Yaxın Şərqdə gərginliyin artırılması Qərbin yeni layihəsi kimi

Məqsəd ərəb ölkələrində yeni siyasi hakimiyyətlər formalaşdırmaqdır

Yaxın Şərq bu gün sözün həqiqi mənasında cəhənnəmi xatırladır. Bir tərəfdən Suriyada gedən döyüşlər, digər tərəfdən İraqda terror aktları və silahlı qarşıdurmaların artması regionu dərin bir uçuruma sürükləməkdədir. Qeyd edilən problemlər həlini tapmamış meydana gələn İran-Səudiyyə Ərəbistanı gərginliyi isə prosesləri özünün pik nöqtəsinə çatdırıb. Artıq Suriya, İŞİD-lə mübarizə məsələsi demək olar ki, arxa plana keçib. Hazırda bütün diqqətlər Tehran-Ər-Riyad gərginliyinə yönəlib.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyir ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərdə sərinlik hələ 2011-ci ildən etibarən müşahidə edilməyə başlanıb. Onun sözlərinə görə, həmin il Tunisdə Ərəb baharının başlanması ilə start götürən siyasi kataklizmlər Yaxın Şərqin ərəb dövlətləri, xüsusən Yəmən və Suriyada dərinləşən siyasi böhran fonunda bu regionda nüfuzu uğrunda iki müsəlman ölkəsi İran İslam Respublikası və Səudiyyə Ərəbistanını qarşı-qarşıya qoydu: "İranın Suriyada öz maraqları naminə Bəşər Əsəd rejimini dəstəkləməsi, hərbi yardımları, özünə qarşı təhlükələri Suriyada dəf etmək istəyi və orada nüfuz qazanması ərəbləri narahat edirdi. İranın maliyyələşdirdiyi "Hizbullah"ın fəal şəkildə Əsəd tərəfindən hərbi əməliyyatlarda iştirakı, Səudiyyə Ərəbistanın isə İŞİD terror təşkilatını maliyyələşdirməsi iki ölkənin ciddi münaqişədə olmasını göstəriridi. 1979- cu ildə İran İslam İnqilabının baş verməsindən sonra dövlət ideologiyası olan şiə hilalı və onu region ölkələrinə yayması, Səudiyyənin isə vəhhabi ideoloji-siyasi xətti ilə region ölkələrinə təsiri iki ölkənin nüfuz savaşının getdikcə dərinləşəcəyindən xəbər verirdi. İranın Yəmənin daxili işlərinə qarışaraq Husi silahlarını dəstəkləməsi və bu ölkədə uğurlu manevrləri də Səudiyyəni ciddi narahat edirdi və öz sərhədlrində İranın dəstəkləyəcəyi bir hakimiyyətin bərqərar olmasını təhlükəsizliyinə təhdid sayırdı. Ona görə də ciddi şəkildə Yəmənə qarşı havadan hərbi əməliyyatlar keçirdi. Görünən odur ki, İran və Səudiyyə Ərəbistanı Yəməndə və Suriyada açıq münaqişədədi". Məhəmməd Əsədullazadə deyib ki, Səudiyyə Ərəbistanında şiə alimi Nimr ən-Nimrinin edam edilməsindən sonra İranda bu ölkəyə aid nümayəndəliklərin yandırılması tərəflər arasında ciddi gərginliyə səbəb oldu: "Səudiyyə Ərəbistanının bu həssas məqamda edam hökmünü yerinə yetirməsi, İranın regionda artan siyasi-hərbi iştirakına mesaj və Tehranın bu siyasətinə qarşı ciddi maneə olacağının göstəricisi idi. Səudiyyə bu addımı atmaqla İranın reaksiyasın gözləyirdi və iki ölkə arasında yarı gizli, yarı açıq münaqişə bu olaydan sonra daha da sürət qazandı. Hesab edirəm ki, bundan sonra Səudiyyə

Ərəbistanı Bəhreyndə, İraqda, Yəməndə , Fələstində və Suriyada İranın mümkün təsirlərinin zəiflədilməsi uğrunda ciddi işlər aparacaq. Həmçinin Ərəb Liqasının daha effektli çalışması və birlik nümayiş etdirməsi üçün bundan sonra əməli fəaliyyətə keçəcək. Bir sıra ərəb ölkələrinin diplomatik korpuslarını geri çağırması və Səudiyyə ilə həmrəy nümayiş etdirməsi də İranın ciddi şəkildə regionda təsirinin zəifləməsində mühüm rol oynayacaq". İnstitut rəhbərinin sözlərinə görə, İranın Rusiyadan S-300 raket komplekslərini alması, özünün hava məkanını müdafiə qabiliyyətini yüksəltməsi heç şübhəsiz ki, ərəb liderlərini narahat etməyə bilməz: "Hazırda Körfəz ölkələrinin də silahlanması da diqqətdən qaçmamalıdır. Maraqlısı odur ki, Birləşmiş Ştatların bu məsələdə seyrçi mövqe tutması onun müəyyən nəticələr barədə hesablamalar apardığından xəbər verir". Məhəmməd Əsədullazadə hesab edir ki, İran və Səudiyyə Ərəbistanının açıq hərbi əməliyyatlara başlaması real görünməsə də, tərəflər arasında münasibətlərin, qarşıdurmanın Yəmən, Suriya və İraqda kəskinləyəcəyi qaçılmazdı: "Bunun acı nəticələrini isə bölgə xalqları çəkəcək. Səudiyyənin başçılığı ilə terrora qarşı İslam koalisiyası təşkilatının yaradılması və region ölkələrinin, xüsusən Türkiyənin bu birlikdə olması, Rusiya-İran xəttinin Yaxın Şərqdə genişlənməsinin qarşısının alınmasına, eləcə də ərəb sünni hökumətlərinin formalaşmasına hesablanıb. Yaşanan bu gərginlikdən sonra İranla Səudiyyənin gələcək perspektivdə əməkdaşlığı və əlaqələrin bərpası sual altındadır". Ekspert hesab edir ki, Yaxın Şərqdə Türkiyənin rolu daha da güclənməli və Ərəb ölkələri ilə sıx əlaqləri bərpa etməlidir: "Həmçinin kürdlərin bu coğrafiyada fəaliyyətinin qarşısını almalıdır. Məhz Kürd və İranın güclənməməsi məsələsində Ərəb ölkələri ilə Türkiyənin siyasəti üst-üstə düşür. Həmçinin İranın yaxın Şərqdə güclənməsi, Cənubi Qafqaza, xüsusən Azərbaycana qarşı təzyiqləri artıracaq. İndidən İran rəsmilərinin dilindən Azərbaycanla bağlı narahatedici açıqlamalar verilir. İran və Səudiyyə Ərəbistanı siyasi toqquşması, Yaxın Şərqin yeni siyasi hakimiyyətlərinin formalaşması istiqamətində müəyyən rol oynayacaq. Səudiyyə Yəməndə husilərin hakimiyyətə gəlməsinə imkan verməyəcək, İran isə husiləri dəstəkləməklə Səudiyyənin içərilərinə qədər hərbi əməliyytaların genişlənməsinə çalışacaq". Məhəmməd Əsədullazadənin sözlərinə görə, yalnız Türkiyə iki ölkənin əlaqələrinin normallaşdırılmasında vasitəçi ola bilər: "Gərginləşən Yaxın Şərq coğrafiyası ,Qərbin müəyyən dairələrinin və strateqlərinin yeni bir layihəsi olmaqla genişlənməkdədir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00