Rusiyada yaşayan soydaşımız Dmitri Medvedev tərəfindən təltif olunub
25 Dekabr 2015 16:26 DünyaRusiya Federasiyası hökumətinin Hüquq şöbəsinin müdiri Sübhi Şıxlinski "Vətən qarşısında xidmətlərinə görə 2-ci dərəcəli" medalı ilə təltif edilib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, mükafatı hökumətin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında Rusiyanın Baş naziri Dmitri Medvedev təqdim edib. Qeyd edək ki, Rusiyadakı Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, Rusiya Azərbaycanlıları Konqresi Mərkəzi Şurasının üzvü Sübhi Osman oğlu Şıxlinski 1964-cü ildə Azərbaycanın Şəmkir şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alan S.Şıxlinski 1990-1993-cü illərdə Məmməd Əmin Rəsulzadə adına Azərbaycan Dövlət Universitetində fəlsəfə və sosiologiya fənləri üzrə dərs deyib. Daha sonra yenidən Moskvaya qayıdan həmyerlimiz burada elmi fəaliyyətini davam etdirərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. 1996-cı ildə siyasi texnoloq kimi Rusiya Federasiyasında prezident seçkiləri keçirilərkən B.N.Yeltsinin seçki qərargahına, milli diasporlarla, dini qurumlarla və soydaşlarla işlər şöbəsinin rəisi vəzifəsinə dəvət edilib. Rusiya hökumətinin müxtəlif mükafatlarına layiq görülən soydaşımıza 2007-ci ildə Rusiya Prezidenti V.V.Putinin fərmanına əsasən, üçüncü dərəcəli həqiqi dövlət müşaviri ixtisas dərəcəsi verilib.