Pentaqon şefi ilə Sarkisyanın məxfi görüşü - Gizli danışıqların DETALLARI ORTAYA ÇIXDI
Ermənistan prezidenti Serj Sarkisyanın müdafiə naziri olduğu vaxtda ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon şefi) Donald Ramsfeldlə məxfi danışıqları ortaya çıxıb.
16 Noyabr 2017 11:30 DünyaErmənistan prezidenti Serj Sarkisyanın müdafiə naziri olduğu vaxtda ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon şefi) Donald Ramsfeldlə məxfi danışıqları ortaya çıxıb.
Ermənistanın keçmiş baş nazirinin müşaviri, politoloq Suren Sarkisyan 2001-ci ildə baş tutan görüşlə bağlı məxfi məlumatları Pentaqonun arxivlərindən əldə edib. Artıq məxfilikdən çıxarılan bu məlumatlarda Sarkisyanla Ramsfeldin apardığı danışıqlar öz əksini tapıb.

2001-ci ildə Ramsfeld İrəvana səfər edir və həmin vaxt müdafiə naziri olan Sarkisyanla görüşür. Görüşdə bir sıra razılıqlar əldə olunur. Xüsusi olaraq, Ramsfeld Ermənistanın "Azadlıq Aktına Dəstək" qanununa əlavə edilən 907-ci düzəlişdən yan keçərək Vaşinqtonun siyasətinə dəstək verməyini istəyir.
1992-ci ildə ABŞ Konqresi "Azadlıq Aktına Dəstək" qanununa 907-ci düzəlişi edir. Bu, keçmiş sovet respublikalarına kömək göstərilməsinin nizama salınmasını nəzərdə tuturdu. 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycana dəstəyini qadağan edir. Bu qanunun qəbul edilməsi ABŞ-dakı erməni lobbisinin fəaliyyətinin nəticəsi idi. 2002-ci ildən etibarən bu məsələdə müəyyən yumşalmalar edilir. Çünki 2001-ci il 11 sentyabr hadisəsindən sonra beynəlxalq terrorizmlə mübarizəyə başlayan ABŞ-a Azərbaycanın dəstəyi vacib idi.
Ermənistan da ABŞ-Azərbaycan əməkdaşlığından qorxaraq, Vaşinqtona dəstək verməyə başladı. Görüşdə əldə edilən razılaşmaya əsasən, ABŞ İrəvana hərbi və maliyyə yardımı edəcəyinə söz verdi. Ermənistan isə hakimiyyəti həmçinin, terrorizmlə mübarizədə ABŞ-a dəstək verəcəyini bildirdi.
Məlumata görə, bütün məxfi danışıqları həmin vaxt Serj Sarkisyanın köməkçisi olan, hazırda Ermənistanın müdafiə naziri postundakı Viqen Sarkisyan aparıb. V.Sarkisyanın bütün məxfi danışıqlardan xəbərdar olduğu deyilir. Olaylar.az Publika-ya istinadən xəbər verir.