Demokratiya ABŞ-ın “kəsərli silahı”na çevrilib
Saxta seçkilərin məkanı dünyaya irad bildirir Noyabrın 8-də ABŞ-da növbəti - 58-ci prezident seçkiləri keçiriləcək. Artıq prezident seçkiləri öncəsi təbliğat kampaniyası çərçivəsində baş verənlər bu ölkə mediasında və beynəlxalq mətbuatda ciddi müzakirə predmetinə çevrilib.
31 Oktyabr 2016 15:59 DünyaSaxta seçkilərin məkanı dünyaya irad bildirir
Noyabrın 8-də ABŞ-da növbəti - 58-ci prezident seçkiləri keçiriləcək. Artıq prezident seçkiləri öncəsi təbliğat kampaniyası çərçivəsində baş verənlər bu ölkə mediasında və beynəlxalq mətbuatda ciddi müzakirə predmetinə çevrilib. Bunu şərtləndirən başlıca səbəblərdən biri budur ki, proses çərçivəsində istər teledebatlar zamanı səsləndirilən fikirlər, istərsə siyasi mübarizənin metod və formaları, istərsə də mövcud qanunvericilik çərçivəsində müşahidə edilən hüquqi boşluqlar ABŞ-da prezident seçkilərinin demokratik dəyər və ənənələrlə ciddi şəkildə uzlaşmadığını göstərir. Politoloq Nurlan Qələndərov hesab edir ki, əsas etibarilə, ortaya çıxan mənzərə iki başlıca reallığı aşkar edir. Birincisi, öz sərhədlərindən kənarda demokratiya tələb və diktə edən ABŞ-da siyasi sistemin çoxsaylı qüsurları mövcuddur, xüsusilə də seçki sistemi qeyri-təkmil və antidemokratikdir. İkincisi isə, prezidentliyə namizədlər arasında siyasi mübarizənin metod və formaları bu ölkədə siyasi mədəniyyət səviyyəsinin olduqca aşağı olduğunu göstərir: "Ümumiyyətlə, dünya siyasətinin başlıca tendensiyalarını müəyyən edən bu hegemon güc mərkəzi beynəlxalq ictimaiyyətə "demokratik dəyərlər" aşılamağa və ya "demokratiya dərsləri" verməyə çalışsa da, öz daxilində müşahidə edilən anti-demokratik proseslər reallıqların nədən ibarət olduğunu göstərir. Xüsusilə də, hər prezident seçkiləri zamanı seçki prosesinin bütün mərhələlərində müşahidə olunan ciddi çatışmazlıqlar və qüsurlar siyasi ekspertlər, hüquqşünaslar tərəfindən xüsusi müzakirə predmetinə çevrilir. Bu ölkədə mövcud seçki qanunvericiliyi, seçkilərin keçirilmə üsul və formaları, eləcə də bir sıra prosedurlar ciddi tənqid obyektinə çevrilməkdədir. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2012-ci il noyabrın 6-da ABŞ-da keçirilmiş prezident seçkilərinin yekunlarına dair hesabatında seçkilərdə çoxsaylı nöqsanların və çatışmazlıqların olduğunu bəyan etməsi, əslində, seçki sisteminin qüsurlarını ortaya qoymuşdu. "Səsvermə hüququnun reallaşdırılması, səslərin sayılmasında dəqiqlik, seçki qərargahlarının maliyyələşdirilməsinin şəffaflığı, səslərin sayılması proseduru və buraya beynəlxalq müşahidəçilərin buraxılması kimi məsələlərdə yol verilən kobud nöqsanlar böyük narahatlıq yaradır", - deyə Büronun hesabatında bildirilmişdi. Həmin seçkiləri müşahidə edən avropalı parlamentarilərdən ibarət müşahidə missiyası belə bir qənaət ifadə etmişdi ki, Birləşmiş Ştatların seçki sistemində özünü göstərən ciddi qüsurlar bütövlükdə demokratik prosedurları, şəffaflığı şübhə altına alır: "Biz bütün ölkə boyu tətbiq oluna biləcək ümumi seçki qaydalarının mövcud olmadığını aşkarladıq. Bu, ölkənin seçki sistemini zəiflədir, prosesin şəffaflıq və bütövlüyünə təsir göstərir. Mənfi təsir özünü seçicilərin qeydiyyatı və elektron səsvermədə xüsusilə büruzə verir". Nümayəndə heyətinin rəhbəri Co Suares diqqətə çatdırmışdı ki, ATƏT müşahidə missiyası ABŞ-a bu yanaşmanı nəzərə alaraq ölkənin bütün seçki sisteminə tətbiq olunacaq standartlar hazırlamağı tövsiyə edir. Beləliklə, ortaya çıxan nəticə budur ki, demokratik dəyər və ənənlərə məhəl qoymayan ABŞ öz sərhədlərindən kənarda "demokratiya" tələbi ilə çıxış etməklə özünün "geopolitik demokratiya" məhfumunun mahiyyətini aşkar edir, başqa sözlə, "demokratiya" silahından geopolitik oyunlar vasitəsi kimi istifadə etdiyini nümayiş etdirir. Onun sözlərinə görə, bütövlükdə, ABŞ-da seçki reallıqlarını anlamaq üçün bir sıra məqamlara nəzər salmaq məqsədəmüvafiqdir. Əvvəla qeyd edək ki, ABŞ-da prezident xalqın deyil, seçici kollegiyalarının səsi ilə seçilir. Seçicilər kollegiyaları, onlar isə ümumi səsvermə vasitəsilə prezidenti seçirlər. Seçici kollegiyaları əsasən Nümayəndələr Palatasında və Senatda ayrı-ayrı ştatları təmsil edirlər. Bundan başqa, səsvermə prosesi zamanı müəyyən paradokslar da müşahidə edilir. Məsələn, səs verənlər bəzi hallarda öz seçimlərini rəqib partiyanın namizədinin lehinə edirlər ki, bu da kollegiyaların fəaliyyətində şahid olunan ziddiyyətlər sırasında yer alır. Digər arxaik metod isə bundan ibarətdir ki, prezidentliyə namizədlərdən heç biri yetərli sayda (270-dən çox) səs toplamasa, o zaman Nümayəndələr Palatası daha çox səs toplamış namizədi prezident elan edir ki, bu da bütövlükdə demokratiyanın mahiyyətini əks etdirən xalqın iradəsi və suverenliyinin məhdudlaşdırılmasıdır. Qeyd edək ki, artıq dünya ictimaiyyətinə də bəllidir ki, fövqəldövlət sayılan ABŞ-ın bu dünyada həyati və ümumi maraqları vardır. Hər iki marağın reallaşması naminə ABŞ və onun Avropadakı müttəfiqləri çeşid-çeşid, bir-birindən fərqli təsir və təzyiq siyasəti müəyyən edib. Bunların içərisində geniş yayılanı insan hüquq və azadlıqlarının, demokratiyanın guya pozulması ilə bağlı məsələləri daha tez-tez qabardırlar. Təəssüf ki, ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində mübarizə aparacaq iki real namizədin debatlarında və platformalarında bu barədə hər hansı fikrə rast gəlinmir. Son illər daha çox istifadə edilən insan hüquqlarının pozulması ABŞ-ın və Qərb dövlətlərinin ən "kəsərli silahı"na çevrilib. Bu metodla müxtəlif dövlətlərə təzyiqlər göstərilir və həmin təzyiq getdikcə daha da artırılır. Guya həmin dövlətlərdə humanitar fəlakətin yaranması barədə iddialar ortaya qoyulur, ardınca da müxtəlif təsir və təzyiq üsulları işə salınır. Bununla da həmin dövlətləri idarə edən hökumətlərə siyasi təzyiq göstərilir, onları asılı vəziyyətə salmaq niyyəti güdülür. Beləliklə də, Qərb dövlətləri, o cümlədən ABŞ bu siyasətdən yararlanmaqla öz geosiyasi niyyətlərini həyata keçirir. Bu məqsədlərə çatmaq üçün Amerika bir çox hallarda hərbi təcavüz aktına əl atmaqdan da çəkinməyib. İraqda, Liviyada, Yuqoslaviyada bu mənzərənin dəfələrlə şahidi olmuşuq. Lakin hərbi təcavüzə əl atılması, bu və ya digər dövləti bombalamaq üsulundan istifadə edilməsi çox böyük məsrəflərə səbəb olur. Bu həm də ABŞ-ın beynəlxalq imicinə mənfi təsir göstərir. Ona görə də Amerika bu və ya digər dövlətdə insan hüquq və azadlıqlarının, o cümlədən söz və mətbuat azadlığının pozulması, demokratiyanın boğulması, vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qalması kimi məsələləri əlində bayraq edərək müxtəlif təzyiq üsullarını işə salır. Bu, onların ənənəvi taktikasıdır.
Nurlan