Fransa terrorunu doğuran səbəblər
Beynəlxalq terrorizm öz təhlükəli fəaliyyətini davam etdirməkdədir. Türkiyə və Belçikanın ardınca bu dəfə Fransa beynəlxalq terrorizmin qurbanına çevrildi. Belə ki, Fransa son illərin daha bir ağır terror hadisəsi ilə üzləşdi.
15 İyul 2016 15:49 DünyaNitsa terroru və onun acı nəticələri
Beynəlxalq terrorizm öz təhlükəli fəaliyyətini davam etdirməkdədir. Türkiyə və Belçikanın ardınca bu dəfə Fransa beynəlxalq terrorizmin qurbanına çevrildi. Belə ki, Fransa son illərin daha bir ağır terror hadisəsi ilə üzləşdi. Ölkənin cənubundakı Nitsa şəhərdə həyata keçirilən terror aksiyası zamanı 84 nəfər həlak oldu, 120-dən artıq insan müxtəlif dərəcəli xəsarət aldı. Terraktın Bastilyanın alınma günü münasibətilə keçirilən bayram tədbirinə təsadüf etməsi insan tələfatının çox olmasını şərtləndirdi. Xəbərlərdən də aydın olduğu kimi "Promenade Des Anglais" prospektində bir yük maşını kütlənin içərisinə hərəkət edib və avtomobildə olan silahlılar tərəfindən ətrafdıkılara atəş açılıb. Həlak olanlar təkcə terrorçuların açdığı atəşə tuş gəlməyiblər. Belə ki, avtomobilin saatda 90 kilometr sürətlə hərəkət etməsi də onlarla insanın yük maşınının altında qalaraq həlak olmasına səbəb olub. Terror hadisəsi baş verən anda aksiyanı İŞİD terror təşkilatı öz üzərinə götürüb. Bu arada Fransanın hüquq mühafizə orqanları da baş verən terror aksiyasının araşdırılması məqsədilə hərəkətə keçib. Polisin apardığı araşdırmalar zamanı terraktın iştirakçılarından birinin 31 yaşlı tunisli olduğu məlum olub. Maraqlıdır ki, həmin şəxsin elə Nitsa vətəndaşı olduğu bildirilir.
Bu arada bir məqama da toxunmaq lazımdır. Belə ki, bir neçə ilə əvvəl Fransanın məşhur dərgilərindən birinə edilən silahlı hücum və onlarla insanın həlak olmasına gətirib çıxaran hadisə də məhz bu ölkədə yaşayan və Fransa vətəndaşı sayılan biri tərəfindən həyata keçirilmişdi. Deməli, Fransa hökuməti ilk növbədə hər hansı bir olayın baş vermə səbəbini, ona gətirib çıxaran amilləri araşdırmalıdır. Adətən ayrı-ayrı insanlar, kütlə hakimiyyətlərdən narazı qaldığı halda belə qanlı olaylara əl atır. Görünür rəsmi Parisin həyata keçirdiyi daxili siyasətdə, insanlarla davranış qaydalarında hansısa problemlər mövcuddur.
Əks halda yaşadığı ölkədə heç bir problemlə üzləşməyən, əsassız yerə təqib edilməyən biri heç vaxt bu kimi mənfi addımlar atmaz.
Terror hadisəsindən dərhal sonra Fransada mətbuat üzərində müəyyən mənada senzura tətbiq edilib. Ölkənin kütləvi informasiya vasitələrində, eləcə də Facebook sosial şəbəkəsində terrorla əlaqədar bütün paylaşımlar qadağan edilib. Nitsa terroru Fransa prezidenti Fransua Ollandın tətilini təxirə salaraq təcili Parisə qayıtmasına səbəb olub. Fransa prezidenti Parisə qayıdar-qayıtmaz Təhıükəsizlik Şurasının iclasını çağırıb. Həmçinin ölkədə ciddi təhlükəsizlik tədbirləri görülüb.
Bu arada bəzi maraqlı məqamlar ortaya çıxıb. Belə ki, Fransanın əks-kəşfiyyatının terror hücumu barədə əvvəlcədən xəbərdarlıq etdiyi barədə xəbərlər yayılıb. Ancaq buna rəğmən ölkənin güc strukturlarının hansı səbəbdən bu xəbərdarlığı ciddiyə almadığı şübhə doğurur. Bu arada onu da qeyd etmıək lazımdır ki, Fransanın Daxili Təhlükəsizlik İdarəsinin rəhbəri Patrik Kalvar da hələ bir neçə ay əvvəl may ayında ölkədə nəqliyyat vasitələrinin istifadəsi ilə mümkün terror hücumu barədə xəbərdarlıq etmişdi.
Nitsa şəhərində baş verən terror aksiyası ilə bağlı dünya dövlətlərinin liderləri Fransa prezidenti Fransua Ollanda başsağlığı verərək qanlı terror aksiyasını qətiyyətlə pislədiklərini ifadə ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Fransa prezidenti Fransua Ollanda başsağlığı verib. Başsağlığı məktubunda deyilir ki, Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı. Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik. Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram"
Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Nitsa terrorunu pisləyən açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik: "Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır. Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq".
Türkiyənin baş naziri Binali Yıldırım da Nitsa terrorunu pisləyən açıqlama ilə çıxış edib. Fransız xalqına başsağlığı verən Türkiyənin Baş naziri Binali Yıldırım Fransanın Nitsa şəhərində həyata keçirilən terror aktını pisləyib. Baş nazir bildirib ki, terror dünyanın hansı yerində olmasından asılı olmayaraq, bir insanlıq cinayətidir.
Rusiya Prezidenti Vladimir Putin Nitsada törədilmiş terror aktının amansızlığından təsirlənib. Vladimir Putinin Fransa Prezidenti Fransua Ollanda göndərdiyi teleqramda deyilir ki, bu qorxunc şər üzərində qələbə qazanmaq üçün bütün səyləri birləşdirmək lazımdır: "Terrorçuluğun bütün forma və təzahürləri ilə ardıcıl və güzəştsiz mübarizə aparmaq lazımdır".
Birləşmiş Ştatların Prezidenti Barak Obama da Fransanın Nitsa şəhərində törədilən terror hücumunu pisləyib. Ağ Ev rəhbəri Barak Obama Nitsa şəhərində insanların ölümünə və yaralanmasına səbəb olan "dəhşətli terror hücumu"nu qəti şəkildə pisləyib. Barak Obama hadisənin araşdırılmasında ABŞ-ın hər cür yardıma hazır olduğunu bildirdi.
NATO-nun baş katibi Yens Stoltenberq də Fransa terroruna reaksiya verib. O, bildirib ki, NATO alyansın müdafiə etdiyi dəyərlərə zərbə vuran Nitsadakı terror aktı qarşısında Fransa ilə həmrəydir. Onun sözlərinə görə, bu hücüm günahsız insanlara və əsas dəyərlərə qarşı törədilib. Yens Stoltenberq qeyd edib ki, terror demokratiyaya, azadlığa heç vaxt qalib gəlməyəcək.
Almaniyanın kansleri Angela Merkel Fransa Prezidentinə ünvanladığı başsağlığında qeyd edib ki, Almaniyadakı bütün insanlar terrorizmlə mübarizədə fransalı dostları ilə həmrəydirlər. O qeyd edib ki, Almaniya terrorizmlə mübarizədə Fransanın tərəfindədir: "Mən bütün çətinliklərə baxmayaraq, qalib gələcəyimizə inanıram". Fransa Müsəlmanlar Şurası Nitsa şəhərində törədilmiş terror aktını pisləyiblər. Şura üzvləri cümə günü terror qurbanlarının ruhuna dua etməyə çağırıblar.
Fransanın Nitsa şəhərində həyata keçirilən qanlı terror aksiyasına ekspertlərin münasibəti də maraqlıdır. Hər kəs insan ölümünə səbəb olan bu kimi halları qətiyyətlə pisləsə də, lakin ona səbəb olan amillərin araşdırılıb üzə çıxarılması da haqlı olaraq səsləndirilir.
Politoloq Cəbrayıl Fərzəliyev hesab edir ki, Fransa hakimiyyətin belə zəif olması terrorçulara imkan verir ki, onlar istədiyi şəkildə terror hadisələrini törədə bilsinlər: "Hesab edirəm ki, aksiyanın İŞİD terror təskilatı tərəindən törədilməsində şübhələr
var. Çünki İŞİD artıq bir mifə çevrilib. Dünyanın hansı nöqtəsində terror hadisəsi törədilirsə ilk olaraq İŞİD günahlandırıilir. İŞİD-də dünyaya öz "gücünü" göstərmək üçün bütün analoji terror aktlarını öz üzərinə götürür. Bir şeyi də nəzərə almaq lazımdır ki, artıq İŞİD- də əvvəlki deyil. Çünki bu terror təşkilatının özü də parçalanıb. Bir sözlə, Nitsa şəhərində törədilən bu terror hadisəsi bir daha Fransa xidmət orqanlarının, ümumilikdə isə hakimiyyətin zəifliyinin göstəricisidir".
Araşdırmaçı Zaur Əliyev Fransanın Nitsa şəhərində törədilmiş terror aktını bir insan olaraq qınadığını söyləyib: "Heç bir insanın terrora məruz qalmasını qəlbən istəmərəm. İnsan ölümü, özü də günahsız insanların ölümü faciədir". Zaur Əliyev onu da qeyd edib ki, Fransa artıq bu hadisələrdən ibrət almalıdır: "İllərdir ASALA, PKK və digər terrorçu təşkilatları və ən başda terrorçu dövlət Ermənistanı dəstəkləməkdən vaz keçməlidir. Bəli, biz illərdir terrora məruz qalırıq. Xocalıda, Qaradağlıda törədilən soyqrımlar fransız silahları, fransız geyimləri, fransız dəstəyi ilə icra edildi, ermənilər Fransann himayəsində türk xalqlarına qarşı xaç yürüşü həyata keçirirlər. Əsir düşən soydalarımızın orqanları məhz Fransa xəstəxanalarında çıxarıldı, illərdir həmsədr kimi yarıtmaz addımlar atan Fransa bəlkə ayılasan!. 23 ildən çoxdur doğma yurdlarından məcburi köçkün düşən insanların yurd həsrəti ilə ölməsi terror deyilmi? Fransa bəlkə indi başa düşə. Terror pis bir aktdır. Onlar insanlığa qarşı mübarizə aparan qrupları və dövlətləri dəstəkləməkdən vaz keçib sülhə, barışa və haqqa doğru addım atmağı düşünməlidilər. Biz azərbaycanllar olaraq heç bir kəsin ölümün istəmirik. Lap erməni olsa belə. Biz sülh istəyirik. Bizim haqq davamıza ədalətli qiymət verən Fransa nə qədər ki, gözünü açıb əsl reallıqları görməyəcək bax belə terrorlarla canı ağrıyacaq. Canının ağrımasın istəmirsənsə canı ağrıdanlarla deyil, canı ağrıyanlarla bir ol Fransa".
İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, bu gün geniş yayılmış ağılsız, vəhşi terrorun əsas səbəbkarları elə Qərb dövlətləridir: "Ona görə yox ki, onlar terror təşkilatlarını qurublar, istifadə ediblər. Məhz ona görə ki, onilliklərlə Yaxın Şərq və ərəb coğrafiyasında avtoritar, savadsız, vəhşi rejimləri və liderləri "stabillik" və "maraq" anlayışlarına görə dəstəkləyiblər. Çox səhv yanaşma idi, səhvin nəticəsində indi nə stabillik var, nə də maraqları təmin edilir. Ümid edirəm ki, Qərb dövlətləri və institutları yaxın keçmişdən doğru dərslər çıxaracaqlar. Yoxsa mənfur terrorun kökü kəsilməyəcək. Çünki bugünki terror illərdir Qərbin dəstəklədiyi məhz o axmaq və avtoritar rejimlərin əsəridir. Allah dünyanın istənilən yerində günahsız insanları öz axmaq və fanatik ideologiyalarına görə qətlə yetirənlərə lənət eləsin".
Süleyman