Rusiyada xalq etirazları

Nəhayət, daxili siyasi gərginlik şimal qonşumuza da gəlib çatdı. Söhbət Rusiya Federasiyasından gedir. Xəbərlərdən də məlum olduğu kimi artıq bir neçə gündür ki, paytax Moskva olmaqla Rusiyanın müxtəlif subyektləri və iri şəhərlərində etiraz aksiyaları keçirilir.

Yaxud Qərbin Moskvanı Yaxın Şərqdən uzaqlaşdırmaq cəhdi

Nəhayət, daxili siyasi gərginlik şimal qonşumuza da gəlib çatdı. Söhbət Rusiya Federasiyasından gedir. Xəbərlərdən də məlum olduğu kimi artıq bir neçə gündür ki, paytax Moskva olmaqla Rusiyanın müxtəlif subyektləri və iri şəhərlərində etiraz aksiyaları keçirilir. Ölkənin şərqindən başlayan etiraz dalğasının artan xətt üzrə davam etməsi artıq hakimiyyət dairələrində də ciddi narahatlıq yaratmağa başlayıb. Məlumat üçün qeyd edək ki, Novosibirskdə keçirilən icazəli mitinqdə iştirak edənlərin sayı 2000 nəfərdən artıq olub. Rusiyanın İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən etiraz aksiyasının şüarı baş nazir Dmitri Medvedevin yarıtmaz idarəçilyinə son və "korrupsiyaya yox" olsa da, lakin aksiya iştirakçıları mitinq zamanı baş nazirlə yanaşı, ümumilikdə hakimiyyəti də hədəf seçiblər. İlk mitinq sözügedən partiyanın nümayəndəsi Andrey Qladçenko və blogger Aleksey Navalnın iştirakı ilə baş tutub. Hələ aksiyadan bir müddət əvvəl Navalnı öz veb səhifəsində bildirib ki, Rusiyanın 99 şəhərində etiraz mitinqləri planlaşdırılıb. Lakin 72 şəhərdə mitinqin keçirilməsinə icazə verilməyib. Kremlin tənqidçisi olan və gələn il ölkədə prezident seçkilərindən namizədliyini irəli sürmək istədiyini bildirən Navalnı son həftələr Rusiyanın bir sıra şəhərlərində tərəfdarları ilə görüşlər keçirib.

***

Novosibirski aksiyası bir növ illərlə yığılıb qalan vulkan effekti verib. Belə ki, ilk mitinqdən sonra ölkənin digər region və şəhərlərində də aksiya təşəbbüsləri göstərilib. Vladivostok, İrkutsk, Tomsk, Krasnoyarsk, Xabarovsk, Çelyabinsk, Yekatirinburq, Moskva, Sankt-Peterburq şəhərlərini bürüyən aksiyalar hakimiyyəti adekvat addımlar atmağa sövq edib. Belə ki, Vladivostokda keçirilən aksiya zamanı 20 nəfər həbs edilib. Eləcə də etiraz aksiyalarının əsas hərəkətverici qüvvəsi və təşəbbüskarı olan Navalnı Tver vilayətində həbs olunub. Lakin etiraz dalğasının getdikcə artan templə müşahidə edilməsi hakimiyyəti daha sərt tədbirlər görmək məcburiyyətində qoyub. Belə ki, hüquq-mühafizə orqanları aksiya iştirakçılarına qarşı sərt davranış nümayiş etdirərək onlara fiziki güc tətbiq ediblər. Təkcə Moskvadakı aksiyalarda həbs edilənlərin sayı 130 nəfərə çatıb. Polis aksiyanın keçirildiyi Puşkin meydanına gözyaşardıcı qaz buraxılıb. Ərazidə sabitliyi bərpa etmək üçün 200-ə yaxın xüsusi təyinatlı polis təhlükəsizlik işlərinə cəlb edilib. Çünki aksiyaçılar bir müddət sonra Kremlə doğru üz tutublar.

***

Bu arada Rusiyanın demək olar ki, bütün subyektlərini bürüyən etiraz aksiyaları ilə bağlı səsləndirilən fikirlər, proqnozlar olduqca maraqlıdır. Hakimiyyət tərəfdarları olan siyasi qüvvələrin birmənalı mövqeyi ondan ibarətdir ki, əsas hərəkətverici qüvvə olan Navalnının təşkil etdiyi etiraz aksiyaları heç də baş nazir Dmitri Medvedevin yol verdiyi korrupsiya halları ilə bağlı deyil. Sadəcə bu fakt mitinqlərin keçirilməsi üçün yaxşı bəhanədir. Elə Korrupsiyaya qarşı Mübarizə Fondunun baş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin indi nümayiş olunbması da planın tərkib hissəsidir. İddia olunur ki, sözügedən plan birbaşa Qərbdəki antirusiya dairələri tərəfindən hazırlanıb. Səbəblər isə müxtəlifdir.

***

Ən başlıca səbəb ondan ibarətdir ki, Rusiya açıq-aşkar Avropanın, Qərbin əsas probleminə çevrilıb. Ukrayna məsələsi ilə meydana gələn bu problem hazırda Yaxın Şərq regionunda, xüsusi olaraq Suriyada yaşanmaqdadır. Qərbin, Avropanın ən ciddi təzyiqlərinə, iqtisadi sanjsiyalarına baxmayaraq opponentlərinə açıq dirəniş göstərən Kreml bu gün Qərbin Yaxın Şərqdə planlarının alt-üst olmasına səbəb olan bir nömrəli "günahkar"dır. Əgər Krımın ilhaqından sonra ona qarşı tətbiq edilən siyasi və iqtisadi sanksiyalar Moskvanı bir qədər ehtiyatlı addımlar atmağa sövq edirdisə, lakin Ankara ilə münasibətləri normallaşdırmaq Kremlin əlinə əlavə şans verdi və beləliklə, Rusiya açıq şəkildə dirəniş göstərməyə başladı. Hazırda Suriyanın müəyyən bir hissəsinə nəzarət edən Moskvanın indi də Liviya ilə bağlı planları işə düşüb. Bir neçə gün əvvəl Rusiyanın hərbi dəniz donanmasına məxsus gəmilərin Liviya sahillərində peyda olması da deyilənlərin sübutudur. Göründüyü kimi, Rusiyanın Yaxın Şəqrdə Qərbi sıxışdırması qarşı tərəfi də adekvat tədbirlər görmək məcburiyyətində qoyub. Artıq etiraz aksiyaları ilə buna start verilib desək yanılmarıq. Bir sözlə müşahidə edilən mənzərə ondan ibarətdir ki, Qərb Rusiya baş ağrısından bu ölkədə hakimiyyət çevrilişi həyata keçirmək, federasiyanı öz içərisindən parçalamaqla xilas olmaq istəyir. Ancaq antirusiya şəbəkəsinin buna nə dərəcədə nail olacağını indidən söyləmək çətindir. Hazırkı vəziyyətdə görünən odur ki, Rusiyada hakimiyyət çevrilişi cəhdi hələlik real görünmür.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31