Ermənistana hərbi yardım nəyə hesablanıb?
Ənənəvi olaraq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesindən əvvəl və sonra müəyyən təxribatçı hərəkətləri ilə prosesə mane olan Ermənistana bu dəfə təxribatçı əməlində öz ağası da yaxından dəstək nümayiş etdirdi. Söhbət Rusiyadan və Azərbaycan-Ermənistan preidentlərinin Cenevrə görüşü ərəfəsində Moskvadan İrəvana növbəti hərbi yardımın ayrılmasından gedir.
20 Oktyabr 2017 15:20 DünyaRegionda sülh və sabitliyi pozmağa və status-kvonu qoruyub saxlamağa
Ənənəvi olaraq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesindən əvvəl və sonra müəyyən təxribatçı hərəkətləri ilə prosesə mane olan Ermənistana bu dəfə təxribatçı əməlində öz ağası da yaxından dəstək nümayiş etdirdi. Söhbət Rusiyadan və Azərbaycan-Ermənistan preidentlərinin Cenevrə görüşü ərəfəsində Moskvadan İrəvana növbəti hərbi yardımın ayrılmasından gedir. Daha doğrusu 2015-ci ildə tərəflər arasında imzalanmış məlum sənədə əsasən Ermənistana verilməli olan 200 milyon dollarlıq hərbi yardım paketinin ilk 100 milyon dollarının işğaçı ölkəyə göndərilməsindən. Məlumat üçün qeyd edək ki, 2015-ci il noyabrın 26-da Moskva ilə İrəvan arasında imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın "Smerç" reaktiv sistemləri, "İqla - S" zenit raket kompleksləri, "Avtobaza - M" radiotexniki kəşfiyyat kompleksləri, TOC - 1A "Solnsepyok" ağır odsaçan sistemləri və digər sursatlar alacaq. Bununla da Ermənistan Azərbaycan qarşısında hərbi üstünlüyü təmin etməyə çalışacaq. Göründüyü kimi, Rusiya Ermənistanı müasir silahlarla təchiz etmək, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməklə regionda gərginliyi daha da artırmış olur. Baxmayaraq ki, Moskva ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu baxımdan Rusiyanın əsas vəzifəsi, missiyası regionda gərginliyi artırmaq deyil, sülhə nail olmaq olmalıdır. Ancaq ortada olan situasiya ondan ibarətdir ki, Rusiya nəinki həmsədr ölkə kimi bitərəfliyini qoruyub saxlayır, eyni zamanda öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə Dağlıq Qarabağ münaqişəsinin daha da alovlanmasına açıqca təşəbbüs göstərir. Rusiyanın Ermənistana hərbi yardımı ilə bağlı məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki,Ermənistanın Cenevrə danışıqlarından dərhal sonra, Azərbaycanın işğal etdiyi ərazilərində hərbi-taktiki qərargah təlimləri keçirməsi, bərpa olunan danışıqlar prosesini sual altına aldı. Onun sözlərinə görə, Qarabağda keçirilən hərbi təlimlər, Ermənistan prezidenti Serj Sərkisyanın Cenevrədə erməni icması önündə danışıqları pozmağa yönələn açıqlamalarının məntiqi davamıdır: "Qeyd edək ki, Qarabağda ermənilərin hərbi təlimlərinə Rusiyanın 102-ci bazasından olan rus hərbi təlimatçılar başçılıq edir.Aprel döyüşlərindən sonra, Rusiyanın Gümrüdəki "102-ci" hərbi bazasında olan hərbiçi-təlimatçılar Ermənistanın Qarabağda keçirdiyi hərbi təlimlərdə mütəmadi iştirak edirlər. Məqsəd, erməni silahlı qüvvələrinin döyüş qabiliyyətini artırmaq, müdafiə qabiliyyətini yüksəltməkdir. Çünki, Aprel döyüşlərində erməni ordusunun müdafiə sisteminin çox zəif olduğu ortaya çıxmışdı. Buna görə də Rusiya Ermənistanı təkcə hərbi texnika və silahlarla deyil, öz hərbiçiləri vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərində təlimlər keçir. Bura xüsusi təyinatlıların təlimi, kəşfiyyat və snayper sahələri, həmçinin artilleriya vasitələrinin düzgün atışları daxildir. Göründüyü kimi, Rusiyanın Qarabağ siyasəti, regionda sülh və sabitliyi pozmağa və status-kvonu qorumağa hesablanıb". Politoloqun sözlərinə görə, Cenevrədə konkret olaraq, problemin həlli ilə bağlı irəlləyiş əldə olunsaydı, rəsmi Kreml çox ciddi şəkildə buna mane olacaqdı: "Rusiyanın Ermənistana son bir il ərzində verilən hərbi kreditlər, birgə ordu birləşməsi və havadan müdafiə sistemini yaratması, birbaşa Azərbaycanın əleyhinə formalaşmış siyasətdir. Hazırda Qarabağ danışıqları ilə bağlı müəmmalı bir drum var. Danışıqlar bərpa edilməsinə baxmayaraq, yenidən heç bir irəliləyiş əldə edilmədi. Və, rəsmi Yerevan barışmaz mövqe sərgilədi. Azərbaycanın bundan sonra siyasəti, yalnız öz ərazilərini güc yolu ilə, lokal döyüşlərlə azad etməsindən aslıdır. Çünki, Ermənistanla diplomatik danışıqlar tükənib. Yalnız, yenidən Moskva ilə konfidensial diplomatik danışıqlar aparılmalıdır. Amma, Rusiyanın irəli sürdüyü şərtlər hələ ki, milli suverenliyimizin əleyhinədir".
S.İsmayılbəyli