Türkiyə Mosul əməliyyatından niyə kənarda saxlanılır?

Bu günlərdə dünyanın əsas diqqət mərkəzi Mosula yönəlib. İŞİD terror təşkilatına qarşı başda Birləşmiş Ştatlar olmaqla beynəlxalq koalisiyanın həyata keçirdiyi əməliyyatlar hələlik istənilən məntiqi nəticəyə çatmasa da, ancaq ümumilikdə hərbi əməliyyatları nisbətən uğurlu saymaq olar.

Zahid Oruc: "Türkləri kənarda qoymaq müharibəni başqa əllə aparmaq istəyənlərin növbəti avantürasıdır"

"Hami İŞİD kartından sonranı hesablayır və qalib dövlətlərin mükafatına göz dikir"

Bu günlərdə dünyanın əsas diqqət mərkəzi Mosula yönəlib. İŞİD terror təşkilatına qarşı başda Birləşmiş Ştatlar olmaqla beynəlxalq koalisiyanın həyata keçirdiyi əməliyyatlar hələlik istənilən məntiqi nəticəyə çatmasa da, ancaq ümumilikdə hərbi əməliyyatları nisbətən uğurlu saymaq olar. Ən azından terror təşkilatının liderinin Mosuldan qaçması və İŞİD üzvləri arasında yaranmış ruh düşkünlüyü belə deməyə əsas verir. Ancaq Mosulda həyata keçirilən hərbi əməliyyatlar Türkiyəni o qədər də qane etmir. Səbəb isə rəsmi Ankaranın haqsız şəkidə bu əməliyyatlardan kənarda saxlanılmasıdır. Təsadüfi deyil ki, təkcə Türkiyənin rəsmi və qeyri-rəsmi dairələri deyil, eləcə də müstəqil ekspertlər, siyasətçilər Türkiyənin Mosul əməliyyatından kənarda saxlanılmasını doğru hesab etmirlər. Bildirilir ki, Ankara-Moskva yaxınlaşmasının Qərbdə yaratdığı narahatçılıq buna səbəb olan amillərdəndir.

Millət vəkili Zahid Oruc hesab edir ki,Türkiyəsiz və Rusiyasız hazırlanan planın hədəfi elə hər iki dövlətin son yaxınlaşmasına zərbə vurmağa yönəlib. Onun sözlərinə görə, planın nüvəsində başqa məqsədlər də var: "Ərdoğanın tribunadan hədələrinə baxmayaraq, heç kəs ona müttəfiqlik sazişi təklif edəsi deyil. Binəli Yıldırım və silahlı qüvvələrin rəhbəri Hülusu Akarın Amerikaya və Bağdada gedərək müxtəlif diplomatik danışqlar aparması nəticə verməyib. Qazi Mustafa Kamalın tarixi missiyasını təkrarlamaq üçünsə, təkcə onun cəsurluğuna sahib olmaq deyil, həm də siyasi uzaqgörənliyinə uyğun hərəkət etməyi bacarmalısan". Millət vəkili deyib ki, türkmənlər naminə gedib İraqın 30 minlik legioner ordusuna qoşulmaq türk silahlı qüvvələri üçün təhqir olardı: "Əl Abadi onları işğalçı sayır.Tarixin ironiyasına baxın ki, bir ölkənin parlamenti və hökumətinin mövqeyini heç kəs saya salmadan İrandan tutmuş Səudiyyə Ərəbistanına qədər bir-birinə zidd dövlətlər Səddamın vətənini döyüş meydanına çeviriblər, həmin ölkənin başsız lideri əlini yaxın qonşusuna yönəldib xalqda saxta düşmən obrazı yaradır. Halbuki türklər Dabık və Soran yaşayış məntəqələrini xilafət cihadçılarından təmizləyib oturublar orda. Hadisələrin belə ssenari ilə inkişafı, Suriya və İraq ərazilərinin türk siyasi iradəsinin ziddinə yenidən bölüşdürülməsi açıq şəkildə Kürdüstan dövlətinin coğrafiyasını genişləndirməyə hesablanıb. Çünki məzhəb parçalanmasından əziyyət çəkən ərəblərdən fərqli olaraq,yeganə nizami ordunu peşmərgələr qurub. Türkləri kənarda qoymaq müharibəni başqa əllə aparmaq istəyənlərin növbəti avantürasıdır.Hami İŞİD kartından sonranı hesablayır və qalib dövlətlərin mükafatına göz dikir. Məhmətciklər kiminlə vahid bir səngərə girsələr

də peşmərgələri məhv etmək planından əl çəkəsi deyillər. Türkiyənin vahidliyi və təhlükəsizliyi bundan asılıdır. PKK-nı başqa hədəflərə və ərazilərə saldırı yapmağa vadar etmək üçün Vaşinqton heç zaman Ankaraya yardım etməz. Ona görə də islam bayrağı altında toplaşan terrorçuları qırandan sonra Bərzani öz silahını kimə qarşı çevirəcəyini hamıdan yaxşı bilir". Millət vəkili bildirib ki, Kürdüstanı qurmaq Yaxın Şərq labirintindən çıxmaq üçün mühüm siyasi həlqələrdən biridir: "2009-cu ildə konqresmen olan Con Kerri böyük nümayəndə heyəti ilə Kərkükə təsadüfi gəlməmişdi. Siyasi xəritə dəyişməsə o bölgədə sabitlik bərqərar olmayacaq. Ərazilərin yenidən cızılması hesabına ərəb arxitekturasını tamam dəyişmək gərəkdir. Diktator deyib devirdikləri şəxslərdən alınan ölkələrin coğrafiyası əlverişli strategiyalar naminə yenidən bölünməlidir. Bununla da İranın da qarşısında mühüm bir divar çəkilir və ərəb dünyasındakı dayaqlarına zərbə vurulur. Digər tərəfdən Türkiyəni regionda təkbaşına xarici siyasət qərarlarından uzaqlaşdırmaq, dövləti əldə saxlamaq və separatizmi daimi silaha çevirmək üçün bundan yaxşı ssenari ola bilməz. İndi Ərbilə neft mənbəyi kimi baxan və Bərzaninin çirkli pullarla boğacağını düşünən Ərdoğanın planını ona qarşı çevirirlər. Rusların Suriya üzərindən əməliyyatlarını pisləyib Aleppoda qırılan dinc vətəndaşları kütləvi medianın obyektivinə daşıyanlar indi hansı haqla faktiki 1 milyon insanın yaşadığı məntəqəyə hücuma keçiblər? Zərbələrin dəqiq vurulduğuna kim zəmanət verir? Yoxsa, Fransa təyyarələri Bağdadi tərəfdarlarını adbaad tanıyır və raketlər mülki vətəndaşlara zərər yetirmir? Halbuki vəhşət cəbhəsindən gələn xəbərlər bunun əksini deyir. Çünki kitabxanalardan tutmuş zirzəmilərə qədər hamısı terrorçuların özünümüdafiə istehkamlarıdır.Tunellərdə gizlədilən bombaların və neft gölməçələrinin yandırılması, canlı bombalar kimi yetişdirilən mücahidlərin həmlələri İraqın 2-ci böyük yaşayış məntəqəsində qələbənin asan olmayacağından xəbər verir. Beynəlxalq hüquq müdafiə təşkilatları insanlıq əleyhinə cinaytələrin son iki gündə qat-qat artdığını bəyan edirlər. İndi hərbi teatr səhnəsini canlı yayımla dünyaya göstərənlər, bir azdan kameraları terror bayrağının dalğalandığı yeni ünvanlara yönəldəcəklər. CNN daxil bütün dünyəvi kanalları əskərlərlə birgə hərəkət edirlər. Hamı qanlı və canlı reportajlar gözləyir". Zahid Oruc onu da vurğulayıb ki, müsəlmanların müqəddəs aylarını onun qanı ilə bəzəməyin özü də Qərbin şühadalığa verdiyi böyük önəmin nəticəsidir: "Yeri gəlmişkən, yəqin əməliyyatlar 40 günün tamamında başa çatacaq.Lakin imam Hüseynin silahdaşlarından fərqli olaraq, bu dəfə Yezidin ordusuna qalib gələnlər ərəbin xilaskarına deyil, qəbirqazanına çevriləcəklər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31