Türkiyə xüsusi təyinatlıları İŞİD-in nəzarətindəki şəhərə girdilər - YENİLƏNİB
İŞİD terror qruplaşmasının əlindəki Suriyanın Əl-Bab şəhərinə Türkiyə Silahlı Qüvvələrin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) irəliləyişi davam edir.
14 Noyabr 2016 11:11 DünyaİŞİD terror qruplaşmasının əlindəki Suriyanın Əl-Bab şəhərinə Türkiyə Silahlı Qüvvələrin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) irəliləyişi davam edir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in Suriyada əhəmiyyətli qalası olan Əl-Babın azad edilməsi üçün həyata keçirilən əməliyyat həlledici mərhələyə daxil olub.
Suriya Türkman Məclisinin xarici əlaqələr üzrə məsul şəxsi Əbdürrəhman Mustafa ASO güclərinin Əl-Babın 2-3 kilometrliyinə qədər yaxınlaşdığını bildirib. ASO-ya dəstək verən Türkiyə xüsusi təyinatlılarının ("Bordo beretli") kəşfiyyat qruplarının Əl-Babın ətrafına sızdığı, strateji hədəfləri müəyyən edərək işarələməyə başladığı bildirilir.
Son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları "Fərat Qalxanı" əməliyyatı çərçivəsində İŞİD-in Əl-Bab bölgəsindəki mövqelərinə zərbələr endirib. Nəticədə, İŞİD-ə aid 10 müdafiə mövqeyi, 2 komanda mərkəzi, 2 qərargah və bir silah-sursat anbarı məhv edilib.
İŞİD-lə qarşıdurmalarda ASO-ya aid 9 döyüşçü həyatını itirib.
***
Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın əl-Bab bölgəsində İŞİD terror qruplaşmasına məxsus 15 hədəfə zərbə endirib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, hava əməliyyatında 10 müdafiə postu vurulub.
Əl-Babın şimalında aparılan əməliyyat zamanı isə Türkiyə ordusunun 4 hərbçisi yüngül xəsarət alıb.