Yaxın Şərqdə yeni bir müharibə gözlənilirmi?
Elxan Ələsgərov: “Tehran-Ər-Riyad münasibətləri müharibə səviyyəsinə gəlib çıxmayacaq”
6 Yanvar 2016 13:31 Dünya"Çünki dünya dövlətləri də iki ölkə arasında münasibətlərin normallaşmasına çalışırlar"
Hazırda bütün dünyanın diqqəti Səudiyyə Ərəbistanı ilə İran arasında yaranmış gərginliyə yönəlib. Bir çox ekspertlər proseslərin Tehran və Ər-Riyad arasında savaşa gətirib çıxaracağını bildirsə də, bunun əksini söyləyənlər də var. Müsbət məqamlardan biri ondan ibarətdir ki, iki İslam dövləti arasında savaşın baş verməməsi üçün artıq beynəlxalq təşkilat və qurumlar hərəkətə keçib. Belə ki, rəsmi Moskva tərəflərə problemi diplomatik yolla həll etməyi tövsiyyə edib və bəzi təkliflər səsləndiib. Həmçinin BMT baş katibi Pan Gi-Mun Ər-Riyad və Tehranı yalnış addımlar atmaqdan çəkinməyə çağırıb. Bəs görəsən Tehran-Ər-Riyad münasibətləri bundan sonra hansı məcrada inkişaf edəcək. Məsələ ilə bağlı fikirlərini bildirən "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru, politoloq Elxan Ələsgərov deyib ki, Səudiyyə Ərəbistanı ilə İran arasında gərginlik ayətullah Nimr əl-Nimrinin edam edilməsindən sonra başlayıb. Əl-Nimrinin şiə alimi olduğunu deyən Elxan Ələsgərov qeyd edib ki, sözügedən şəxs "ərəb baharı" zamanı həbs edilib: "Məlumat üçün qeyd edək ki, ərəb inqilabı zamanı Səudiyyə Ərəbistanının 15 faizlik şiə əhalisi də baş qaldırdı. O zaman, həmin qüvvələr Səudiyyə Ərəbistanı rəhbərliyi, eləcə də kral ailəsinə qarşı çıxışlar edirdilər. Nimr əl-Nimri 2014-cü ildə həbs olunmuşdu və onun barəsində edam cəzası çıxarılmışdı. Lakin ötən müddət ərzində əl-Nimri barəsində çıxarılan edam qərarı icra edilməmişdi. Bu günlərdə isə əl-Nimri də daxil olmaqla 40-dan artıq şəxs edam edildi". Elxan Ələsgərov deyib ki, İraq müharibəsindən sonra bu ölkədə şiələr hakimiyyətə gəlməyə başladı, dövlət strukturları və orduda vacib postları tutdular ki, bu da Səudiyyə Ərəbistanı tərəfindən heç də xoş qarşılanmadı: "Amma lazım idi ki, Ər-Riyad cərəyan edən proseslərdən bir nəticə çıxartsın. Belə ki, Səudiyyə Ərəbistanı açıq şəkildə Suriyada gedən əməliyyatlarda iştirak etməsə də, bu ölkənin orada tərəfdarları var. Etiraf edək ki, hələ də onlar Əsəd rejiminə qarşı qalib gələ bilmirlər. Eyni zamanda Səudiyyə Ərəbistanı ilə sərhəddə, Yəməndə baş verən hadisələr də bu ölkə üçün müəyyən problemlər yaradır. Belə ki, Yəmən hərbi birləşmələri müntəzəm olaraq Səudiyyə Ərəbistanını atəşə tuturlar. Belə bir vəziyyətdə dini liderin edam edilməsi Səudiyyə Ərəbistanının həmin qüvvələrə qarşı atmış olduğu adekvat addım idi". "Baku Network" ekspert şurasının rəhbərinin sözlərinə görə, İranın Səudiyyə Ərəbistanına qarşı ciddi etirazı gözlənilirdi. Ancaq Elxan Ələsgərov hesab edir ki, rəsmi Tehranın proseslərə etirazı bir qədər çərçivədən kənar şəkildə oldu: "Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluğa hücumlar oldu, etirazçılar səfirlik binasına daxil oldular. Bu beynəlxalq qanunlara əsasən doğru hərəkət deyildi. Düzdür, etirazlar ola bilərdi, amma reaksiya bu şəkildə olmalı deyildi. Bir məqamı da qeyd etmək yerinə düşər ki, İran dövləti səfirliyə qarşı baş vermiş hücuma etirazını bildirdi. Hətta İran rəsmiləri Səudiyyə Ərəbistanı səfirliyinə təşkil edilən hücuma görə 42 nəfərin həbs edildiyini, onlara qarşı cinayət işinin açıldığını bildirdilər. Buna baxmayaraq proseslər daha da gərginliyə doğru getdi. Ər-Riyad Tehrandakı səfirini geri çağırdı. Eyni zamanda Sudan tərəfindən İranla bağlı anoloji addım atıldı". Politoloq deyib ki, proseslərin belə cərəyan etməsi iki ölkə arasındakı münasibətləri müharibə həddinə gətirib. Ancaq Elxan Ələsgərov Tehranla Ər-Riyad arasında hərbi qarşıdurmanın baş verəcəyini istisna edir: "Çünki son bəyanatlar onu göstərir ki, nə İran, nə də Səudiyyə Ərəbistanı müharibəyə getməkdə maraqlıdır. İran Səudiyyə Ərəbistanı ilə münasibətlərin kəskinləşməsinin qarşısını almağa çalışır, problemin danışıqlar yolu ilə həll edilməsinə səy göstərir. Eyni zamanda Səudiyyə Ərəbistanı İranla münasibətlərin müharibə səviyyəsinə gəlib çıxmasını istəmir. Ona görə də hesab edirəm ki, Tehran-Ər-Riyad münasibətləri müharibə səviyyəsinə gəlib çıxmayacaq. Çünki dünya dövlətləri də iki ölkə arasında münasibətlərin normallaşmasına çalışırlar. Bu istiqamətdə Rusiya diplomatik addımlar atdı, Tehranla Ər-Riyadın arasında hansısa formada uzlaşmanın olmasına çalışdı, müəyyən təkliflər verdi. Eyni zamanda Birləşmiş Ştatların Dövlət Departamentinin nümayəndəsi problemin sülh yolu ilə həlli üçün çağırış etdi". Elxan Ələsgərovun sözlərinə görə, istər İraq. istərsə də Suriyada davam edən şiə-sünni qarşıdurması. istərsə də Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan gərginlik İslam sivilizasiyası üçün mənfi fəsadlar törədir: "İlk növbədə bu coğrafiyada məscidlər, tarixi abidələr dağıdılır, İslam mədəniyyəti məhv edilir, kitabxanalar dağıdılır. Digər tərəfdən bu kimi qarşıdurmalar nəticəsində çoxlu sayda insan tələfatı baş verir. Yüz minlərlə insan bu qarşıdurmalar nəticəsində həyatını itirir. Həmçinin bu kimi qarşıdurmalar böyük miqyaslı qaçqın axınına səbəb olur. Əgər İranla Səudiyyə Ərəbistanı arasında hansısa hərbi qarşıdurma yaransa, o halda milyonlarla insan müharibədən qaçmaq üçün dünyaya səpələnəcək. Ümumiyyətlə, bu böyük bir fəlakət gətirə bilər. Ümid edirəm ki, vəziyyət bu həddə çatmaz". Elxan Ələsgərov deyib ki, dünyadakı fəsadlar, İran-Səudiyyə Ərəbistanı, şiə-sünni qarşıdurması, Suriyadakı proseslər, müharibələr, terror təşkilatlarının fəaliyyəti dolayısıyla Azərbaycana da mənfi təsirini göstərir: "Bu yaxınlarda Gürcüstandakı soydaşlarımızdan olan bir vəhhabi şiə olan həmkəndlisini bıçaqlayıb. Göründüyü kimi dünyadakı fəsadlar, İran-Səudiyyə Ərəbistanı, şiə-sünni məsələsi, Suriyadakı döyüşlər, eləcə də terror təşkilatlarının fəaliyyəti dolayı yolla bizə də hansısa mənfi nəticələr göstərir. Ona görə də biz bu uzlaşmanın, şiə-sünni qrupların, din xadimlərinin bir yerdə toplanması və bu məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ümid edirik ki, belə də olacaq"
Süleyman İsmayılbəyli