Türkiyə-Rusiya gərginliyində PKK və erməni marağı

Bu gərginliyi nə Türk, nə də sadə Rus xalqı arzulamır

Keçən ilin son aylarından gərginləşən Ankara-Moskva münasibətlərində hələlik hansısa bir normallaşma müşahidə edilmir. Əksinə müəyyən qüvvələr hər vasitə ilə iki ölkə arasındakı ciddi bir qarşıdurmanın meydana gəlməsinə çalışır. Hazırda müşahidə edilən mənzərə, eləcə də Türkiyənin hava məkanını pozduğuna görə vurulmuş Rusiyanın SU-24 təyyarəsi olayından ötən müddət ərzində aparılan müzakirə və müşahidələr onu deməyə əsas verir ki, hər iki dövlət üçün gərəksiz olan bu olayın baş verməsində daha çox maraqlı qüvvələr vardı. Belə ki, Türkiyə ilə Rusiya arasında yaşanan bu gərginlikdən ən çox PKK-nın uzantısı olan HDP ilə Ermənistan dövlətinin maraqlı olduğu aşkar göz önündədir. HDP sədri Səlahəddin Dəmirdaş (Demirtaş) bu hadisədən sonra Türkiyəni günahlandırdı. İki ölkə arasında ciddi ixtilaflar yaşandığı halda Moskvaya şübhəli səfər etdi.

Müstəqil ekspert Rövşən Məmmədli bildirub ki, həmin səfər zamanı ən maraqlısı və diqqət çəkəni Dəmirdaşın Rusiyanın xarici işlər naziri ilə görüşməsi oldu: "Həmçinin bu görüşdə Dəmirdaşın Türkiyənin əleyhinə danışması, Türkiyəni aşağılayan fikirlər söyləməsi diqqətçəkici idi. Diqqət edəndə Dəmirdaşı həmin görüşdə müşahidə edən şəxslərin üzlərində, dodaqlarında Lavrovdan nə isə uman yazıq bir sima görünürdü.Yəni bu görüş iki ciddi tərəfin diplomatik görüşü təsirindən çox uzaq idi. Əslində Dəmirdaşın Moskvada Lavrov səviyyəsində qarşılanmasına hüquqi əsas verən hal da ortada yox idi. Birincisi, Dəmirdaş öz dövlətinə sayqı ilə yanaşıb bu böhran zamanı Rusiyaya getməməliydi. Getmişdisə də ən yaxşı halda Rusiya Dövlət Dumasının üzvləri və Dumada təmsil olunan partiya başçıları, müstəqil siyasətçilərlə görüşə bilərdi. Axı Dəmirdaş Rusiyanın baş diplomatı ilə Türkiyənin hansı önəmli təklif və problemini müzakirə edə bilərdi? Təbii ki, nə Dəmirdaş bu məqsədlə Moskvaya getməmişdi, nə də Lavrov da onu bu məqsədlə qəbul etməmişdi. Lavrov Dəmirdaşın qulağına nə pıçıldamışdısa, HDP sədri geri qayıdan kimi PKK vasitəsilə Cizrədə, Surda "xəndək" qazdıraraq bunu böyük bir söhbətə, mübahisəyə çevirərək açıq-aşkaq qoca Türkiyə dövlətinə meydan oxudu, Kürd xalqının adından həqiqətə uyğun olmayan sayıqlamalar etdi, bəyanatlar verdi. Onun bu sayqısız çıxışlarını öncəki çıxışları ilə heç cürə eynləşdirmək olmazdı. Bu çıxışında Dəmirdaş PKK-nın bütün istək və tələblərini səsləndirərək kürdlərlə Türklərin min illər boyu birgə yaşam tərzlərinə, qardaşlıq duyğularına, həmişə bir olmaq hisslərinə xain zərbələr

vurmağa cəhdlər etdi. Rusiyaya gedənə qədər olan Dəmirdaşla indiki Dəmirdaş arasında xeyli fərqli görünür. Vətənə, millətinə bu dərəcədə xəyanət etmək, kinli olmaq heç onun özünə də yaraşmır". Ekspert qeyd edib ki, Rusiya-Türkiyə arasında yaşanan gərginlikdən Ermənistan və onun prezidenti Serj Sərkisyan maksimum dərəcədə bəhrələnib, bu gərginliyin daha da artmasına xidmət edən hərəkətlərə yol verib: "Qarabağda təmas xəttində atəşkəsi daha çox və daha qabarıq pozub, hətta "irəli" gedərək atəşkəsin müddətinin başa çatdığını, Azərbaycanla müharibənin davam etdiyi haqqında bəyənatlar səsləndirib. Münaqişənin tənzimlənməsi ilə bağlı Minsk qrupunun Bern toplantısında da Sərkisyan özünü pozucu tərəf kimi aparıb, toplantını belə yarımçıq qoyaraq oradan Rusiyaya, ağalarının yanına üz tutub. Rusiya NATO-su olan qurumda çıxış edərkən nəinki Rusiya ilə Türkiyənin arasını daha da vurmağa çalışıb, hətta Türk dünyasını bir-birinə qarşı qoymağa can atan sayaqlamalar edib. Beləliklə PKK ilə Ermənistan dövlətinin Moskva ilə Ankara arasında yaşanan gərginlikdən maksimum öz maraqları üçün istifadə cəhdləri ortadadır. Bu həm də elə gözlənilən idi. Ancaq burada daha müəmmalı olan Rusiyanın xarici işlər naziri erməni əsilli Sergey Lavrovun davranış və bəyanatları oldu. Lavrovun bu hərəkətlərini təhlil edəndə belə görünür ki, sanki, o özü də elə Rusiya ilə Türkiyənin arasında gərginlik yaranmasında maraqlı olub. Dəmirdaşı çox məmnunluqla qarşılayan Lavrovun onu Türkiyə əleyhinə daha da sərt davranmağa ruhlandırması ilə yanaşı, bu günlərdə Türkiyədə insan hüquqlarının pozulmasına dair bəyanat səsləndirməsi təccüb doğurub. Bu açıq-aşkar qərəzli bir bəyanat idi. Birincisi, dünyada ən çox insan hüquqları pozulan ölkənin Rusiya olduğu bütün dünyaya bəllidir. İkincisi isə Rusiya nəinki öz ölkəsində, elə yaxın qonşu dövlətlərdə də aşkar şəkildə insan hüquqlarını pozur. Gürcüstanın dövlət sərhədlərinə müdaxilə edir, Ukraynanı parçalayır, ərazilərini öz ərazisinə qatır. Bu zaman bütün müharibə və sivil insanlarla davranış qaydalarını pozur. Bununla yanaşı Suriyada dinc insanları qırır, bütün bəşəriyyəti qorxu içində saxlamaq arzusuna düşür. Belə bir ölkənin baş diplomatının Türkiyə kimi demokratik və insan hüquqlarına sayqı və həsasslıqla yanaşan dövləti insan hüquqlarını pozmaqda suçlaması xeyli düşündürücü və müəmmalıdır. Düşünmək olar ki, Lavrov bu bəyanatı ilə Dəmirdaşa son vaxtlar Türkiyə hakimiyyəti əleyhinə etdiyi çıxışlara görə dəstək vermək istəyib. Bütün bunlar və digər hallar artıq belə təxminlər verir ki, Rusiyanın hərbi təyyarəsinin Türkiyənin dövlət sərhədlərini nümayişkaranə şəkildə pozması və edilən xəbərdarlıqlara əməl etməməsi öncədən müəyyən qüvvələr tərəfindən hazırlanmış və bu baş verdikdən sonra da bu olaydan bacardıqca istifadə edib Rusiya ilə Türkiyənin arasında yaranmış yaxın qonşuluq münasibətlərini, böyük önəmə malik iqtisadi və ticari əlaqələri pozmaq, hətta bu iki dövləti bacardıqca biri-biri ilə toqquşdurmaq niyyəti güdüblər. Odur ki, Rusiya Federasiyasının prezidenti

Vladimir Putin əsassız olaraq Türkiyə əleyhinə bu qədər qəzəb göstərməkdənsə, baş verən olayı dərindən, xırda detallarına qədər araşdırıb, vurulan SU-24 təyyarəsinin nə üçün Türkiyənin sərhəddini bu cür nümayişkaranə şəkildə pozmasının səbəblərinə aydınlıq gətirsə daha yaxşı olar. Nəticə etibarilə bu iki qonşu dövlətin arasında lazımsız gərginliyin yaşanmasına da son qoyular. Bu halı nə Türk xalqı, nə də sadə Rus xalqı arzulamır, istəmir. Bu xalqlar tarixi qonşuluğun dinc axarda davamına maraqlıdırlar".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00