İraqın taleyi necə olacaq?

Şimali İraqda hələ də bölgə üçün təhlükəli oyunlar oynanılır. Gah kürdlərə dəstək, gah da onlardan imtina kimi gedişlər Qərbin, Birləşmiş Ştatların Şimali İraqda hansı gedişi etmək istədiklərini tam müəyyənləşdirməkdə çətinlik yaradır. Hazırkı situasiyada isə görünən odur ki, Birləşmiş Ştatlar və Qərb kürdlərə dəstəkdən imtina edib. Ancaq nəyin qarşılığında, bu hələ ki aydın deyil.

Yaxud BMT-NATO çətiri altında Kürdüstan planı

Şimali İraqda hələ də bölgə üçün təhlükəli oyunlar oynanılır. Gah kürdlərə dəstək, gah da onlardan imtina kimi gedişlər Qərbin, Birləşmiş Ştatların Şimali İraqda hansı gedişi etmək istədiklərini tam müəyyənləşdirməkdə çətinlik yaradır. Hazırkı situasiyada isə görünən odur ki, Birləşmiş Ştatlar və Qərb kürdlərə dəstəkdən imtina edib. Ancaq nəyin qarşılığında, bu hələ ki aydın deyil.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu bunu separatizmin geniş yayılması təhlükəsi və bu mənfi tendensiyanın Qərbin sərhədlərini təhdid etməsi ilə əlaqələndirib. Məhz bu amildən dolayı Qərb və Birləşmiş Ştatlar separatizmə dəstəkdən bir növ imtina etdilər. O, bildirib ki,separatizm ümumi bəladır: "Kürdlər və katalonlar ermənilərin yolu ilə getdilər. Nəyiniz çatmırdı? Müstəqillik referendumu Sizə nə verdi? Necə ki, ermənilər Azərbaycan və Türkiyə ilə düşmən oldular, ölkələrini iki vacib qonşusundan və böyük layihələrdən məhrum etdilər, eləcə də kürdlər və katalonlar rifahı yox münaqişəni seçdilər. Şimali İraq rahat həyatını yaşayırdı, Bağdad, Tehran və Ankara ilə normal münasibətləri var idi, iqtisadiyyat və qonşu dövlətlərlə ticarət inkişaf edirdi. İndi bunların heç biri yoxdur, üstəgəl enerji zəngini Kərkükü də itirdilər". Elxan Şahinoöğlunun sözlərinə görə, nəticədə"Kərkük kürd şəhəridir" deyib tutan peşmərgə gücləri mərkəzi hakimiyyətin ordusu qarşısında geri çəkilmək məcburiyyətində qaldı: "Bu ona görə baş verdi ki, əslində kürdlər Kərkükü özününkü saymayıblar, bəlkə də Ərbil uğrunda sonadək savaşarlar, ancaq Kərkük onların deyil. Necə ki, Ağdam, Şuşa, Kəlbəcər və digər işğal altındakı rayonlarımızın ermənilərə dəxli yoxdur. Bəziləriniz yazacaq ki, bəs ermənilərin arxasında Rusiya dayanır və torpaqlarımızı azad etməyə imkan vermir və verməyəcək. Mən də yazacam ki, kürdlərin də arxasında ABŞ və İsrail dayanırdı, ancaq bu güclər də Kərkükü "qoruya bilmədilər".

Siyasi şərhçi Seymur Süleymanov isə məsələyə başqa prizmadan yanaşır: " Bir çoxları İraq hökümət qüvvələri tərəfindən Kərkükün azad edildiyini və bundan sonra da həmin ərazinin mərkəzi Bağdad hakimiyyətinə bağlı olacağı qənaətindədir. Faktiki reallıq budur, razıyam. Mövcud reallıq pərdəarxasında baş verənlərdir. Düşünənlər var ki, Amerika Bərzaninin və kürdlərin arxasından çəkildi. Və yaxud onları satdı. Ancaq məsələnin dərinliyinə vardıqda heç də belə olmadığı aydın olur. Şübhəsiz hegemon ölkələr İraqda hazırkı situasiyanı bir neçə ay əvvəldən planlaşdırıb və bir müddət sonra da hazırlanan plan üzrə hərəkət edəcəklər". O, qeyd edib ki, İraq ordusu və Haşdi Şabi qruplaşması çox asanlıqla Kərkükü ələ keçirib, oradakı neft yataqlarını nəzarətə götürdülər: "Bundan əlavə, peşmərgə qüvvələrinin anidən geri çəkilməsi və ordunun ildırım sürətilə əraziləri ələ keçirməsi heç də qəbuledilən deyil. Belə qənaətə gəlinir ki, peşmərgə və arxasında dayanan qüvvələr gələcəkdə baş verən hansısa hadisəyə zəmin yaratmaq üçün dirəniş göstərmədilər. Səbəb? İraq ordu birləşmələri Kərkükə daxil olduqda ABŞ Senatı Silahlı Qüvvələr Komitəsinin sədri və Arizona senatoru C.Makkeyn İraq ordusuna, Kərkük yaxınlığındakı pəşmərgə güclərinin mövcud olduğu ərazilərə doğru irəliləməsini dərhal dayandırmağı tələb etdi. Bu açıqlama, gələcəkdə Kərkük üzərindən bölgəyə beynəlxalq müstəvidə müdaxilə ediləcəyinə dair mesajdır. Digər tərəfdən, Bərzani peşmərgələrinin geri çəkilməsi və həmən ardından ABŞ tərəfindən ard-arda edilən açıqlamaları üç istiqamətdə dəyərləndirmək olar.
ABŞ, bölgə dövlətlərinin (Türkiyə-İraq-İran-Suriyanın), Bərzaniyə qarşı ittifaq daxilində bir müdaxiləsini əngəlləyərək, İraq mərkəzi höküməti üzərindən bölgə dövlətlərinə qarşı bir göz dağı vermək, İraq ordusu və Haşdi Şabi qüvvələrinin bölgədə irəliləməsinə qarşı, İŞİD terror qruplaşmasını meydana ataraq, ittifaq ölkələrinə həm "Peşmərgə və PYD olmasa, İŞİD dövriyyəyə girər" mesajını verərək həm də bölgədə faktiki savaşı bəhanə gətirərək Şimali İraqa beynəlxalq müdaxiləsinə zəmin yaratmaq", Seymur Süleymanov bildirib ki, Amerika Kərkükü "Özəl Status" elan edərək, Şimali İraq ərazisinə Birləşmiş Millətlər və NATO adı altında hərbi müdaxilə etmək məqsədi güdür: "Bu konteksdən, Şimali İraqa NATO müdaxilə etsə, bununla birbaşa NATO ölkəsi olan Türkiyənin əl-qolu bağlamış olur. Zatən məqsəd budur. Artıq Amerika Kərkükə özəl status verilməsinə dair sətiraltı mesajlar da verib. Bu da ilk növbədə birbaşa yaxın zamanda müstəqil Kürdüstanın bölgədə tam mövcudluğu anlamın kəsb edir. Belə olan halda deyə bilərəm ki, bölgədə çox qəliz oyunlar gedir. 
Yaddan çıxarmamaq lazımdır ki, hədəf İran və Türkiyədir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31