Bölgədə yeni və son dərəcə ciddi proseslərə start verilib
Terrorizm yenə dünyanı ciddi şəkildə təhdid etməkdədir. Xüsusilə, hazırda dünyanın baş bəlasına çevrilən İŞİD terror təşkilatı yaxın və uzaq ölkə bilmədən, sərhədlər tanımadan öz qanlı aksiyalarını davam etdirir. Hələ beynəlxalq antiterror koalisiyası İraqda və Suriyada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlara başlayarkən sözügedən terror təşkilatının təqiblərdən yaxa qurtarmaq üçün digər regionlara transfer edəcəyi bildirilirdi.
8 İyun 2017 13:04 DünyaİŞİD-in Tehran terroru belə deməyə əsas verir
Terrorizm yenə dünyanı ciddi şəkildə təhdid etməkdədir. Xüsusilə, hazırda dünyanın baş bəlasına çevrilən İŞİD terror təşkilatı yaxın və uzaq ölkə bilmədən, sərhədlər tanımadan öz qanlı aksiyalarını davam etdirir. Hələ beynəlxalq antiterror koalisiyası İraqda və Suriyada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlara başlayarkən sözügedən terror təşkilatının təqiblərdən yaxa qurtarmaq üçün digər regionlara transfer edəcəyi bildirilirdi. Elə İraqdakı hərbi əməliyyatlar zamanı terror təşkilatının rəhbərliyi də üzvlərinə məhz bu barədə çağırış etmişdi. Təsadüfi deyil ki, o zaman İŞİD-in üz tutacağı region və ölkələr arasında İran və Qafqaz regionu xüsusi qeyd edilirdi. Beləliklə, proqnozlar özünü doğrultdu və İŞİD terror təşkilatı cənub qonşumuz İrana gəlib çatdı. Xəbərlərdən də məlum olduğu kimi, iyunun 7-də İran paytaxtında onlarla insanın ölümünə səbəb olan terror aktı həyata keçirildi. İran parlamenti və Xomeyni məqbərəsində həyata keçirilən terror aksiyasından dərhal sonra sözügedən terror təşkilatı açıqlama verərək aksiyanın məsuliyyətini öz üzərinə götürdü. Bununla kifayətlənməyən terrorçu şəbəkə İran parlamentinə təşkil etdikləri hücumun videogörüntülərini də yaydılar. Beləliklə, İŞİD təhlükəsi Azərbaycanın cənub qonşusuna da gəlib çatmış oldu.
Tehranda insan ölümünə səbəb olan terraktlardan sonra yerli və beynəlxalq ekspertər İŞİD-in İranı fədəf seçməsinin səbəbləri barədə müxtəlif iddialarla çıxış edirlər. "Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu isə hesab edir ki, İranda gerçəkləşdirilən terror hücumunu İŞİD öz üzərinə götürsə də, şübhəsiz rəsmi Tehrana verilən mesajlar konkretdir. Onun sözlərinə görə, ilk növbədə diqqəti zamanlama çəkir: "Belə ki, terror ərəb ölkələrinin öz içində Qətərlə bağlı böhranın yaşandığı və bu böhranda İranın və dəstəklədiyi təşkilatların vacib səbəb kimi göstərildiyi bir zamanda baş verir. IŞİD-in Tehran hücumu, həmçinin ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiyanın 3 iyundan etibarən Rakka üzərinə hücum əməliyyatlarına start verməsi fonunda cərəyan edir. Bu hücumun başlamasından iki gün əvvəl isə, Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənədə görə, Suriya hökumətinin İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsinin istəndiyi xəbəri yayılır. Göründüyü kimi, bölgədə yeni və son dərəcə ciddi proseslərə start verilməkdədir". Vüqar Zifəroğlunun sözlərinə görə, ortaya atılan kart- məzhəbsəl münaqişənin daha da alovlandırılmasına xidmət etmək üçün nəzərdə tutulub: Politoloq bildirib ki, bölgədə, son dərəcə qanlı və nəticələri vahim ola biləcək bir "sünni-şiə" qarşıdurması üçün münbit zəmin hazırlanmaqdadır: "İŞİD-in üstləndiyi bu hücum, sadəcə yoxlama xarakter daşıyırdı. Hədəf alınan nöqtələr də diqqət çəkir. Hədəf alınan yerlərdən biri İran Parlamentidir. 1979-cu il inqilabından sonra o binada silah səsi eşidilməmişdi. İran Parlamentinin binası, İranın mövcud siyasi sistemində başlıca sütunlardan biridir. İkinci hədəfə alınan nöqtə isə, ümumiyyətlə İranın siyasi-ideoloji simasını müəyyənləşdirən və sistem üçün sözün həqiqi mənasında dəyər ifadə edən bir məkan - İmam Xomeyni Türbəsidir. Seçilən məntəqələr "dövlətin ürəyi" mənasında bir yerlərdir. Əslində bu hücum, İranın siyasi nüfuzuna son dərəcə ciddi zərbə oldu. Digər tərəfdən, İŞİD-in 2014-cü ildən indiyədək bölgənin demək olar ki, hər nöqtəsində terror havası əsdirməsinə rəğmən, Tehranın bu hücumlardan kənarda olması ilə övünməsinə bir son qoyuldu. "Sən düşündüyün qədər də güclü deyilsən! İstəsək edərik!" - bu gün İrana verilən mesaj bu idi". Vüqar Zifəroğlu deyib ki, bu hücum həm də İranın daxili təhlükəsizlik strategiyasının da çökdüyünü ifadə edir: "Zatən son illərdə İranın daxilində etnik sünni ərəb əşirətləri ilə yaşanan qarşıdurmalar getdikcə daha kəskin hal almaqda idi. İranda elə bir həftə yoxdur ki, ərəb fəallardan bir neçəsi dar ağacından asılmasın. İŞİD-in bu hücumu, etnik və məzhəbsəl zəmində bütünləşmiş çıxışları stimullaşdıra bilər. Və indi əsas düşündürən sual budur: İŞİD-in İran hücumuna Iraq, Suriya, Yəmən, Bəhreyn, Livan və xüsusilə də Səudiyyə Ərəbistanındakı silahlı şiə qruplaşmaları necə cavab verəcəklər? İranda seçkiləri yeni qazanmış Həsən Ruhani iqtidarı, mühafizəkar qanadı radikal qərarlar qəbul etməkdən çəkindirə biləcəkmi? Amma bir xüsus da odur ki, İran mütləq mesajını verəcək. Bu mesaj həm Səudiyyə Ərəbistanına, həm də ABŞ-a ünvanlanacaq".
Süleyman