Xırda-xırda vilayətlərin dövlətə çevrilməsi dünyanı müharibəyə sürükləyir

Dünyada baş verən siyasi və iqtisadi proseslər və onların ölkəmizə təsiri indi hər kəsi düşündürən məsələlərdəndir. Elə parlamentin payız sessiyasının ilk iclasında da millət vəkilləri beynəlxalq aləmdə baş verənlərin Azərbaycana təsiredə biləcəyindən narahatçılıq keçirdiklərini ifadə etdilər.

İraq Kürdüstanının "müstəqilliyini" dəstəkləyənlərin azərbaycanlı olması şübhə doğurur

Dünyada baş verən siyasi və iqtisadi proseslər və onların ölkəmizə təsiri indi hər kəsi düşündürən məsələlərdəndir. Elə parlamentin payız sessiyasının ilk iclasında da millət vəkilləri beynəlxalq aləmdə baş verənlərin Azərbaycana təsiredə biləcəyindən narahatçılıq keçirdiklərini ifadə etdilər. Xüsusən, İraq Kürdüstanında keçirilən "referendum", ATƏT-in yarıtmaz "Qarabağ siyasəti", eləcə də daxili siyasi proseslər daha çox müzakirə edilən məsələlər sırasında oldu. Millət vəkili Yevda Abramov bildirib ki, dünyanın müxtəlif yerlərində baş verən hadisələrə müxtəlif aspektlərdən qiymət verilir. "Referendumu" bəyənib-bəyənməmək İsrailin öz işidir: "Yəqin ki, Yaxın Şərq siyasətində "Müstəqil Kürdüstan" dövlətinin yaranması İsrailin xarici siyasəti ilə düz gəlir. Amma Azərbaycan o mövqeni sərgiləyə bilməz axı. Çünki bu, birbaşa Türkiyəni təhdid etməkdir. Biz də Türkiyə ilə qardaş dövlətik. Türkiyənin barmağına toxunan tikan, Azərbyacanın barmağına toxunan tikandır. Separatizm çox qorxulu bir tendensiyadır. İl yarımdan çoxdur ki, bu tendensiya daha da güclənir. Elə bil ki, dünya ölkələri səhər-səhər yuxudan duran kimi separatizm haqqında fikirləşirlər. Xırda-xırda vilayətlərin dövlətə çevrilməsi dünyanı idarə etmək üçün də çətindir. Ona görə də belə vilayətlərin dövlətə çevrilməsini kim bəyənirsə və dəstəkləyirsə, düz siyasət yeritmir. Bu dövlətlər xarici siyasətlərinə bir də baxmalıdırlar. Düzdür, bu "referendumu" dəstəkləmək onların öz işidir. Biz o dövlətlərin işinə qarışa bilmərik. Hətta Azərbaycan vətəndaşları da var ki, İraq Kürdüstanında keçirilən "müstəqillik referendumu"nu dəstəkləyir. Mən belə şeyləri dəstəkləmirəm. Dövlətlərin sərhədləri dünya müharibələrindən sonra bağlanmış müqavilələrlə həll olunub. Buna yenidən baxmaq dünyanı müharibəyə sürükləməkdir. Dünyanın nizamını pozmaqdır. İndi deyirik ki, Gülüstan, Türkmənçay müqavilələri düzgün deyil. Bunu o vaxtı demək lazım idi. İraq Kürdüstanının müstəqil dövlətə çevrilməsi bir sıra ölkələr və xalqlar üçün təhlükə yarada bilər". Millət vəkili bildirib ki, Azərbaycanda kim ki, İraq Kürdüstanının "müstəqilliyini" dəstəkləyir, onların azərbaycanlı olması şübhə doğurur: "Xahiş edirəm ki, onlar gedib qanlarından qonşu ölkənin poliklinikasında analiz versinlər. Bildiniz də mən hansı ölkəni deyirəm. Hansı ağıllı adam İraq Kürdüstanının "müstəqilliyini" dəstəkləyə bilər? Yenə deyirəm, balaca vilayətlərdən dövlət düzətmək dünyanı dağıtmaq deməkdir. Bu kimə lazımdır axı? İraq Kürdüstanının "müstəqilliyi" Azərbaycan üçün də qorxuludur. Separatçılıq meyili Qarabağa da gəlib çata bilər. Bunu dəstəkləyən məmur da azərbaycanlı deyil. O, islama xidmət etmir. Onlar qanlarını yoxlatsınlar". Azərbaycan-İsrail münasibətlərinə toxunan millət vəkili qeyd edib ki, Azərbaycan qarşı tərəfi qane edə bilən siyasət yürüdür. BMT-nin 72-ci sessiyasında onun canlı şahidi olduq: "Azərbaycan Prezidenti İlham Əliyevin gözəl çıxışı və İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana olan münasibətini hər kəs gördü. Hətta Benyamin Netanyahu çıxış edəndə Ermənistan prezidenti Serj Sarkisyan yalandan özünü yuxuya vermişdi. Guya eşitmirdi, amma hər şeyi yaxşı eşidib. Bununla da İsrail dünyaya göstərdi ki, Azərbaycanla və Qazaxıstanla güclü münasibətlər qurub və bundan sonra da quracaq. Bütün sahələrdə münasibətləri daha da gücləndirəcək. Ona görə də Azərbaycanın müdafiə nazirinin İsrailə səfəri təbiidir. Dövlətlər arasında hansı silahların alınması nəzərədə tutulubsa, İsrail həmin silahları vaxtında verib. Azərbaycan dövləti də həmin silahların pullarını vaxtında ödəyib. Bu silahlar hansılardı, mən onu deyə bilmərəm. Hansını bilirəmsə, deyirəm. Amma bunları bilmirəm. Onlar elə silahlardır ki, dünyanın əksər ölkələrində yoxdur. Həmin müasir silahları da İsrail Azərbaycana verib və verəcək. Bir sıra silahlar isə Azərbaycanda şərikli istehsal ediləcək". Ölkə daxilində baş verən siyasi proseslərə gəlincə, millət vəkili qeyd edib ki, müxalifətin mitinqləri təzəcə ayaq açan uşağın yeriməsinə bənzəyir: "Onlarınkı mitinq deyil. Onlar xalqa göstərirlər ki, biz ölməmişik, qəbirə hələ tam qoyulmamışıq, hələ bir az canımız var və özümüz üçün yavaş-yavaş gəzirik. Onlar bu mitinqləri hər gün keçirsələr belə, heç nəyə nail olmayacaqlar. Çünki xalq onları yaxşı tanıyır. Həmin mitinqlərə gələn adamlar 5-10 manata bayrağı, plakatı tutan adamlardır. Əksəriyyətini yoxlasan, vəzifədən qovulmuş şəxslərdir. Guya incidilmiş insanlardır. Onların mitinqi elə mənim yaşadığım evin qabağında keçirilir. Pəncərədən baxıram. Mitinq 50-100 min nəfərlik olar. Bir saat orada fırlanırlar, siqaret çəkirlər, laqqırtı vururlar, qeybət edib, gedirlər. Bununla da mitinq qutarır. O mitinqlərdən iqtidarın tükü belə, tərpənməyəcək. İqtidarın bir nəfərində olan ağıl, düşüncə, intellekt o mitinqdə iştirak edən 100 adamda yoxdur". Millət vəkili parlamentin payız sessiyasının ilk iclasında ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin fəaliyyətini sərt tənqid olunmasına da münasibət bildirib. Qeyd edib ki, ATƏT-ə- matətə bel bağlamaq olmaz. Bunlar buz parçasıdır, götürürsən əlinə, əriyib gedir. Bunlara etibar yoxdu: "Onlar ikili standart yox e, çoxlu standat yürüdürlər. Bu gün xristian aləmi müsəlmanlara qarşı durur. Burda deyirlər ki, erməni düşməndi. Orada deyirlər ki, erməni əmimoğludur. Onlar xristiandır, ona görə də o təşkilatların heç birinə bel bağlamaq olmaz. Öz problemlərimizi özümüz həll etməliyik. ATƏT-ə, Minsk qrupuna güvənmək olmaz. Minsk qrupunun bütün üzvləri İrəvana gedəndə qondarma soyqrımı abidəsinə əklil qoyurlar. Mən Minsk qrupunun heç bir üzvünün Xocalı abidəsi önündə, Şəhidlər Xiyabanında görməmişəm. Biz Qarabağı özümüz geri almalıyıq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31