Amerika və Rusiyanın sülhməramlı missiya yerləşdirmək istəyi

Birləşmiş Ştatlarla Rusiya arasında regional maraqlar uğrunda mübarizə yeni bir mərhələyə qədəm qoyur. Bu dəfə Vaşinqton  və Moskva üçün daha çox Cənubi Qafqaz və Ukrayna xüsusi önəm kəsb edir. Daha doğrusu hər iki güc mərkəzi fərqli-fərqli cəbhələrdə bir-birinə qarşı güc nümayiş etdirir.

Və ya supergüclərin yeni regional mübarizəsi

Birləşmiş Ştatlarla Rusiya arasında regional maraqlar uğrunda mübarizə yeni bir mərhələyə qədəm qoyur. Bu dəfə Vaşinqton  və Moskva üçün daha çox Cənubi Qafqaz və Ukrayna xüsusi önəm kəsb edir. Daha doğrusu hər iki güc mərkəzi fərqli-fərqli cəbhələrdə bir-birinə qarşı güc nümayiş etdirir. Daha dəqiq desək diplomatik güc. Son vaxtlar hər iki regionda cərəyan edən proseslər, eləcə də iki supergücün birbaşa özləri, yaxud yaxın müttəfiqləri tərəfindən ortaya atılan təşəbbüslər, təkliflər belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, ilk təşəbbüs dolayısıyla Rusiya tərəfindən irəli sürüldü. Bir qədər də dəqiqləşdirsək Dağlıq Qarabağ probleminin mərhələli həlli çərçivəsində Rusiya sülhməramlıları, daha dəqiq desək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin Qarabağda yerləşdirilməsi gündəmə gəldi. Bu həm də Dağlıq Qarabağ probleminin Rusiyanın diqtəsi ilə həlli anlamını verirdi ki, təbii, bu da okeanın o tayında, Qərbdə rahatlıqla qarşılana bilməzdi. Və çox keçmədən Vaşinqtondan Rusiyanın sülhməramlı missiyası istəyinə, elə onun öz dilində cavab verildi. Belə ki, rəsmi Kiyev tərəfindən Donbasdakı separatizmə son qoymaq üçün BMT sülhməramlılarının Rusiya ilə sərhəddə yerləşdirilməsi istənildi. Əslində bu, Kiyevin dili ilə Birləşmiş Ştatların istək və arzusu idi. Düzdür, Rusiya da müəyyən mənada sözügedən ərazidə sülhməramlı misiyyanın yerləşdirilməsi tərəfdarıdır. Ancaq bir şərtlə ki, həmin missyanın tərkibində onun qüvvələri də olsun. Təbii ki, Kremlin bu istəyi Kiyevin timsalında Vaşinqtonun da maraqları xaricindədir. Elə həftə sonu nəzərdə tutulan Tramp-Putin görüşünün baş tutmamasının səbəblərindən biri kimi də məhz bu amil göstərilir. Bir sözlə yixarıda da qeyd etdiyimiz kimi Vaşinqton və Moskva arasında regional baxımdan yeni mübarizə başlayır. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da belə düşünür. O, bildirib ki, Ukrayna Donbasdakı separatizmə son qoymaq üçün BMT sülhməramlılarının Rusiya ilə sərhəddə yerləşdirilməsini istəsə də, lakin Rusiya tam əskinə, həmin sülhməramlıların sərhəddə deyil, Ukrayna ordusu ilə separatçılar arasındakı ayırıcı xəttə yerləşdirilməsinə çalışır: "Bu iki yanaşma arasında ciddi fərq var. Ukrayna beynəxalq sülhməramlı qüvvələrin sərhəddə yerləşdirilməsini iki səbəbdən istəyir. Birinci səbəb. Sülhməramlılar atəşkəsin separatçılar tərəfindən pozulmasına mane olmalıdırlar.  İkinci səbəb. Sülhməramlılar sərhəddə yerləşməklə Rusiyanın sərhəddən separatçılara qeyri qanuni hərbi yardımına mane olmalıdır.  Rusiya isə beynəlxalq sülhməramlıların Ukrayna ordusu ilə separatçılar arasında yerləşdirilməsini ona görə istəyir ki, münaqişəni uzun müddətə dondura bilsin. Ukraynanın beynəlxalq sülhməramlıların Ukrayna ərazisində yerləşdirilməsiylə bağlı əsas şərti budur: Sülhməramlıların tərkibində Rusiya hərbçiləri olmamalıdır". Politoloq hesab edir ki, bu Kiyevin haqlı istəyidir: "Çünki Rusiya Ukraynadakı münaqişədə əsas tərəfdir. Rusiya həm Krımı ilhaq edib, həm də Donbasdakı separatçılara hər cür dəstək verir.

Eyni vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə də aiddir. Dağlıq Qarabağ münaqişəsinin həllinin sonrakı mərhələsində bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulub. Həmin qüvvələr icmalar arasındakı mümkün toqquşmaların qarşısını almalıdırlar. Ancaq Ukrayna kimi Azərbaycan da bölgədə yerləşdirilməsi planlaşdırılan sülhməramlıların tərkibində Rusiyanın olmasını istəmir. Bunun 4 vacib səbəbi var. Birinci səbəb. SSRİ illərində Dağlıq Qarabağda hərbi baza erməni separatçılarını silahlandırıb. Separatçılar məhz həmin bazadan əldə etdikləri silah və hərbi texnikanın köməyi ilə Azərbaycan torpaqlarını işğal ediblər. Bu yaxın tarixdir.  İkinci səbəb. Rusiya Ermənistanın hərbi müttəfiqidir.  Üçüncü səbəb. Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşsələr bu bölgədən bir daha çıxmamamağa çalışacaqlar.  Dördüncü səbəb. "Atlas" Araşdırmalar Mərkəzinin keçirdiyi kiçik sorğu da Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinin əleyhinə olduğunu göstərir. Sorğuda iştirak edənlərin hər 10 nəfərindən 9-u Rusiya sülhməramlılarının əleyhinə olduğunu bildirib, 1 nəfər isə "lehinə" deyil, sadəcə mövzu barədə kifayət qədər məlumatlı olmadığını ifadə edib". Elxan Şahinoğlu hesab edir ki,  bu səbəbdən həm Donbasda, həm də Dağlıq Qarabağda sülhməramlıların hansı əsasda formalaşması məsələsində Azərbaycanla Ukrayna bir-birinə dəstək verməlidirlər. Politoloqun sözlərinə görə, hər iki dövlət sülhməramlıların tərkibində neytral dövlətlərin təmsil olunmasını istəyir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31