Yaxın Şərqdə Türkiyənin mövqeləri möhkəmlənir
Yaxın Şərqdə hələ də sular durulmaq bilmir. Birləşmiş Ştatlar və Qərbin regionda maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlik fəaliyyətləri, hətta bu istəyə nail olmaq üçün İraq və Suriyadakı terror qruplaşmalarına açıq və ya gizli yolla dəstək verilməsinə qarşı sipər rolunu oynayan Rusiya-Türkiyə müttəfiqliyi hələlik birincilərin gücünə tam adekvat olmasa da, lakin Yaxın Şərqdəki Ankara-Moskva ittifaqından Qərbin o qədər də məmnun qalmadığı görünməkdədir.
24 Oktyabr 2017 14:07 DünyaVaşinqton bununla hesablaşmaq məcbiriyyətindədir
Yaxın Şərqdə hələ də sular durulmaq bilmir. Birləşmiş Ştatlar və Qərbin regionda maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlik fəaliyyətləri, hətta bu istəyə nail olmaq üçün İraq və Suriyadakı terror qruplaşmalarına açıq və ya gizli yolla dəstək verilməsinə qarşı sipər rolunu oynayan Rusiya-Türkiyə müttəfiqliyi hələlik birincilərin gücünə tam adekvat olmasa da, lakin Yaxın Şərqdəki Ankara-Moskva ittifaqından Qərbin o qədər də məmnun qalmadığı görünməkdədir. Hələ üstəlik bu ittifaqa İranı da daxil etsək, o zaman üçlü müttəfiqlik okeanın o tayında ciddi narahatçılıq yaratmış olar. Məlumat üçün qeyd edək ki, Yaxın Şərqdə, xüsusilə İraqda proseslərin normallaşması istiqamətində Türkiyə, Rusiya və İran qeyri-rəsmi də olsa birdir. Hətta bu müttəfiqliyin yaxın vaxtlarda rəsmiləşəcəyi də istisna edilmir. Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər etməsi, onun ardınca isə Rəcəb Tayyib Ərdoğanın İrana gedərək Həsən Ruhani ilə görüşməsi də əslində Yaxın Şərqdə Ankara-Tehran-Moskva ittifaqına hesablanmış gedişlər idi. Elə əksəriyyət ekspertlər də belə düşünür. Ancaq bəzi analitiklər İranın Ankara-Moskva-Tehran ittifaqında yer almasından əndişələnirlər. Xüsusilə, türkmənlərlə bağlı məsələdə Tehranın səmimiliyinin şübhə doğurduğu bildirilir. Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri müavini, politoloq Nazim Cəfərsoy deyir ki, öz ölkəsində türklərin vəziyyəti, Azərbaycan türkləri, qaşqay və türkmənlərə münasibət kontekstində kifayət qədər problemli olan Tehranın İraqda Türkmənlərə öz haqlarının verilməsi məsələsində tutacağı mövqedən çox da ümidli olmaq lazım deyil. Onun sözlərinə görə, Tehranın Türkiyə və Azərbaycana qarşı olan siyasəti də bu məsələdə çox da ümid vermir: "Tehranın hər iki ölkəylə son dövrdəki münasibətləri daha çox görüntü xarakteri kəsb edir. İraq mərkəzi höküməti ilə məzhəbi bir paradiqmanın məhsulu olan İran mərkəzli Haşdi Dabağı də eyni vəziyyətdədir. İkincisi, İraq məsələsində başqa bir söz sahibi olan və bu ölkədə əsas aktyor rolunu oynayan Birləşmiş Ştatların da türkmənlər qarşı olan münasibəti də kifayət qədər problemlidir. Bərzaniyə verilən dəstək və Türkiyə ilə münasibətlərdəki gərginlik də belə deməyə əsas verir. Lakin onu da etiraf etmək lazımdır ki, regionda Birləşmiş Ştatların ciddi mövqe uğursuzluğuna düçar olduğu və İran-Rusiya müttəfiqliyinin qarşısında bir qədər zəif göründüyü də aşkar şəkildə müşahidə olunur. Belə bir şəraitdən Birləşmiş Ştatlar və onun bölgə siyasətində kifayət qədər fəal tərəfdaşı olan, müttəfiqi sayılan İsrailin, eləcə də regionda ərəblərin liderliyinin önündə olmağı hədəfləyən Səudiyyə Ərəbistanının da bundan heç məmnun olmadığı çox aşkar şəkildə ortadadır". Nazim Cəfərsoy deyir ki. cərəyan edən proseslər Türkiyə üçün əhəmiyyətli hesab oluna bilər. Belə ki, Ankaranın ciddi cəhdlə Yaxın Şərqdəki proseslərdən uzaqlaşdırmağa çalışan Birləşmiş Ştatlar və Qərb indiki halda Türkiyənin gücünü daha dərindən dərk edəö biləcəklər. Politoloq deyir ki, eyni zamanda Qərbin dəstəyi ilə oyuna qoşulan Bərzani də Türkiyənin həm gücü, həm də əhəmiyyətini yenidən kəşf etmiş olacaq: "Bu proseslər fonunda Türkiyənin Türkmən faktoruna strateji bir ölçü qazandırması və regional tarazlıqlarda bu faktorun əhəmiyyətini qəbul etdirməsi lazımdır. Əgər kifayət qədər ağıllı və qətiyyətli bir mövqe ortaya qoyulsa, o halda İranın daim güclənməsi faktı qarşısında Türkiyə Vaşinqton, Təl-əviv və Ər-Riyadın nəzərində öz tezislərini daha çox qəbul etdirmək imkanı qazanacaq". Politoloq qeyd edib ki, müasir dövrdə, regional aləmdə baş verən proseslərdə, xüsusilə də Yaxın Şərq məsələsində Türkiyə amilinə lazımi dərəcədə əhəmiyyət vermək lazımdır. Onun sözlərinə görə, Türkiyəyə lazım olan əhəmiyyətin verilməsi, onun Yaxın Şərqdə bir güc olaraq varlığının qəbul edilməsi, yeri gələndə regional bağlı bəzi məsələlərdə Ankara ilə hesablaşmaq Vaşinqton, Təl-Əviv və Ər-Riyad üçün də əhəmiyyətli ola bilər.
Füzuli