“İran gərginliyi müharibə həddinə çatdırarsa...” – Yaxın Şərqlə bağlı QORXULU PROQNOZ

"Səudiyyə Ərəbistanı ABŞ-İran nüvə razılaşmasından sonra İranın bölgədə güclənməsinə qarşı çıxır. Buna görə də Suriya müxalifətinə dəstək verir. Yəmənin tamamilə İranın təsiri altına girməsinə qarşı mübarizə aparır. Şeyx Nimr əl-Nimrin edamı və İranın verdiyi reaksiya isə simvolikdir".

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə mediasına müsahibəsində uzun illər Səudiyyə Ərəbistanında yaşayan və bölgəni çox yaxşı tanıyan jurnalist yazar İsmayıl Yaşa deyib.

"Şeyx Nimr əl-Nimr İran vətəndaşı deyil, fars da deyil. Lakin İran dünyadakı bütün şiələrin himayəçisi rolunun zədələnməsini istəmir. Bundan başqa, Yəmən və Suriyada nüfuz mübarizəsi baş verir. Bu mübarizə bundan sonra da davam edəcək. Qarşıdurmanı Nimrin edamı ilə bağlamaq səhv olardı. İran milli maraqlarını bir ərəb şiə din adamı ilə bağlamayacaq qədər realist və milliyyətçi bir dövlətdir", - İsmayıl Yaşa qeyd edib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında terror aktları baş verə bilər və Ər-Riyad da bu ehtimalı nəzərə alıb. Ancaq İsmayıl Yaşa hesab edir ki, Ərəbistandakı şiə azlığın böyük miqyaslı xaos və gərginlik yarada biləcək gücü yoxdur: "Belə bir güc olsaydı, "Ərəb baharı" dövründə Bəhreyndə olduğu kimi mütləq sınaqdan keçirərdilər. Bundan başqa, şiələrin etirazını Bəhreyndə boğan Səudiyyə Ərəbistanı öz ölkəsində olacaq hər hansı etiraz və xaosun öhdəsindən gəlməkdə çətinlik çəkməyəcək".

Qərbin uzun müddət əvvəl şiələri "kəşf" etdiyini deyən İsmayıl Yaşanın sözlərinə görə, Amerika bölgənin jandarm vəzifəsini İsrail ilə birlikdə İrana vermək niyyətindədir: "Buna görə də İranın önü açılır. Sünnilər "Əl- Qaidə" və İŞİD kimi terror təşkilatları vasitəsilə şeytanlaşdırılır, şiə qruplarının işlədiyi hər cür cinayət və qətliam isə "görünmür". Suriyada rejim qüvvələri ilə birlikdə xalqa qarşı döyüşən onlarla şiə təşkilatı var. Lakin terror təşkilatı və xarici döyüşçülərdən bəhs ediləndə onlardan heç biri ağla gəlmir. İran tərəfindən də aktiv dəstəklənən şiələr artıq öz dövrünün gəldiyinə inanırlar. Qərbin Səddamı devirib İraqı şiələrə təslim etməsində də bunun təsiri var".

Jurnalist yazar iki ölkə arasında bütün regionu da əhatə edəcək qarşıdurmanın olmayacağını düşünür: "Çünki İran gərginliyi müharibəyə qədər çatdırarsa, qarşısında yalnız Səudiyyə Ərəbistanı deyil, islam dünyasının böyük hissəsinin olacağını bilir. İran öz daxilində də çox güclü ölkə deyil. Fərqli etnik və məzhəb azlıqları var. Müharibə olsa sözügedən qruplar da aktivləşəcək və bu İranın parçalanması deməkdir. Bundan başqa, Amerika iki ölkə arasında gərginliyin artmasını istəmir. Amma Amerika istəyir ki, Səudiyyə Ərəbistanı və bölgənin digər ölkələri İranın bölgədəki rolunu qəbul etsinlər. Səudiyyə Ərəbistanı isə bunu qəbul etmir.  Yaşanan gərginlik də əslində Qərbin İrana verdiyi geniş meydanla bağlıdır. Səudiyyə Ərəbistanı mümkün qədər daha çox ərəb və müsəlman ölkəsinin dəstəyini alaraq İrana qarşı diplomatik mübarizə aparacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00