Birinci rübdə “iPhone” satışları 43,8 faiz azalıb

Bu ilin birinci rübündə "Apple" şirkəti təxminən 42 milyon ədəd "iPhone" smartfonunun satışını həyata keçirib. Bu, 2015-ci ilin dördüncü rübündəki göstəricilərdən 43,8 faiz azdır. İKT.lent.az-ın "Fortune" saytına istinadən məlumatına görə, bu barədə "TrendForce" araşdırma şirkətinin hesabatında deyilir. Bundan başqa, "iPhone" satışları 2015-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 12 milyon ədəd aşağı düşüb. Həmin dövr 55 milyon ədəd smartfon satılıb. "TrendForce" analitikləri qeyd edir ki, istehlakçıların marağının azalması cihazın funksionallığının əhəmiyyətli dərəcədə genişləndirilməməsindən irəli gəlib.  Hazırda "Apple"ın bazar payı ötən rübdəki 20,9 faizə qarşı 14,4 faiz təşkil edir. Bir il öncə şirkət bazarın 19,9 faizinə sahib idi. Analitiklərin proqnozlarına görə, "Apple" bu il ərzində 213 milyon ədəd smartfon reallaşdıra biləcək ki, bu da ötənilki göstəricidən 10 faiz azdır.

Qeyd edək ki, korporasiya smartfon istehsalını azaltmağı düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00