Hind gözəllərinin dəyişməz atributu
28 Dekabr 2015 18:05 DünyaHind qızları qaradəriləri, qalın və qapqara saçları ilə dərhal seçilir. Ənənəvi hind qadını obrazı həm də sari ilə assosiasiya olunur. Sari hind qadınlarının seksuallığını və şərq koloritini vurğulayan milli geyimdir. Hind sarisi geyinmiş qadın həmişə gözəl və cazibədar görünür. O, həm Hindistanın fəxri, həm də ilahi gözəllik təcəssümüdür. Mistik sari geyimi 5 000 ildən artıq tarixə malikdir. Əminliklə demək olar ki, sari heç vaxt dəbdən düşmür. Onun dəbə minməsində və tanınmasında şərq rəqsləri və şərq musiqisinin də böyük rolu var. İpək sarini bol kəsimli şalvarlar, halqa sırğalar, dirsəklərə qədər uzanan cingilti qolbaqlar və çox qatlı ətəklər müşayiət edir. Qısa topun üzərindən çiynin bir tərəfinə əlavə olunmuş ipək parça qıza xüsusi ahəng verir, o cümlədən, artıq çəkini və bəzi qüsurları məharətlə gizlədir. Bütün bu keyfiyyətlər sarini daha cazibəli, məftunedici və sirli edir. Onu da qeyd edək ki, sari əlvan parçalardan tikilir. Bu zaman bir-birinə zidd parçalar birləşdirilir, həmçinin, xüsusi naxışlar vurulur. Cəlbedici parçalar hind xalqının həyat eşqi ilə dolub-daşdığından xəbər verir. Axı heç də bütün xalqlar onlar kimi pozitiv deyil və həyatdan zövq ala bilmir. Bütün insanlara sevinc bəxş etmək böyük sənət və nəcib işdir. Biz sözlə, qlmaur hind qadınları milli geyimlərini heç nəyə dəyişmək fikrində deyillər. Hind milli geyimləri bir çox Avropa dizaynerlərinin də ilham mənbəyi olub. Ekstravaqant sari bir çox müasir dəb tendensiyasının təməli olub. Hazırda avropalı brendlərin əksəriyyətində sarinin müxtəlif elementlərinə rast gəlmək olar. Bütün dünyada da qadınlar hind sarisinin dəb sənayesinə verdiyi töhfəni böyük məmnuniyyətlə qəbul edir.