Tibb dünyasını şoka salan faktlar
15 Aprel 2016 18:30 DünyaƏn yüksək bədən hərarətiniz nə qədər olub? Yəqin ki, 46,5 dərəcə demək heç kimin ağlına gəlməz. Lakin 1980-ci ildə Uilli Conson adlı şəxs məhz bu cür bədən temperaturu ilə xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən hər şey yaxşı nəticələnib və 24 gün sonra Uilli xəstəxanadan evə buraxılıb. 1994-cü il 23 fevral tarixində tibb işçiləri daha bir anomaliya ilə qarşılaşdılar. Kanada sakini 2 yaşlı Karli Kozolofski ən aşağı - yəni 14,2 dərəcə temperatur ilə xəstəxanaya gətirilmişdi. Əməliyyat olunan 42 yaşlı qadının mədəsindən 2533 metal əşya çıxarıldı. Eşidən, görən hər kəsin təəccübünə səbəb olan və ən maraqlı tibbi fakt kimi tarixə düşən bu hadisə İngiltərədə qeydə alınıb. İndiyə kimi insan bədənindən çıxarılan ən ağır cism 2,35 kiloqram ağırlığındakı saç olub. Onu da qeyd edək ki, dünyada trixofaqiya adlı xəstəlik mövcuddur ki, bu zaman insanlar öz saçlarını yeyirlər. 21 il ərzində 565 939 dərman qəbul edən Zimbabve sakini isə ən çox dərman qəbul etmiş şəxs kimi adını tarixə yazmağı bacarıb. İngiltərə sakini Samuel Davidson da adını tibb tarixinə yazdıran şəxslərdəndir. Ən çox iynə vurulan şəxs kimi. Ömrünün sonuna kimi orta hesabla Samuelə nə az, nə çox 78 900 insulin iynəsi vurulub. Amerika Birləşmiş Ştatları (ABŞ) sakini Çarlz Yensenin həyatı isə demək olar ki, əməliyyat masalarında keçib. O, şişləri aradan götürmək məqsədilə 1954-1994-cü illər ərzində 970 dəfə əməliyyat masasına uzanıb. Tibb tarixində ən uzun əməliyyat isə 96 saat çəkib. Əməliyyat nəticəsində kistaları götürülən qadının əməliyyatdan sonra çəkisi 280 kiloqramdan 140 kiloqrama düşüb. Bir insan ürəyi döyünmədən nə qədər yaşaya bilər? Çoxları bunun 3-5 dəqiqə arasında dəyişdiyini düşünsə də, Norveçdən olan balıqçı Yan Revsal ürəyi dayandıqdan 4 saat sonra yenidən həyata qayıtmaqla hər kəsi şoka salıb. Avtomobil yarışlarının iştirakçısı Devid Perli də adını tibb tarixinə yazdıran şəxslərdəndir. 1971-ci ildə avtomobil yarışında qəzaya uğrayan Devidin əməliyyat masasında 6 dəfə ürəyi dayanıb və möcüzə nəticəsində hər dəfə həyata dönüb.