Fransada Azərbaycanla bağlı arxeoloji materiallar aşkarlanıb

Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə Fransada Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyində fransız arxeoloq Jak de Morqanın 1889-1891-ci illərdə Azərbaycan ərazisində aşkar edərək, ölkəsinə apardığı qədim maddi mədəniyyət nümunələri ilə tanış olub. Muzeydən APA-ya verilən məlumata görə, N.Quluzadə ümumilikdə 548 ədəd qədim əşya ilə bağlı zəruri məlumatları qeydə alıb. 502 ədəd qədim əşya Azərbaycanın cənub bölgəsinin Aspa-His, Amarat, Cönü, Mistan, Hovil, Cucik, Veri və Hiveri abidələrindən, eləcə də İranın Lor-Dağı, Monidigiyir abidələrindən tapılıb. Aspa-Hiz abidəsindən tapılmış arxeoloji əşyalardan 4 ədədi tunc, 25 ədədi isə dəmir silah nümunəsidir. N.Quluzadə tərəfindən öyrənilmiş bütün tapıntılar Talış-Muğan mədəniyyətinə aid olub, e.ə. II minilliyin sonlarına - I minilliyin əvvəllərinə aiddir. Yalnız 2 ədəd saxsı qab hazırlanma texnikasına və üslubuna görə islam dövrünün - VIII-XI əsrlərin nümunələrini xatırladır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00