Atambayevdən sonra Qırğızıstan iqtisadiyyatını dirçəltmək mümkün olacaqmı?
Bu günlərdə Qırğızıstan mətbuatında, eləcə də sosial şəbəkələrdə ölkənin sabiq prezidenti Almazbek Atambayevin ölkədəki 7 illik fəaliyyətinə dair materiallar yer almaqdadır. Yerli iqtisadi ekspert və analitiklərin fikirlərinə istinadən hazırlanan materiallarda iddia olunan fikirlərin oxucularımız üçün də maraqlı olacağını düşünürük.
17 Noyabr 2017 12:44 DünyaBu günlərdə Qırğızıstan mətbuatında, eləcə də sosial şəbəkələrdə ölkənin sabiq prezidenti Almazbek Atambayevin ölkədəki 7 illik fəaliyyətinə dair materiallar yer almaqdadır. Yerli iqtisadi ekspert və analitiklərin fikirlərinə istinadən hazırlanan materiallarda iddia olunan fikirlərin oxucularımız üçün də maraqlı olacağını düşünürük. Yerli mətbuatın yazdığına görə prezident postunu tərk etməyə hazırlaşan Almazbek Atambayev özündən sonra Qırğızıstanda dağıdılmış ölkə iqtisadiyyatı, tar-mar edilmiş milli sərvətlər və oğurlanmış dövlət büdcəsini qoyub gedir. Halbuki, 7 il əvvəl həmin qırğız xalqı onu öz əllərində hakimiyyətə gətirərək, prezident kürsüsündə oturtmuşdu. Ekspertlərin sözlərinə görə, indi də o, xalqından görmüş olduğu hörməti , ölkə iqtisadiyyatını xaosa sürükləməklə , artıqlaması ilə qaytarmaqdadır. Analitiklər belə hesab edirlər ki, A.Atambayev hakimiyyətdə olduğu bu illər ərzində hətta dövlətin suverenliyi belə təhlükə altına qoyulub. Başqa sözlə, Qırğızıstan digər dövlətin vassal bir əyaləti statusunu alıb. İqtisadçı ekspertlər qeyd edirlər ki, hakimiyyətə gələrkən A.Atambayevin Türkiyədə yalnız kiçik bir biznesi olub. Sonrakı illərdə o elə bir rejim yaradıb ki, yerli sahibkarlar ölkədən pərən-pərən düşüblər. Əvəzində isə türkiyəli biznesmenlərə münbit şərait yaratmağın müqabilində, o, öz biznesini genişləndirə bilib. Hazırda ölkədə demək olar ki, bütün sahələr-maşınqayırma, tikinti sektoru, cihazqayırma, kənd təssərüfatı sahəsi və s. hamısı türk şirkətlərinin nəzarətindədirlər. Yeri gəlmişkən , ekspertlər belə hesab edirlər ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarlarına daxil olmaq üçün Qırğızıstan məhz istambullu biznesmenlərin xidmətindən aktiv şəkildə yararlanmışdır. Və qarşı tərəf də bu "hörməti" cabavsız qoymayıb. İqtisadçı analitiklərin hesablamalarına görə, A.Atambayevin Türkiyədəki biznesi ötən 7 ildə çiçəklənərək 30 min dollardan 35 milyon ABŞ dollarınadək yüksəlib. Maraqlısı isə odur ki, bu sərvətlər heç də gizli hesablarda deyildir. Onlar ölkənin birinci xanımının adına rəsmiləşdirilib. Analitiklər sözlərinə görə, A.Atambayev indiyədək ölkədə biznes qurmağın müqabilində ona təklif edilən rüşvətin üzünə belə baxmayıb. Onların hamısını xanımının-Raisa Atambayevanın hesabına ötürüb. Belə iddia olunur ki, hazırda, o, ölkənin ən iri müəssisələrinin aktivlərinin təqribən 80 %-nə nəzarət etməkdədir. Bundan əlavə, birinci xanımın adına İstambul ətrafinda dəyəri 3 milyon dollar olan dəbdəbəli villa da qeydiyyatdadır. Yerli analitiklər yazırlar ki, ölkənin birinci xanımı sonuncu belə bəxşişi milli "Dordoy" korporasiyasına məxsus məhsulların Aİİ ərazisində maneəsiz hərəkət etməsi üçün bu şirkətin sahibindən alıb. Bundan əlavə, belə iddia olunur ki, Çindən (eləcə də digər ölkələrdən) olan şirkətlərlə Qırğızıstanda bağlanılan bütün müqavilələrdə məhz R.Atambayeva tərəfdaş kimi iştirak edir.Yerli mətbuatın yazdığına görə, R.Atambayeva il ərzində dəfələrlə istirahət etmək adı altında qonşu Çinin kurortlarına yollanır. Maraqlısı isə odur ki, həmin səfərlərdə onu müşayiət edənlər arasında dövlət rəsmiləri üstünlük təşkil edirlər. Belə qeyd olunur ki, analoji səfərlərin birindən sonra hətta Qırğızıstanda çin kapitalı əsasında "Çanq Anq" investisiya bankı da fəaliyyətə başlayıb. Az keçməmiş, bankın gəlirləri Atambayevlərə məxsus ofşor hesablara axmağa başlayıb.
KİV-in yazdığına görə, qonşu Çin şirkətləri ilə Atambayevlərin ortaqlığı təkcə bununla bitmir. Növbəti belə sövdələşmələrdən biri ölkənin bir neçə faydalı qazıntı yatağında gələcək istismar işlərinin aparılması ilə bağlı olub. Bu dəfə qırğız tərəfindən sazişi sabiq prezidentin ortağı- ölkənin geologiya və mineral ehtiyatlar dövlət agentliyinin sədri (sonradan isə baş nazirin müavini olmuş) Duyşanbek Zilaliyev imzalayıb. Qalay-malibden-volfram hasilatını nəzərdə tutan birinci müqavilədə əsas diqqət çəkən məqam ondan ibarətdir ki, "Central Azia TİM Company" adlanan Çin şirkətinə digər ölkələrdən olan investorları da layihəyə cəlb etmək səlahiyyəti verilib. "China Western Mining" şirkəti ilə bağlanan müqavilə ölkənin qızıl ehtiyatlarının hasilatını, o cümlədən dünyada qızıl ehtiyatlarının həcminə görə üçüncü olan "Kumtor" qızıl yatağının istismarının nəzərdə tutur. Bu yataqda qızıl ehtiyatlarınını həcmi 700 tondan çox olduğu bildirilir. Digər bir saziş isə Qırğızıstanın uran yataqlarının istismarını əhatə edir.
Yerli KİV-lərin yazdığına görə, bu hələ işin hamısı deyil. Ölkənin ən böyük ikinci qızıl yatağı "Ceruy" isə "Vostok" geoloji-kəşfiyyat şirkəti tərəfindən rus biznesmeninə-"Ruskaya platina" korporasiyasının sahibi Musa Bajayevə satılıb. Hələ sovet dövründə kəşf edilən bu yataqda qızıl ehtiyatlarının 84 tondan yuxarı və təqribən 13 ton da gümüş ehtiyatlarının olduğu bildirilir. Bu mövzuda social şəbəkələrdə çıxış edən yerli iqtisadçı ekspertlərin fikrincə, yatağın gələcək işlənməsində dair müqavilə Qırğızıstan üçün su qiymətinə imzalanıb. Keçirilən tender zamanı yatağın dəyəri 300 milyon dollardan 100 milyon ABŞ dollarınadək endirilib. Bu sövdələşmə isə sabiq prezidentin keçmiş müşaviri, daha əvvəl isə dövlət təhlükəsizlik komitəsinin rəhbəri olmuş Busurmankul Tabaldiyev imzalayıb. O, nəinki tenderin "düzgün" keçirilməsinə nəzarət etmiş, eyni zamanda "Ceruy"un yeni sahibinin təhlükəsizliyini təmin etmək üçün böyük bir dəstə də ayırmışdır. KİV-in yazdığına görə, bütün bunlar məhz A.Atambayevin birbaşa tapşırıqları əsasında icra edilmişdir. Belə ki,ölkədə hakimiyyət başına gəldikdən sonra onun ən ümdə vəzifəsi şəxsi varidatını artırmaqdan ibarət olmuşdur. Yerli iqtisadçı ekspertlərin iddiasına görə, bunun əksini düşünməyə heç ehtiyac belə yoxdur.Bunun üçün haqqında danışılan son tender hadisəsinə baxmaq kifayətdir. Belz ki, "Ceruy"un gələcək istismarına dair keçirilən tenderdə iştirak edən yerli "Kırqız Altın" şirkəti tender komissiyasına daha böyük məbləğdə təklif təqdim etsə də, onun təklifi gözardına vurulub. Halbuki dövlət şirkətinin qalib gələcəyi təqdirdə ölkəyə bunun daha çox xeyri ola bilərdi. Belə ki, "Kırqız Altın"ın tender komissiyasına təqdim etdiyi təkliflər paketində yataqda hasil ediləcək qızılın tən yarısının daha aşağı qiymtə dövlətə təhvil verilməsi öz əksini tapırmış. Bu isə nə az, nə çox-təqribən 40 tondan artıq qızıl deməkdir! Ekspertlərin sözlərinə görə, nəzərə alsaq ki, hazırda dünya bazarlarında qızılın bir unsiyası 1280 ABŞ dollarına satılır, o zaman yatağın istismarından götürüləcək gəlirlərin həcmi təqribən 3,7 milyard ABŞ dolları təşkil edir. Əgər tenderdə yerli qırğız şirkəti qalib gəlsəydi bütün bu vəsaitlər dövlətə məxsus olacaqdı, eyni zamanda, ölkənin qızıl ehtiyatı da təkrarən artmış olacaqdı. İndi isə həmin vəsaitlər rusiyalı oliqarxların cibinə axacaqdır. Əvəzində isə , Qırğızıstana kiçik həcmdə vergi rusumları ödəniləcək, vəsalam. Bütün bu proses şəxsən dövlət başçısının nəzarəti altında həyata keçirilmişdir. Yerli analitiklərin sözlərinə görə, bütün bunlar açıq şəkildə isbatlayır ki, xalqın təəssübkeşliyini çəkməli olan A.Atambayev dövlət başçısı postunda olduğu müddətdə yalnız şəxsi mənafeyi üçün çalışmışdır. İqtisadçı ekspertlər belə iddia edirlər ki, qızıl yatağını "su qiymətinə" rusiyalı oliqarxa satan A.Atambayev bunun müqabilində özünə də bir xeyli miqdarda saf qızıl götürüb. Odur ki, ekspertlər , ümumiyyətlə, ölkənin qızıl ehtiyatlarının təcili inventarlaşdırılmasını tələb edirlər. Onların iddialarına görə, son yarım ildə ölkənin birinci xanımı Raisa Atambekova dəfələrlə Türkiyəyə istirahət etmək məqsədilə səfərlər etmişdir və bu səfərlər zamanı özü ilə ölkədən qızıl külçələri aparmışdır. Belə güman edilir ki, bu işdə birinci xanıma "Xalık bank"ın rəhbəri, sabiq prezidentin böyük kürəkəni də yardımçı olmuşdur.
Analitiklər belə iddia edirlər ki, hazırda Qırğızıstanın varidatının talan edilməsində təkcə ölkənin birinci şəxsləri deyil, onların yaxın qohumları da aktiv iştirak edirlər.Prezidentin birinci evliliyindən-keçmiş həyat yoldaşı Buajar Tenizbayevadan olan oğlanları -Seyitbek və Seytek ölkənin ən böyük özəl enerji şirkəti olan "Avtomaş enerqo"ya rəhbərlik edirlər. Həmin evlilikdən olan qızları- Diana və Dinara isə iri restoranlar şəbəkəsi və tikiş fabriklərinin sahibidirlər. Hətta belə iddia olunur ki, tikiş fabrikində bir qayda olaraq Çindən ucuz qiymətə gətirilmiş mallarının yarlıqları dəyişdirilərək üzərinə "Türkiyədə istehsal olunub" yarlıqları yapışdırılaraq ticarət mərkəzlərinə göndərilir. Atambayevin digər yaxın qohumu-qudası narkotik vasitələrə nəzarət üzrə dövlət komitəsinin sədri vəzifəsini tutur. KİV-lər burada maraqlı bir faktı qeyd edirlər. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına görə, məhz onun rəhbərliyi dövründə Əfqanıstandan Qırğızıstan vasitəsilə daşınan narkotiklərin həcmi iki dəfədən çox artmışdır.
Ümumiyyətlə, yerli iqtisadçı ekspertlər belə hesab edirlər ki, sabiq prezident Almazbek Atambayev özündən sonra xaricilərə su qiymətinə satılmış ölkə iqtisadiyyatı, tar-mar edilmiş dövlət büdcəsi və böyük işsizlik ordusu miras qoyaraq hakimiyyətdən gedir.Ən dəhşətlisi isə odur ki, sabiq prezident onu hakimiyyətə gətirmiş qırğız xalqı üçün böyük miqdarda xarici dövlət borcu qoyaraq gedir ki, bunu da bir neçə nəsil ödəməli olacaqdır. KİV-lərin yazdığına görə, Almazbek Atambayev prezident postunda son səfərini Çin Xalq Respublikasına edəcək. Yaxın günlərdə gerçəkləşəcək səfər zamanı o, ölkə rəsmiləri ilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşasına dair kredit müqaviləsini imzalamalıdır. Layihəyə əsasən bu dəmir yolu xətti daha sonra İrandan keçməklə Türkiyəyədək uzanacaq. Kreditin məbləği isə nə az-nə çox düz 6 milyard ABŞ dolları təşkil edir! Kredit şərtlərinə görə, dəmir yolu xəttinin inşasını Çin şirkəti həyata keçirməlidir və inşaat işlərinə də elə çinlilər cəlb olunacaqlar. KİV-in iddiasına görə, Qırğızıstan tərəfi, müqavilə şərtlərinə görə, nəinki dəmir yolu xəttindən 50 il müddətinə istifadə edilməsi, eyni zamanda marşrut boyunca faydalı qazıntı yataqlarının da istismar hüququnu Çin tərəfinə verib. Başqa sözlə, sözügedən müqaviləyə əsasən A.Atambayev nəinki ölkə ərazisinin bir hissəsini uzun müddətə Çin tərəfinə bəxşiş kimi hədiyə edir,eyni zamanda aldığı 6 milyard ABŞ dolları həcmində dövlət borcunu da xalqın belinə yükləmiş olub. Sözügedən müqavilədə iqtisadçı ekspertlərin diqqətini başqa bir məqam da cəlb edib. Belə ki, layihəyə əsasən dəmir yolu xətti Çin standartlarına uyğun çəkilməlidir. Başqa sözlə, vaqonların təkərlərinin oxları arasındakı məsafə 1435 mm təşkil edəcək-halbuki bütün MDB ərazisində bu rəqəm hazırda 1520 mm-dir. Analitiklər belə iddia edirlər ki, Çin tərəfinin sözügedən layihədə xüsusi maraqları vardır.Belə ki, gələcəkdə bu dəmir yolu vasitəsilə nəinki yüklər, hətta Pekinin maraqlarına uyğun şəkildə hərbi texnika da daşına bilər ki, bu da qonşu süveren dövlətlərinin gələcək taleyini belə sual altında qoya bilər.
Nurlan