Türkiyə Rusiya və İranla birlikdə Qərbin regiondakı dayaqlarını zəiflətdi
Suriya problemi üzrə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü beynəlxalq münaqişənin həlli istiqamətində mühüm dönüş nöqtəsidir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
23 Noyabr 2017 13:37 DünyaSuriya problemi üzrə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü beynəlxalq münaqişənin həlli istiqamətində mühüm dönüş nöqtəsidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiya, İran və Türkiyənin kordinasiyalı şəkildə Suriyada apardığı vəkalət müharibəsi qələbənin bir addımlığındadır: "Rusiya Əsədin hakimiyyətini qorumaqla, birbaşa Yaxın Şərqdə güclü hərbi-siyasi gücünü ortaya qoymuş oldu. Əsədin Soçiyə gəlişi, birbaşa Putinin siyasi qələbəsinin göstəricisidir". Politoloq deyib ki, Qərb koalisiyası Suriyada Rusiya ilə toqquşmadan çəkindi. Çünki, Suriyada Rusiyanın hərbi bazası var, həmçinin Rusiya Əsədin rəsmi xahişi ilə bu ölkədə hərbi əməliyyatlara başlayıb: "Suriya böhranı başlayandan Rusiya və İran birgə şəkildə fəaliyyət göstərirdi. Türkiyə isə Əsədin getməsinə çalışırdı. Qərblə Ərdoğan arasında yaşanan soyuq siyasət, Ankaranın Rusiya ilə yaxınlaşmasına səbəb oldu. Bu siyasi yaxınlaşma, Suriya siyasətində də özünü göstərir. Əsədin getməsini daimi vurğulayan Cənab Ərdoğan Rusiyanın istəyi ilə Soçidə Əsədin hakimiyyəti ilə artıq barışır. Bəli, Türkiyə hakimiyyəti Soçidə Rusiya və İranın istəyi ilə Dəməşqlə əlaqələrin bərpası üçün addımlar atacaq. İlk növbədə, bu, Ankaranın silahlı müxalifətə dəstəyin kəsilməsi ilə özünü göstərməlidir. Əgər, Ərdoğan Əsədin hakimiyyəti ilə razılaşmasa idi Rusiya və İranla danışıqlara getməzdi". Politoloqun sözlərinə görə, Yaxın Şərqdə geosiyasət elə bir vəziyyətə gəlib ki, Rusiyanın başçılığı altında Türkiyə, İran və Suriya ortaq siyasi mövqe ortaya qoyacaq: "Qeyd edim ki, bu siyasi ortaqlıq getdikcə ittifaq formatına gələ bilər. Ərdoğan hakimiyyəti, Suriyanın bütövlüyü naminə Əsədin hakimiyyətdə qalmasını qəbul etdi. Qərb Suriyada daha fərqli və çevik siyasət aparsaydı, Türkiyə və Qərb birlikdə qələbə qazanardı. Rusiya və İranın regionda təsiri zəifləyərdi. Göründüyü kimi, Türkiyə Rusiya və İranla birlikdə Qərbin dayaqlarını regionda zəiflətdi".