Dünənlə srağagünün savaşı...

"Dünənlə srağagünün savaşında dünən xoş sabah kimi görünür" - ötən il vəfat etmiş məşhur yazıçı və Sol siyasətçi Eduardo Qaleano bir neçə il əvvəl yazırdı.

Onsuz da dəlilik tutmaları içində qovrulan dünyamızda konturları aydınlaşan yeni münaqişə - İranla Səudiyyə Ərəbistanının qarşıdurması yadımıza Qaleanonun diaqnozunu salır. Qətiyyən mütərəqqi şəxsiyyət təəssüratı yaratmayan şiə din xadimi Nim ən-Nimrin orta əsrlər Səudiyyəsində edam edilməsindən sonra yaranan vəziyyət də dünənlə srağagünün toqquşmasına bənzəyir. Mütərəqqi ideologiyalardan imtina etmiş bəşəriyyətin sabahını bu iki keçmiş müəyyənləşdirə bilərmiş.

Nimr ən-Nimr arxaik Səudiyyə Ərəbistanında siyasi və dini bərabərçilik uğrunda uzun müddətdir mübarizə aparırdı. Sələfi monarxiyasında şiə olmaq, üstəlik də aktiv fəaliyyətə qatılmaq olduqca risqli işdir. 56 yaşlı Nimr ən-Nimrin bioqrafiyası buna sübutdur. O, dəfələrlə həbs olunub, bir neçə ilini məhbəsdə keçirib. 2008-ci ildə ABŞ hərbçiləri onunla görüşüb və Nimri Səudiyyə Ərəbistanının ən nüfuzlu şiə xadimi kimi dəyərləndiriblər. Təhsilini Tehranda və Dəməşqdə alıb. Ən-Nimr Səudiyyədə monarxiyanın devrilməsinə, bununla belə yerində kübar yox, teokratik dövlətin qurulmasına çağırır.

"Ərəb baharı" başlayanda proses Səudiyyə və Bəhreyndəki şiə azlıqlardan da yan keçmir. 2012-ci ilin iyununda kütləvi etiraz aksiyası zamanı ən-Nimr ayağından ygüllə ilə vurularaq həbs edilir. Bu həbs yeni etirazlar dalğası yaradır, hətta ev dustaqlığında olan şahzadə Səhər bint-Abdalla da onun müdafiəsinə qalxır. Sonra məhkəmə, ədalətliliyi böyük şübhələr doğuran hökm - edam cəzası.

Hazırda türmədə Nimr ən-Nimrin qardaşı oğlu Əli Məhəmməd də edamını gözləyir. O, hələ yeniyetmə yaşında - 2012-ci ilin fevralında etirazlar zamanı tutulub, 2 il sonra barəsində ölüm hökmü çıxarılıb. Məhəmmədin əvvəlcə başı vurulmalı, sonra isə bədəni çarmıxa çəkilməlidir. Bir çox Qərb lideri (o cümlədən, Fransua Olland və Ceyms Kemeron) rəsmi Ər-Riyadı gənci edam etməməyə çağırsa da, hələlik bu çağırışlar nəticəsiz qalmaqdadır. Həbs edilərkən yeniyetmə yaşda olması onun edamını qanunsuz edirmiş.

***

Yanvarın 2-də Nimr ən-Nimr və daha 46 nəfər edam edildi. Bu, son 35 ildə Səudiyyə Ərəbistanında ən kütləvi edam hadisəsidir - son dəfə bu cür kütləvilik 1980-cı ildə qeydə alınıb. Belə ki, o vaxt 1979-cu ilin noyabrında Məkkədəki əsas məscidi ələ keçirən Cüheyman və tərəfdarları edam edilmişdi.

Bu dəfəki edam aksiyasında öldürülənlərin heç də hamısı şiə azlığın nümayəndələri deyildi. Onların arasında çeşidli terrorçular, digər konfessiyaların nümayəndələri, dindən uzaq şəxslər də vardı. Ancaq məhz Nimr ən-Nimrin edamı bir anın içində siyasi temperaturu yüksəltdi. Tehranda onu dərhal əzabkeş elan etdilər, Bəhreyndə və ən-Nimrin doğulduğu şərq bölgələrində isə kütləvi etirazlar başladı. Ən-Nimri hakimiyyət naməlum yerdə dəfn edərək onun nəşini qohumlarına vermədi (Yeri gəlmişkən, şiə liderin həyat yoldaşı 3 il əvvəl ABŞ-da vəfat edib).

Ər-Riyad qiyam nöqtələrinə qoşun hissələri göndərdi. Etiraz dalğaları zor gücünə yatırıldı. Qonşu İranda isə hadisələr yüksələn templə getməyə başladı.

Yanvarın 3-də Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi nümayişçilərin hücumuna məruz qaldı. Onlar səfirliyin binasına od vurdu. Ardınca Ər-Riyad Tehranla diplomatik əlaqələri kəsdiyini elan etdi. Onun ardınca bu addıma Bəhreyn və Sudan da qoşuldu. İraqda isə şiə liderləri Səudiyyə Ərəbistanının yeni səfirliyinin açılmasına yol verməməyə çağırdılar.

Bununla da islam dünyasında liderliyə can atan iki dövlət arasında yeni münaqişə başladı.

Bu fonda mərhum ən-Nimrin əslində zorakı yolla mübarizənin əleyhdarı olduğu və İranla distansiya saxlamağa çağırdığı artıq unudulub. Bəli, o, şiələrin çoxluq təşkil etdiyi şərq rayonlarının Səudiyyə Ərəbistanından ayrılmasına son nicat yolu kimi baxırdı, ancaq həmin ərazilərin İranla birləşməsinə heç vaxt çağırmamışdı.

Hadisədən dərhal sonra İRAN XİN Səudiyy Ərəbistanına nota yollayaraq ən-Nimrin edamına görə "çox yüksək qiymət ödəməli olacaqlarını" bəyvn etdi, yerli qəzetlərdən biri isə "qaniçən monarxyanın tezliklə çökəcəyini" yazdı. Nümayişçilərin Tehrandakı səfirlik binasını oda verməsini ayətulla Xamneyi "tamamilə əsassız əməl" adlandırmaqla bərabər, ən-Nimrin edamını da sərt şəkildə pislədi.

Biz iki islam dövləti arasındakı çoxsaylı tarixi ziddiyyətlərin açıq fazaya keçməyinin şahidləri deyilik ki? - indi havadan asılı qalan əsas sual da elə budur.

İki dövlət arasındakı ziddiyyətlərin çoxillik kökləri var. 1987-ci ildə iranlı zəvvarlar Məkkədə yerli polislə toqquşmalara girəndə 400-dən çox adam tələf olub. O vaxt da Tehranda səfirlik binası yandırılandan sonra diplomatik əlaqələr kəsilir və yalnız 2 il əvvəl bərpa olunur.

Bizim əsrdə qarşıdurma üçün yeni mövzu İranın nüvə proqramı olur. Üstəlik, hazırda Yaxın Şərqdəki münaqişələrə münasibətdə Tehran və Ər-Riyad diametral fərqli mövqe sərgiləyir. Suriyada Bəşər Əsədin tərəfində həm İran hərbçiləri, həm də iranyönlü Livan "Hezbollah"ı vuruşur. Ər-Riyad isə "Nüsrə Cəbhəsi"nə və digər terrorçu qruplara hər cür dəstək verir. Dövlətlərin Yəmən probleminə münasibətləri də fərqlidir - İran husilərin, Səudiyyə Ərəbistanı isə devrilmiş prezident Mənsur Hadinin tərəfindədir.

Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdə ən mühüm müttəfiqi, İran isə əsas rəqibidir. 2003-cü ilə qədər Səudiyyədə ABŞ hərbi-hava qüvvələrinin ən böyük komanda mərkəzi yerləşib. Ər-Riyad ABŞ-ın guya ki "İŞİD" ilə mübarizə üçün yaratdığı beynəlxalq koalisiyanın üzvüdür. İranın isə ABŞ-la bu gün də diplomatik əlaqələri yoxdur - bu əlaqələr hələ 1980-cı ildə iranlılar ABŞ səfirliyini işğal edib personalını 444 gün girov saxladığı vaxtlardan kəsilib.

Ziddiyyətlər yumağına daha birisi - ən-Nmrin edamı əlavə olunub. Və çətin ki, bu son hadisə Səudiyyə krallığının sərhədləri çərçivəsində qalacaqdı. Deməli, srağagünlə dünənin sabah olmaq uğrunda qarşıdurmasının da yeni vüsətlə davam edəcəyini gözləmək olardı...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00