Bolqarıstanın yeni prezidenti seçilib

Bolqarıstanda prezident seçkilərinin ikinci turuna start verilib.

"Report" xəbər verir ki, prezident postu uğrunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev və hakim "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda" (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva mübarizə aparacaq.
"Gallup İnternational" agentliyinin ölkədə keçirdiyi sorğunun nəticələrinə əsasən, Rumen Radev 55 faiz səslə seçkinin favoriti hesab olunub. O, rəqibi Tsetska Tsaçevanı 10 faiz səslə qabaqlayıb.
Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki siyahılarına səsvermə hüququna malik 7 milyon seçicinin adı daxil edilib.
Xatırladaq ki, ötən həftə keçirilən prezident seçkilərinin birinci turunda Rumen Radev seçicilərin 25,76 faiz, Tsetska Tsaçeva isə 21,97 faiz səsini toplayıb. Səsəvermədə təxminən 4 milyon seçici iştirak edib.

AZƏRTAC- bildirir ki, "Alfa Research" və "Gallup" sosial agentliklərin "exit-pol"larının nəticələrinə görə, noyabrın 13-də Bolqarıstanda keçirilən prezident seçkilərinin 2-ci turunda Rumen Radev 58,5 faiz səs toplayaraq qalib gəlib. Rəsmi olaraq Bolqarıstanın yeni prezidentinin adı gələn həftə açıqlanacaq. Buna baxmayaraq o, rəsmi olaraq vəzifəsini yanvar ayında, hazırkı prezidentin səlahiyyətləri bitdikdən sonra icra edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31