Uça-uça saç kəsdi - Britaniyalı bərbər sənətin “zirvəsində” VIDEO
19 Aprel 2016 18:47 DünyaBöyük Britaniyada bir bərbər sözün əsl mənasında karyerasının ən yüksək dövrünü yaşayıb. Yerdən yüzlərlə metr hündürlükdə müştərinin saçını kəsən Ciakomo Liçata bununla dünya tarixinə öz imzasını atıb. 50 yaşlı saç ustas hər zaman yüksəklik qorxusundan əziyyət çəksə də, hava balonu ilə uçmağa razılıq verib. Göydə özünü mümkün qədər soyuqqanlı aparmağa çalışan Ciakomo diqqətini müştərinin başına cəmləyərək onun saçlarını normal şəkildə kəsə bilib. Təxminən 300 metr hündürlükdə baş verənlər kameralardan lentə alınıb və görüntülər təhlil edilmək üçün Ginnes təşkilatına göndərilib. Bildirilir ki, indiyədək heç kim hava balonunda bu qədər yüksək hündürlükdə saçlarını kəsdirməyib. Bununla belə, britaniyalı bərbərin rekord vurub vurmadığına ekspertlər aydınlıq gətirəcəklər. Yüzlərlə metr hündürlükdə kiminsə saçlarını kəsməyin inanılmaz duyğu olduğunu desə də, britaniyalı bərbər bir daha belə bir riskə getməyəcəyini də etiraf edib. Bərbərlərin söhbət etməyi çox sevdiyi hamıya məlumdur. Ciakomo Liçata da deyir ki, bu hadisə ona ən azı 1 həftə eyni mövzudan danışmağa imkan verəcək.