ABŞ-da narkotik satışı ilə məşğul olan erməni tutuldu
25 Dekabr 2015 05:22 DünyaABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərinin 55 yaşlı erməni sakini Con Balyanın yaşadığı mənzildən 5 kiloqram tiryək, bir kiloqram heroin, 200 qram metamfetamin aşkarlanaraq müsadirə edilib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Qlendeyl polisi bildirib.
Məlumata görə, Balyanın mənzilindən onun narkotik maddə ticarəti ilə məşğul olduğunu təsdiqləyən təkcə narkotik maddələr deyil, həm də tərəzi, narkotik maddələrin qablaşdırılması üçün materiallar və başqa əşyalar aşkarlanıb.
Xəbərdə bildirilib ki, evin sahibi Martik Baqomyandır. Balyan həmin mənzildə həyat yoldaşı və iki oğlu ilə birlikdə yaşayır.
Məlumata görə, Balyan bir il öncə tiryək satdığı üçün tutulubmuş, ancaq onda girov qarşılığında sərbəst buraxılıb.
Polisin sözlərinə görə, bu dəfə onu girov da xilas edə bilməyəcək.
Hüquq-mühafizə orqanlarının təmsilçiləri bildiriblər ki, Balyan 2001-ci ildən narkotik maddələrin qanunsuz satışı ilə məşğuldur.