“Demokratiya simvolu”nun antidemokratik seçki üsulu
Sayca Ağ Evin 45-ci prezidentinin müəyyənləşdirilməsinə sayılı günlər qaldığı bir ərəfədə namizədlərdən Donald Trampın seçkilərin saxtalaşdırılacağına dair verdiyi “sürpriz” açıqlama istər Amerika cəmiyyəti, istərsə də xarici aləmdə ciddi rezonans doğrurub.
28 Oktyabr 2016 15:26 DünyaOkeanın o tayında seçkinin taleyini kim həll edir?
Sayca Ağ Evin 45-ci prezidentinin müəyyənləşdirilməsinə sayılı günlər qaldığı bir ərəfədə namizədlərdən Donald Trampın seçkilərin saxtalaşdırılacağına dair verdiyi "sürpriz" açıqlama istər Amerika cəmiyyəti, istərsə də xarici aləmdə ciddi rezonans doğrurub. Hazırkı Ağ Ev administrasiyası Trampın məlum açıqlamasını təkzib etməklə məşğul olduğu bir halda xarici mediada bu məsələ gündəmin baş mövzusuna çevrilib. Xarici kütləvi informasiya vasitələri dünyaya demokratiya dərsi keçən və nümunə göstərilən Birləşmiş Ştatların seçki saxtakarlıqları barədə silsilə və araşdırma materiallar dərc edirlər. Aparılan təhlillər, Birləşmiş Ştatların seçki mühitinə salınan nəzər onu deməyə əsas verir ki, ümumiyyətlə Amerikada keçirilən seçkilər, xüsusilə Ağ Ev rəhbəri uğrunda aparılan seçki kampaniyası indiyə qədər beynəlxalq aləmə nümunə kimi göstərilən demokratiya ənənəsindən çox-çox uzaqdır. Bunu okeanın o tayında seçki prosesi ərəfəsində cərəyan edən proseslər aydın şəkildə sübuta yetirir. Bir qayda dünyada "seçkilərin taleyini xalq müəyyən edir" prinsipi əsas götürülür və istənilən ölkədə keçirilən bu və ya digər seçkilərdə xalqın səsi əsas rol oynayır. Yəni, son sözü səsvermə günü xalq deyir. Məhz xalqın səsvermə günü ortaya qoyduğu mövqe əsasında kimin seçildiyi ortaya çıxır. Ancaq bu prinsip demokratiya carçısı kimi dünyaya sırınan Birləşmiş Ştatlarda çox-çox uzaqdır. Yəni, okeanın o tayında keçirilən seçkilərdə xalqın rəyindən, mövqeyindən daha çox Amerikanın zəngin sərmayədarlarınən istəyi əsas rol oynayır. Əgər belə olmasaydı və digər demokratik ölkələrdə olduğu kimi Birləşmiş Ştatlarda da xalqın səsi əsas götürürlsəydi, o halda səsvermə günü vətəndaşların istirahət gününə təsadüf edərdi. Məlumdur ki, uzun illərdir okeanın o tayında prezident seçkiləri noyabr ayının ilk çərşənbə axşamı gününə təsadüf edir. Bu il də həmin "ənənə" pozulmayacaq. Bəziləri belə düşünər ki, burada qeyri-adi bir şey yoxdur və seçicilər seçkilərin həftənin hansı gününə təsadüf etməsindən asılı olmayaraq seçki məntəqələrində öz səsvermə hüququndan istifadə edə bilərlər. Ancaq bu yanaşma heç də doğru deyil. Nəzərə alsaq ki, çərşənbə axşamı iş gününə təsadüf edir, o zaman seçicilərin böyük əkəriyyətinin səsvermə günü seçki mənətəqələrinə gələrək öz seçib-seçilmək hüquqlarından istifadə edə bilmədiyi aydın olur. Baxmayaraq ki, dəfələrlə Amerika vətəndaşları səsvermə gününün istirahət gününə təsadüf etməsi barədə təşəbbüslə çıxış edib, amma buna baxmayaraq "demokratiya simvolu" sayılan bir ölkə və onun rəsmi qurumları Amerika seçicilərinin mövqeyini nəzərə almır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərində səsvermə hüququna malik amerika seçicilərinin cəmi 25-30 faizi seçkilərdə iştirak edir. O halda, Birləşmiş Ştatlarda səsvermə günü nə üçün istirahət gününə salınmır? Axı Birləşmiş Ştatlar doğurdan da demokratiya simvoludursa, o halda nə üçün bu məqamı nəzərə almır? Əslində yuxarıdakı fikirlərimizdə bu sualın cavabı verilib. Yəni, Amerikada keçirilən seçkilərdə seçicilərin mövqeyi əsas deyil. O səbəbdən, seçkilərdə seçicinin iştirak edib-etmədiyi belə Birləşmiş Ştatların idarəçiləri üçün maraqlı deyil. Halbuki, Ağ Evin addım başı qərəzli yanaşma ortaya qoyaraq tənqid etdiyi, demokratik prinsiplərin pozulduğu iddia edildiyi ölkələrdə səsvermə günü məhz istirahət gününə təsadüf edir ki, seçicilər sərbəst şəkildə, heç bir vaxt itgisi yaşamadan seçki məntəqələrinə gələrək səsvermə prosesində iştirak edə bilsinlər. Bunu elə hərdən qeyri-obyektiv olaraq tənqid etdiyi Azərbaycanın timsalında da Vaşinqtona göstərmək olar. Yəqin Amerika rəsmiləri bilməmiş olmazlar ki, Azərbaycanda səsvermə günü həftənin iş gününə təsadüf etdiyi halda belə, həmin gün istirahət günü sayılır. Bu da öz-özlüyündə seçkilərdə seçicinin səsinə verilən qiymət, onun taleyinin məhz eçici tərəfindən müəyyənləşdirildiyinin əyani sübutudur. Yəni, yuxarıda qeyd edilənləri, seçkinin taleyini seçicinin həll etdiyini biz boş-boş sözlərdə deyil, real əməldə sübuta yetiririk. O halda ortaya maraqlı sual çıxır. Birləşmiş Ştatlarda keçirilən seçkilər daha demokratik ola bilər, yoxsa Azərbaycanda? Təbii ki, Azərbaycanda. Bu müqayisəni eyni prinsipi, metodologiyanı həyata keçirən ölkələrlə də aparmaq olar. Hansı ki, həmin ölkələrdə də Birləşmiş Ştatlardan fərqli olaraq seçici səsi əsas götürülür. O halda hansı əsasla Birləşmiş Ştatlar demokratiya simvolu hesab edilə bilər? Birləşmiş Ştatlarda seçici səsinə qiymət verilmədiyi, seçkinin taleyini seçicinin həll etmədyinə ən bariz nümunə yaxın keçmişdə, 2000-cü ildə keçirilmiş prezident seçkilərinin nəticələrini göstərmək olar. Belə ki, həmin seçkilərdə mübarizə aparan Corc Buş rəqibi Əl Qordan 500 min az səs toplamasına baxmayaraq, nəticədə Ağ Ev rəhbəri əL Qor deyil, məhz Corc Buş oldu. Ümumiyyətlə, Birləşmiş Ştatlarda 4 dəfə seçicilərin əksəriyyətinin səsini qazanan şəxs prezident seçilə bilməyib. Çünki Birıəşmiş Ştatlarda anormal bir seçki mühiti mövcuddur. Belə ki, okeanın o tayında seçki iki pilləlidir. Prezidenti 50 ştatın və Vaşinqton dairəsinin Seçici Kollegiyası seçir. Burada hər ştatın neçə səsi olmağı əvvəlcədən məlumdur. Namizəd hansı ştatda udursa, o ştatın Seçici Kollegiyasındakı səslərinin hamısını qazanır.
S.İsmayılbəyli