Yaxın Şərq- qaynayan coğrafiya
Hazırda Yaxın Şərq dünyanın ən qaynar bölgəsi hesab edilir. Bir neçə illər öncə Yəmən və Liviyadan başlayan “demokratiya” hərəkatları daha sonra öz əhatə dairəsi və miqyasını genişləndirərək regionun digər ölkələrini əhatə etməyə başladı. Tədricən Misir, Suriya və hələ Yəmən və Liviya böhranından çox-çox əvvəl bu “demokratiya” uğrunda mübarizə aparan İraq da çox keçmədən Yaxın Şərqin fəlakət ocağına çevrildi. Qərbin uzun vədəli olan Yaxın Şərqi qan çanağına çevirmək planının indi də növbəti mərhələsi, qeyd edilən ölkələrin parçalanması prosesi həyata keçirilir.
19 Oktyabr 2017 14:42 DünyaRegion ölkələrinin de-yure parçalanması prosesi gedir
Hazırda Yaxın Şərq dünyanın ən qaynar bölgəsi hesab edilir. Bir neçə illər öncə Yəmən və Liviyadan başlayan "demokratiya" hərəkatları daha sonra öz əhatə dairəsi və miqyasını genişləndirərək regionun digər ölkələrini əhatə etməyə başladı. Tədricən Misir, Suriya və hələ Yəmən və Liviya böhranından çox-çox əvvəl bu "demokratiya" uğrunda mübarizə aparan İraq da çox keçmədən Yaxın Şərqin fəlakət ocağına çevrildi. Qərbin uzun vədəli olan Yaxın Şərqi qan çanağına çevirmək planının indi də növbəti mərhələsi, qeyd edilən ölkələrin parçalanması prosesi həyata keçirilir. Daha doğrusu bu ölkələr de-fakto olaraq artıq xeyli müddətdir ki, parçalanıblar. İndi isə qarşıda duran hədəf və mərhələ bu prosesi de-yure olaraq rəsmiləşdirməkdir. Suriyada bir neçə silahlı birləşmənin ölkənin müxtəlif ərazilərinə nəzarət edərək özünü müstəqil hakimiyyət elan etməsi, Liviyada hələ də ictimai sabitliyin təmin olunmaması və digər faktlar bunlara əyani sübutdur. Əslində Qərbin Yaxın Şərqi de-yure parçalamaq planı Suriyadan başlanğıc götürəcəkdi. Lakin bu günə qədər də Suriyanın hazırkı prezidenti Bəşər Əsədin dirəniş göstərməsi və silahlı mübarizəni davam etdirməsi birincilərin diqqətini Suriyadan İraqa doğru yönəldib. Beləliklə, bir müddət əvvəl Şimali İraqda kürdlərin muxtariyyat istəyi ilə bağlı referendum keçirməsi ilə Yaxın Şərqin de-yure parçalanmasına start verildi. Elə İraqda əsl mübarizə, silahlı qarşıdurmanın növbəti mərhələsi də bundan sonra başladı. Artıq bir neçə gündür ki, Şimali İraqda, xüsusilə də Kərkükdə gərgin döyüşlər gedir və mövqe savaşı uğrunda gedən mübarizədə hələlik kürdlər məğlub durumda görünür. Amma proseslərin bu dəfə də Qərbin müdaxiləsi ilə dəyişəcəyi də istisna edilmir. Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, İraq mərkəzi hakimiyyətinin Kərkük və digər mübahisəli əraziləri Ərbil bölgəsəl yönətimindən azad etməsi, ərazi bütövlüyünün bərpası üçün atılan mühüm addımdır. Onun sözlərinə görə, əsas, vacib məsələ, bundan sonra Bərzaninin müstəqilliyinin qarşısını almaq və İraqın ərazi bütövlüyünü bərpa etməkdir: "Qeyd edim ki, Bərzani peşmərgələrinin Kərkük və Mosuldan geri çəkilməsi, ciddi şəkildə İraq ordusu ilə açıq savaşa girməməsi, birbaşa Birləşmiş Ştatların Bərzaniyə tapşırığı əsasında baş verdi. Əgər, İraq ordusu muxtariyyətin inzibati sərhədlərini keçərsə, buna şiddətli qarşılıq verilə bilər və Vaşinqtonda Bərzanini açıq dəstəkləyəcək. Ümumiyyətlə, Birləşmiş Ştatlar heç vaxt Şimali Kürd muxtariyyəti lahiyəsindən kənar çəkilməyəcək. Bundan əlavə, eyni ssenarini Şimali Suriyada həyata keçirəcək. Şimali Suriyada ABŞ-ın kürd kantonları ərazisində hərbi bazası məhz buna xidmət edir". Politoloq deyib ki, Kərkükün və Mosulun azad edilməsində İran dəstəkli "Haşdi Şabi" yarım hərbi qüvvələri İraqın ərazi bütövlüyünün təmin edilməsində və İŞİD -dən təmizlənməsində müstəsna rol oynayır: "İraq könüllülərindən ibarət, İranlı hərbi təlimatçılar tərəfindən güclü bir ordu sistemində formalaşan "Haşdi Şabi" İraq ordusunun əsas dəstəkçisi olmaqla yanaşı, həmçinin İŞİD-in qorxulu yuxusuna çevrilib. Həmçinin bu yarım hərbi qüvvələr vasitəsilə İraqda öz siyasi dayaqlarını möhkəmləndirməyə çalışacaq. Qeyd edim ki, Birləşmiş Ştatların regionda -Yaxın Şərq siyasətində strateji səhvləri, İranı mühüm oyuçuya çevirdi. İranın regional gücü, Rusiya ilə bölgədə birgə siyasi-hərbi koordinasiyası, Azərbaycanın Qafqaz və Türkiyənin regional siyasətinə mənfi təsir edəcək. İranın Qafqaza siyasi marağı getdikcə güclənəcək. İran Yaxın Şərqdə güclənməklə, Azərbaycana qarşı, xüsusilə Xəzər dənizində pay bölgüsü məsələlərində aqressiyasını artacaq. Qeyd edək ki, Suriyada və İraqda Türkiyənin siyasəti iflasa uğraır. Halbuki, İranın əvəzində Türkiyə baş rolda olmalı idi, İranın güclənməsinin qarşısını almalı idi. İran "Hizbullah", "Haşdi Şabi" və "Husilər" vasitəsilə Yaxın Şərqin əsas oyunçusudur. Türkiyə isə, öz sərhədləri içərisində PKK ilə savaş aparmaqdadır. Rəsmi Ankaranın siyasi vəziyyəti elədir ki, Rusiya və İranın razılığı olmadan, Suriyada hərəkət edə bilmir". Məhəmməd Əsədullazadənin qənaətincə, Yaxın Şərqdə yaşanan siyasi-hərbi xaos ABŞ-ın "Yaxın Şərq" planın bir hissəsidir. İran və Rusiya bunun qarşısını almağa çalışır: "Öz regional oyunçu statusunu qorumağa çalışan Türkiyədə böyük ciddi siyasi-hərbi və terror təzyiqləri ilə üzləşəcək".
Süleyman