“İŞİD hələlik son ssenaridir”

İraqın Mosul şəhərində İŞİD terror təşkilatına qarşı başlanan hərbi əməliyyatlar davam edir.

Əli Qənbərli: "Gerçəkdənmi dünyanın super gücləri bir İŞİD ilə bacara bilmir?"

"Terror təşkilatını maliyyələşdirən güclərin maraqları təmin olunmayana qədər İŞİD ilə mübarizə tam nəticəsini verməyəcək"

İraqın Mosul şəhərində İŞİD terror təşkilatına qarşı başlanan hərbi əməliyyatlar davam edir. Hərbi əməliyyatların başlamasından cəmi iki gün keçməsinə baxmayaraq koalisiya qüvvələri və İraqın hərbi birləşmələri terror təşkilatına sarsıdıcı zərbələr vurmağa müvəffəq olub. Hərbi əməliyyatlar başlayandan dərhal sonra isə terror təşkilatı rəhbərliyinin Mosulu tərk etdiyi bildirilir. Bu arada Birləşmiş Ştatların Müdafiə Nazirliyinin sözçüsünün Mosul əməliyyatı barədə verdiyi açıqlama onu deməyə əsas verir ki, koalisiya qüvvələri bütövlükdə İraqı terror birləşmələrindən təmizləmək niyyətindədir. Belə ki, Müdafiə Nazirliyinin sözçüsü Piter Kuk deyib ki, İŞİD terrorçuları sonadək müqavimət göstərmək niyyətində olduqları üçün Mosulun azad olunması vaxt ala bilər. Məlumat üçün qeyd edək ki, Mosulda 4-8 min arası İŞİD terrorçusu var. İlkin əməliyyatlar və əldə edilən nəticə onu deməyə əsas verir ki, hələlik koalisiya qüvvələri qarşılarına qoyduqları hədəflərə doğru irəliləməkdədirlər. Ancaq nəticənin necə olacağı tam aydın deyil. Elə bu məqsədlə də politoloq Əli Qənbərliyə müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Əli Qənbərli koalisiya qüvvələrinin Mosulda İŞİD terror təşkilatına qarşı apardığı mübarizədən, onun uğurlu olub-olmayacağından, eləcə də koalisiya qüvvələrinin təqiblərindən qaçan terror təşkilatının digər ölkələrə, xüsusilə Türkiyəyə keçmə ehtimalından danışıb.

-Əli müəllim, məlum olduğu kimi artıq ikinci gündür ki, koalisiya qüvvələri İraqın Mosul şəhərində İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlara başlayıb. Sizcə, bu əməliyyatlar nə dərəcədə effektli alınacaq və terror təşkilatını tamamilə zərərsizləşdirmək mümkün olacaqmı?

-Son dövrdə beynəlxalq aləmdə baş verən proseslər əslində yeni dünya hökmranlığı fikrindən, yeni iqtisadi qazanc yolları əldə etmək ideyasından qaynaqlanır. İŞİD terror təşkilatının yaranması da, bu senarinin tərkib hissəsidir. Bu məqsədə çatmaq üçün uzun müddət ərzində müxtəlif formada iş aparılıb. İŞİD hələlik son ssenaridir. Sual yaranır, yəni gerçəkdənmi dünyanın super gücləri bir İŞİD ilə bacara bilmir?! Cavab o qədər aydındır ki, onun şərhə ehtiyacı yoxdur. İŞİD-i maliyyələşdirən güclər var. Bu güclərin maraqları təmin olunmayana qədər İŞİD ilə mübarizə tam nəticəsini verməyəcək. O cümlədən, Mosuldakı hərbi əməliyyatların da tam faydalı olmayacağını düşünürəm.

-Mosulda hərbi əməliyyatlar başlayandan sonra terror təşkilatının rəhbərliyinin İraqdan qaçdığı bildirilir. Bu İŞİD terror təşkilatının digər regionlara doğru hərəkət etməsi və ona qarşı başlanan hücuma cavab olaraq yenidən qanlı terror aksiyaları törətməsinə yol aça bilərmi?

-Bəli, bu ehtimal var. Çünki dəfələrlə İŞİD terror təşkilatının yaydığı bəyanatlarda dünyanın bir çox ölkələri təhdid edilir. Yəni onlar üçün məkan önəmli deyil, önəmli olan məqsəddir. Məqsədə uyğun olaraq terror təşkilatının seçdiyi məkanlar da dəyişə bilər. Aydındır ki, İŞİD məqsədinə terror vasitəsilə nail olmaq istəyir. Əgər , yerdəyişmə baş verərsə, yeni-yeni terror aktları da qaçılmaz olacaq.

-Bu mənada İŞİD terror təşkilatının İraqa yaxınlıq baxımından Türkiyəyə müdaxiləsi nə dərəcədə mümkündür?

-İŞİD terror təşkilatının Türkiyəyə müdaxiləsi hər an gözləniləndir. Amma, Türkiyə höküməti bu məsələdə qəti mövqe ortaya qoyub. Üstəlik son dövrlərdə Türkiyə xarici siyasətində əhəmiyyətli dönüşün baş verməsi bu hadisələri daha da aktiv fazaya gətirə bilər. Lakin, Türkiyə heç vaxt buna imkan verməyəcək. İŞİD-ə qarşı son əməliyyatlarda Türkiyənin iştirakı artıq, Türkiyənin bu məsələdə çevik davrandığının əlamətidir.

-Sizcə, İŞİD-ə qarşı başlanan hərbi əməliyyatlar İraqa sabitlik gətirəcəkmi və bu ölkədə normal atmosfer yaranacaqmı?

-Hərbi əməliyyatlar İraqa bir halda sabitlik gətirə bilər ki, hamı bunu istəsin. Amma, reallıq başqadır. Bu gün elə dövlətlər var ki, özlərini İŞİD-ə qarşı mübarizə aparan tərəf kimi təqdim edir. Beynəlxalq ictimaiyyəti də çaşdıra bilir. Amma reallıqda isə həmin dövlətlər İŞİD-in güclənməsində maraqlıdırlar. Ümumilikdə, götürəndə isə indiyə qədər heç bir əməliyyat itkisiz başa çatmayıb. Söhbət dinc sakinlərin həlak olmasından gedir. Hərbi əməliyyatlar çox zaman təəssüf doğuran nəticələrlə yadda qalır.

-Sizcə, koalisiya qüvvələri Mosuldan sonra Suriyada Əsədə qarşı hərəkətə keçə bilərmi və bu baş verəcəyi təqdirdə Qərblə Rusiya yenidən Suriyada baş-başa gələcəkmi?

-Düşünmürəm ki, İŞİD-dən sonra koalisiya qüvvələrinin hədəfi Əsəd ola bilər. Əsəd Suriyanın legitim prezidentidir. Düzdür ona qarşı beynəlxalq miqyasda təzyiqlər var. Amma, bu təzyiqlər birtərəfli deyil. Yəni, Əsədi müdafiə edən beynəlxalq güclər də var. Hətta, Əsədə qarşı həmlə olsa belə onu müdafiə edənlər olacaq. Bunu Əsədin getməyini istəyən tərəflər də yaxşı bildiyindən düşünürəm ki, Əsədə qarşı belə kompaniya olmayacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31