“Apple”da rekord maaşlar: vitse-prezident ildə 25 milyon$ qazanır

ABŞ-ın və dünyanın nəhəng texnologiya şirkətlərindən olan "Apple"ın baş direktorunun ötənilki şəxsi qazancının miqdarı açıqlanıb. İKT.lent.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, "Apple" CEO-su Tim Kuk 2015-ci ildə 10,3 milyon dollar gəlir əldə edib. Bu, əvvəlki ilə nisbətən 11,5% çoxdur. T. Kukun aldığı əməkhaqqı 14% artaraq 2 milyon dollar təşkil edib, bonus kompensasiyaları isə 19% yüksələrək 8 milyon dollar olub. Lakin maraqlıdır ki, T. Kuk korporasiyada ən az qazanan top-menecerdir.

"Apple" rəhbərliyində ən çox gəlir əldə edən şəxs pərakəndə ticarət və internet-mağazalar üzrə baş vitse-prezident Anjela Arends olub. O, ötən il 25,8 milyon dollar pul alıb. Maliyyə direktoru Luka Maestri isə 25,3 milyon dollar qazanıb.

Qeyd edək ki, T. Kuk həm də "Apple"da 3,1 milyon ədəd səhmə malikdir. Bu səhmlərin dəyərinin 310 milyon dollar olduğu bildirilir.

Onu da əlavə edək ki, 2015-ci ildə "Apple" korporasiyasının illik gəliri 28% artaraq 234 milyard dollara çatıb. T. Kuk ötən maliyyə ilini şirkət tarixində ən uğurlu il adlandırıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00