqa yaratmasının nəticəsidir. Əfqanistanda İŞİD Mərkəzi Asiyaya sızaraq, Özbəkistanda və Qırğızıstanda daha da üzvülərinin sayının artıracaq". Politoloq hesab edir ki, Şimali Qafqzada İŞİD terror təşkilatının fəallaşması Azərbaycanın təhlükəsizliyini təhdid edən əsas faktorlardan biridir. Gürcüstanda ötən günlərdə yaşanan antiterror əməliyyatı göstərir ki, regionda artıq terror qruplaşması yer eləməyə başlayıb: "Azərbaycan şimal sərhədlərini möhkəmləndirməli, terrora qarşı təhlükəsizlk tədbirlərini gücləndirməlidir. Əfqanistanda möhkəmlənən İŞİD, həmçinin Özbəkistanda fəallarının artması fonunda, yaxın perspektivdə terrorun yeni dalğasının şahidi ola bilərik. Əfqanistanda artıq İŞİD Talibanla silahlı qarşıdurmaya gedir. Əfqanistanda İŞİD möhkəmlənməsi, Rusiyanın İŞİD-ə qarşı Talibanı silahlandırmasına səbəb olur. Bu da Əfqanistanda yeni sabitsizliyə yol açır. Göründüyü kimi Suriyada gedən geosiyası savaş başa çatdıqca, yeni qarşıdurma meydanı Əfqanistan və Mərkəzi Asiya olcaq. Əsasən Əfqanistanda yeni müharibənin alovlanması an məsləsidir. Şimali Qafqaz və Əfqanistanda xüsusi ilə Mərkəzi Asiyada terror təşkilatının güclənməsi və təhüləkəsizliyin zəifləməsi ABŞ-ın strateji siyasətinin tərkib hissəsidir. Nəzərə alaq ki, qeyd etdiyim regionlarda Rusiyanın təsir dairəsi genişlənir. ABŞ bu regionlarda Rusiyanın zəifləməsi istiqamətində yeni siyasətini ortaya qoyacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31