İki Avstraliya deputatı: "Gedin Azərbaycandan demokratiya öyrənin"
Avstraliya parlamentinin liberallardan olan deputatları Kreyq Kelli və Kris Bak bildirirlər ki, bu qitə ölkəsi demokratik seçki proseslərinin necə təşkil edilməsini Azərbaycandan öyrənməlidir.
5 Dekabr 2016 16:02 DünyaAvstraliya parlamentinin liberallardan olan deputatları Kreyq Kelli və Kris Bak bildirirlər ki, bu qitə ölkəsi demokratik seçki proseslərinin necə təşkil edilməsini Azərbaycandan öyrənməlidir. Bu barədə "The Australian" yazır.
Deputatlar Kreyq Kelli və Kris Bak bu ilin oktyabrında Azərbaycanda Konstitusiya düzəlişləri paketinə dair referendumu izləyiblər. Onlar qəzetə açıqlamalarında Azərbaycanda təşkil edilmiş səsvermə prosesini tərifləyərək deyiblər ki, hər bir seçicidən seçki məntəqəsinə daxil olarkən şəxsiyyət vəsiqəsi tələb olunur və seçicilərin barmaqları bir nəfərin təkrar səsverməsinə imkan yaratmamaq üçün ultrabənövşəyi mürəkkəbə batırılır. Habelə seçki qutuları şəffaf materialdan hazırlanıb.
"Əgər siz 70 il sovet işğalı altında olmusunuzsa, ola bilsin, demokratik prosesə daha çox hörmət edərsiniz və hər şeyin şəffaf olmasına əmin olmaq istəyəcəksiniz", - Kreyq Kelli bildirib.
"Biz də əlbəttə ki, demokratiyanı qəbul etmişik. O zaman mən başa düşə bilmirəm, nəyə görə bizdə də seçicilərdən şəxsiyyət vəsiqəsini tələb etmək mütləq qayda deyil? Bizim səsvermə sistemimizin salamatlığı maksimum təmin edilməlidir", - deputat əlavə edib.
Məlumata görə, hər iki deputat seçki məsələlərinə dair birgə komissiyanın yaradılmasına və bu il keçiriləcək federal seçkilər ərəfəsində bütün ölkə boyu dinləmələr təşkil etməyə çalışacaq.
Qəzet qeyd edir ki, deputatlar Azərbaycanın bu ölkədəki fəxri konsulu Aida Rzayevaya məxsus şirkətin hesabına referendumu izləmək üçün bir həftəlik səfər ediblər. Avstraliyadakı erməni milli komitəsinin icraçı direktoru Vaçe Qəhrəmanyan isə deputatların Azərbaycandakı səsvermə prosedurunu nümunə göstərməsindən narahat olduğunu, bunun pullu lobbiçilik fəaliyyətinə bənzədiyini də deyib. Qəzet yazır ki, erməni lobbisi də Avstraliya parlamentinin deputatları ilə "fəal işləyir". Virtualaz.org