Dünya ictimaiyyəti Ermənistanı qınaq obyektinə çevirə bilər

Onun işğalçı siyasəti haqda geniş məlumatlar əldə etsə

"Son illər Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir". Bunu millət vəkili Sevinc Fətəliyeva yap.org.az saytına müsahibəsində deyib. Millət vəkili bildirib ki, milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli aktor rolunu oynayır. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özü bir çox regional məsələlərdə həlledici söz sahibinə çevrilib. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyat və sosial rifah dayanır: "İnkişaf edən Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Təbii ki, bu amillər ölkəmiz haqqında təsəvvürlər yaradır. Bu, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib rol oynayır". Onun sözlərinə görə, Azərbaycan Respublikasının xarici siyasətinin gündəmində duran ən ümdə vəzifə Ermənistanın Azərbaycana qarşı təcavüzünün və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının və qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmasının təmin edilməsi dayanır. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirakını davam etdirir. Lakin Ermənistan tərəfindən qeyri-konstruktiv və işğalçı siyasətin davam etdirilməsi münaqişənin sülh yolu ilə həllinə imkan verməyib. Ermənistan yalnız danışıqlar prosesi zamanı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi ilə deyil, eləcə də, qoşunların təmas xəttində törətdiyi təxribatları, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi və orada Azərbaycan xalqına aid maddi-mədəni və tarixi irsin viran edilməsi əməlləri ilə məqsədyönlü şəkildə vəziyyəti daha da gərginləşdirməyə və danışıqlar prosesinə xələl gətirməyə çalışır: "Ona görə də, bizim başlıca vəzifəmiz beynəlxalq miqyasda bu reallıqları dünya ictimaiyyətinə çatdırmaq, Ermənistanın siyasətini ifşa etməkdir. Bu istiqamətdə dövlət səviyyəsində lazımi addımlar atır. Amma bu iş bütün cəmiyyət səviyyəsində davam etdirilməli və aktivlik daha da artırılmalıdır. Çünki müasir dövrdə ən güclü silah informasiyadır. Biz tez tez görürük ki, yanlış məlumatlar yanlış təəssüratlar yaradır və sonunda qərəzli münasibətə səbəb olur. Ona görə də, Azərbaycan haqda real həqiqətlərinin imkan daxilində dünya ictimaiyyətinə çatdırılması hər bir vətəndaşımızın vəzifəsidir. Bu amil informasiya müharibəsində qələbəmizi şərtləndirən əsas məqamlardan biridir. Dünya ictimaiyyəti işğalçı Ermənistanın siyasəti haqda nə qədər geniş məlumatlar əldə etsə, onu daha çox qınaq obyektinə çevirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00