Həyətini qazdı, yerin altından villa tapdı VIDEO
19 Aprel 2016 20:20 DünyaBöyük Britaniyada bir sakin həyətini qazarkən maraqlı kəşfə imza atıb. Övladları tennis oynasın deyə həyətdə onlar üçün meydança hazırlamağa qərar verən Luk İrvin yeri qazarkən torpağın altında 2 min illik villa olduğunu üzə çıxarıb. Yerin altında sərt divar qatının olduğunu hiss edən İrvin, qazıntını davam etdirib. Həyətdə aşkarlanan qədim roma dövrünə aid mozaikalı tikili, tarixçilərin də diqqətini cəlb edib. Aradan əsrlər keçməsinə baxmayaraq mozaikalar öz orijinallığını qoruyub saxlaya bilib. Qədim Roma imperiyası dövründə mozaikalı tikililərin zəngin insanlara məxsus olduğu məlum məsələdir. Uorminster şəhəri yaxınlığında aşkarlanan qədim villada daha bir neçə nümunə tapılıb ki, onun keçmiş sahibinin kifayət qədər varlı olduğuna işarə vurur. Qədim tikilidə dövrün dəmir pulları ilə yanaşı, bir neçə yırtıcı heyvanın sümükləri də aşkarlanıb. Qədim villada aparılan ilkin araşdırmalardan sonra, onun eramızın təxminən 175-220-ci illəri arasında inşa edildiyi məlum olub. Bu tikiliyə 1400 ildir heç kimin əlinin dəymədiyi güman edilir.