Rusiya regionda münaqişənin alovlanmasına rəvac verir

Rusiya artıq neçə dəfədir ki, davamlı şəkildə açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən addımları ilə rəsmi Bakıda Kremlə olan etimad, inam hissini zəiflədir. Əgər son bir neçə ildə cərəyan edən proseslərə nəzər yetirsək, aşıq-aşkar görərik ki, 2013-cü ildən etibarən Azərbaycana qarşı şimaldan gələn bu kimi təzyiq və təsir vasitələri əhəmiyyətli dərəcədə artıb.

Moskva İrəvana hərbi yardım etməklə bitərəfliyini pozur

Rusiya artıq neçə dəfədir ki, davamlı şəkildə açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən addımları ilə rəsmi Bakıda Kremlə olan etimad, inam hissini zəiflədir. Əgər son bir neçə ildə cərəyan edən proseslərə nəzər yetirsək, aşıq-aşkar görərik ki, 2013-cü ildən etibarən Azərbaycana qarşı şimaldan gələn bu kimi təzyiq və təsir vasitələri əhəmiyyətli dərəcədə artıb. Gah bu ölkədəki azərbaycanlılar haqsız yerə sıxışdırılıb, gah seçki ərəfəsində Rusiyadakı bəzi antiAzərbaycan dairələr daxili siyasi proseslərə müdaxilə etmək cəhdi göstəriblər, gah da Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə Ermənistana hərbi dəstəyini daha da artıraraq Qarabağ kartından istifadə etməklə Bakıya hansısa məsələdə güzəşt etmək təhdidi ünvanlayıblar. Ən son Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi, bundan əvvəl isə aprel döyüşlərindən dərhal sonra Ermənistanın "İsgəndər" raketləri ilə silahlandırması fonunda bu situasiyanı açıq gördük. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hazırda da Rusiya eyni xətti davam etdirir. Bir daha qeyd etmək lazımdır ki, Rusiyanın Ermənistana hərbi dəstəyi məhz keçən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatdan sonra daha da artıb. Bunun da əsas səbəbi məlumdur. Birincisi, ona görə ki. aprel döyüşləri Rusiyanın forpostu sayılan Ermənistanı bir dövlət kimi təhlükə altına qoymuşdu. Belə ki, qısa müddətdə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat İrəvanda bərk çaşqınlıq və güclü qorxu yaratmışdı. Məhz bu qorxu hissinin nəticəsi idi ki, düşmən hər dəfə olduğu kimi bu dəfə də ümid yerini Kremləd tapdı və Moskvanın proseslərə təsiri nəticəsində cəbhədə hərbi əməliyyatlar dayandırıldı. Ondan dərhal sonra isə Kreml Ermənistanı hərbi baxımdan daha ciddi mühafizə etmək üçün İrəvana "İsgəndər" raketləri göndərdi. Məlumat üçün qeyd edək ki, Rusiyanın Ermənistana hərbi yardımı 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən həyata keçirilir və həmin razılaşmaya görə, Moskva İrəvana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Artıq bir neçə gün əvvəl. Daha dəqiq desək oktryabrın 12-də Ermənistan hökuməti 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın "Smerç" reaktiv sistemləri, "İqla - S" zenit raket kompleksləri, "Avtobaza - M" radiotexniki kəşviyyat kompleksləri, TOC - 1A "Solnsepyok" ağır odsaçan sistemləri və digər sursatlar alacaq.

Göründüyü kimi, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Nədən? Çünki Dağlıq Qarabağ nə sülh, nə də hərb yolu ilə həlli olunmasında maraqlı deyil. Əks təqdirdə Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi 20 ildən artıq yaşı olan Qarabağ probleminin diplomatic yolla həllində maraqlı olardı. Ancaq göründüyü kimi, Kremli sözügedən problemin həlli qəti şəkildə maraqlandırmır. Çünki Qarabağ kartı Rusiya üçün hər iki tərəfə zamanı gələndə təsir vasitəsidir. Həmçinin bu problem həm Bakını, həm də İrəvanı Kremlin təsir dairəsində saxlamaq üçün bir vasitədir. Ona görə də Moskva mümkün qədər problemin indiki status-kvo vəziyətində qalmasında maraqlıdır. Əks təqdirdə Rusiyanın Ermənistana hərbi yardım ayrıması ilə bağlı məsələ məhz prezidentlərin Cenevrə görüşü ərəfəsində meydana çıxmazdı. Bu həm də onun göstəricisidir ki, Rusiya onun patronajlığından kənarda keçirilən hər hansı bir həll variantını qəbul etmir və mümkün qədər bu kimi təxribatlarla danışıqlara mane olmağa çalışır. Həmçinin bu Kremlin Dağlıq Qarabağ probleminin həlli məsələsini Qərbin kurasiyasına keçməsi ilə barışmaması deməkdir.

Bütün bu addımlar, xüsusilə də Rusiyanın Ermənistana növbəti hərbi yarıdm paketi parallel olaraq Qarabağda müharibə riskini daha da artırır. Yəni, Rusiya planlı şəkildə, bilərəkdən hərbi əməliyyatlar üçün zəmin yaradır. Halbuki Kremı ATƏT-in Minsk qrupuna həmsədrlik edən bir ölkə kimi bu cür zərərli tendensiyalardan uzaq durmalıdır. Ancaq biz bunun əksini müşühidə etdikdə Moskvanın bir vasitəçi kimi obyektivliyinə tamamilə inamımız itir. Hətta haqlı olaraq Rusiyanın Minsk qrupundakı həmsədrliyinə son qoyulması da tələb olunur.

Elə millət vəkili Eldəniz Səlimov da bu qənaətdədir. O, bildirib ki, Moskva ATƏT-in Minsk qrupunun həmsədri kimi öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəfliliyini pozur: "Birmənalı olaraq qeyd etmək lazımdır ki, Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin və vəziyyətin daha da gərginləşməsinə yönəlib.  İşğalçı və təcavüzkar Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılmış Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana silah verməsi həm həmsədrlik mandatı, həm beynəlxalq normalar, həm də mənəvi baxımdan yanlışdır. Bu addım həm də Azərbaycanla Rusiya arasında münasibətlərin, əməkdaşlığın bugünkü vəziyyətinə və səviyyəsinə uyğun, adekvat deyil"-deyə, qeyd edən deputat eyni zamanda bildirib ki, bu addım münaqişənin həllinə deyil, şəraitin daha da gərginləşməsinə yönəlib": Millət vəkili deyib ki, Rusiyanın Azərbaycanın ən yaxın qonşusu, ən yaxın tərəfdaşı kimi belə bir addım atması doğru və qəbuledilən deyil: "Həmsədr dövlət olan Rusiya reginonda, bölgədə münaqişənin alovlandırılmasına, təcavüzkarın yenidən təcavüzə, işğala stimullaşdırılmasına xidmət edə biləcək addımlardan geri çəkilməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31