Özbəkistan yeni dönəmə qədəm qoyur
İslam Kərimovun vəfatından sonra Özbəkistanda bir xaos və anarxiyanın baş verəcəyi proqnozunun əksinə olaraq ölkədə siyasi sabitlik davam etdi. Məhz bu sabitliyin fonunda özbək xalqı həftə sonu seçki məntəqələrinə gedərək İslam Kərimovdan sonra Özbəkistana kimin rəhbərlik edəcəyini müəyyənləşdirdi.
6 Dekabr 2016 14:28 Dünyaİslam Kərimovun vəfatından sonra Özbəkistanda bir xaos və anarxiyanın baş verəcəyi proqnozunun əksinə olaraq ölkədə siyasi sabitlik davam etdi. Məhz bu sabitliyin fonunda özbək xalqı həftə sonu seçki məntəqələrinə gedərək İslam Kərimovdan sonra Özbəkistana kimin rəhbərlik edəcəyini müəyyənləşdirdi. 27 illik bir aradan sonra özbəklərin İslam Kərimovdan başqa bir namizəd müəyyən etməsi, ona etimad göstərməsi bir qədər çətin görünsə də, lakin özbəklər bunu bacardı və prezident seçkiləri baş tutdu. 21 milyon seçicisi olan Özbəkistanda seçki fəallığı 87 faiz səviyyəsində reallaşdı. İslam Kərimovdan sonra seçici fəallığının bu səviyyədə olacağı əslində real görünməsə də, lakin prezidentliyə namizəd olan Şövkət Mirziyoyev gözlənildiyi kimi Özbəkistanın ikinci prezidenti kimi tarixə düşdü. Məlumat üçün qeyd edək ki, 2003-ci ildən bu yana baş nazir vəzifəsini icra edən Şövkət Mirziyoyevin seçkidə qələbəsi özbəklər tərəfindən məmnunluqla qarşılansa da, lakin ATƏT heç də nəticələrdən razı qalmayıb. Bəzi beynəlxalq müşahidəçilər, daha çox Avropadan gələn müşahidəçilər seçkilərdə normal rəqabət mühtinin yaradılmadığından gileyləniblər. Xüsusilə Daşkənd, Fərqanə, Səmərqənd və-Buxarada bu rəqabətin pozulduğu, digər namizədlərin seçki öncəsi görüşlərinin keçirilməsinə məhdudiyyətlər tətbiq edildiyi vurğulanıb. Amma bütün bunlara baxmayaraq özbək xalqı öz seçimini edərək İslam Kərimovdan sonra ölkəni idarə edəcək birini müəyyənləşdirdi. Bununla da Özbəkistanda yeni bir dönəm başladı desək yanılmarıq.
Özbəkistandakı prezident seçkilərinin nəticələri qonşu ölkələr tərəfindən də diqqətlə izlənməkdədir. Xüsusilə, Rusiya üçün Özbəkistan son dərəcə maraqlı ölkədir və Kreml hər zaman bu ölkəni öz təsiri dairəsində saxlamağa müvəffəq olub. Mərhum İslam Kərimovun Rusiya meyilli olması bu baxımdan Rusiyanın maraqlarına xidmət edirdi. Rusiya İslam Kərimovun zamanında daha çox Daşkənddə möhkəmlənmişdi. Rusiya iş adamları da bir qayda olaraq sərmayələrini məhz Daşkəndə yatırırdılar. Ölkənin digər regionları isə o qədər də əhəmiyyət kəsb etmirdi. Amma hazırda Rusiya bir qədər coğrafi dəyişikliklərə getmək məcburiyyətində qalacaq. Yeni seçilmiş prezident Şövkət Mirziyoyevin Səmərqəndə daha çox bağlı olması Moskvanı bu şəhərlə bağlı da müəyyən gedişlər etmək məcburiyyətində qoyacaq. Düzdür, Mirziyoyev də Rusiyameyillidir və onunla Kreml asanlıqla dil tapa biləcək. Amma Mirziyoyevin prezident seçilməsindən sonra Rusiyanın maraqlarına uyğun olmayan hansısa addımlar atması da mümkündür. Yaxud, yeni seçilmiş prezidentin məhz İslam Kərimov amilindən ehtiyat edərək baş nazir olduğu dönəmdə Rusiyapərəst olmağa məcbur qaldığı da mümkün variantlardandır. Ona görə də bütün bunları nəzərə alaraq Rusiya bəzi addımlar atmaq zorundadır.
Bəs görəsən yeni seçilmiş prezidentin Özbəkistanın daxili və ya xarici siyasətində hansısa dəyişikliyə maraqlı olacağı inandırıcı görünürmü? Əslində bu suala iki cavab vermək olar. Hə və yox. Birincisi ona görə ki, Şövkət Mirziyoyev mərhum prezidentin partiyası tərəfindən namizəd olaraq irəli sürülüb. Bu amili nəzərə alaraq onun hakim partiyanın siyasi xəttinə zidd addımlar atacağı mümkün görünmür. İkinci varianta gəlincə, ola bilsin ki, Mirziyoyev Türkmənistanın mərhum prezidentindən sonra yeni seçilmiş Qurbanqulu Berdimuhammedov kimi hansısa o qədər də prinsipial olmayan addımlar atsın. Bu da Özbəkistan barədə indiyə qədər formalaşmış mənfi imici aradan qaldırmağa xidmət edər. Elə seçkidən əvvəl bəzi siyasi islahatlar keçiriləcəyi, xüsusilə sərhəd problemləri ilə gündəmə gələn və su qaynaqlarının paylaşımı mövzusunda gərginlik yaşanan Tacikistan və Qırğızıstanla diplomatik əlaqələrin möhkəmlənəcəyi barədə verdiyi açıqlamalar belə deməyə əsas verir.
Yerli ekspertlər isə hesab edirlər ki, yeni özbək prezidenti Özbəkistanın Rusiya ilə daha çox yaxınlaşmasının tərəfdarıdır. Belə ki, Şövkət Mirziyoyev MDB ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır. Elə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Səmərqəndə başsağlığı üçün gəldiyində Şövkət Mirziyoyev iki ölkə arasındakı əlaqələri "strateji ortaqlıq" səviyyəsində gördüyünü vurğulamışdı. Elə bu çərçivədə keçən ayın 29-da Özbəkistan və Rusiya Müdafiə Nazirlikləri arasında hərbi və texniki əməkdaşlıq razılaşması imzalandı. Görüldüyü kimi Özbəkistandakı seçkilərin nəticələri bundan sonra cərəyan edəcək proseslər üçün çox əhəmiyyətlidir. Xüsusilə, ekspertlər 3 əhəmiyyətli mövzuya diqqət çəkirlər. Birincisi, bölgə ölkələrinin öz aralarındakı əlaqələri, eləcə də Rusiya ilə münasibətləri daha da inkişaf etdirmək, ikincisi xarici ölkə və birliklərlə əlaqələrin inkişaf etdirilməsi və sərbəst bazar şərtlərinin gücləndirilməsi, nəhayət, üçüncüsü isə Özbəkistan-Türkiyə əlaqələrinə veriləcək töhfə. Onu da qeyd edək ki, hər üçü bir-biriylə son dərəcə bağlı olan məsələdir. Yaxın müddət ərzində Özbəkistanın bütün bu fürsətlərdən necə yararlanacağı, region ölkələri ilə əlaqələri inkişaf etdirməyə maraqlı görünüb görünməyəcəyi bəlli olacaq.
Füzuli