ABŞ kompensasiya ödəyəcək: 233 milyon
25 Dekabr 2015 12:53 DünyaABŞ 1979-cu ildə İrandakı səfirliyində girov götürülən 53 vətəndaşına pul kompensasiyasını ödəməyə razılaşıb. Publika.az "BBC News" saytına istinadən xəbər verir ki, kompensasiyaların ödənilməsi keçən həftə bəyənilən büdcə layihəsinə salınıb. Sənədə uyğun olaraq həmin vətəndaşların hər birinə təxminən 4,4 milyon dollar ödəniləcək.
Qeyd edək ki, İslam inqilabı və ayətullah Xomeyninin hakimiyyətə gəlişindən sonra - 1979-cu il noyabrın 4-də ABŞ səfirliyi hücum nəticəsində tutulub və diplomatik korpusun əməkdaşları girov götürülüb. Bununla da İranla ABŞ arasında diplomatik əlaqələr tamamilə kəsilib. Həmin vaxtdan bəri hər il noyabrın 4-ü İranda Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunur.
ABŞ-dan diplomatların azad olunması qarşılığında ABŞ-ın Nyu-York şəhərinə müalicəyə gedən Məhəmməd Rza Pəhləvinin təhvil verilməsi tələb olunub. Vaşinqton şahı verməkdən imtina edib, ancaq Amerika vətəndaşlarının azad edilməsi üçün də hərbi əməliyyatı keçirmək mümkün olmayıb. Nəticədə 52 Amerika vətəndaşı 444 gün girovluqda qalıb, bir nəfər isə ağır xəstəliklə əlaqədar buraxılıb.
Hazırda 53 keçmiş girovdan 37-si sağdır. Kompensasiya Fransanın BNP Paribas bankının İran, Kuba və Sudana qarşı sanksiyaları pozmasına görə qoyulmuş 9 milyard dollarlıq cərimədən ödəniləcək.