Qəbir daşlarının böyük və ya kiçik olmağı ölən şəxs üçün heç bir məna kəsb etmir- ÖZƏL

Milli Məclisin ötən iclasında, kimliyindən asılı olmayaraq, hər kəsin qəbrinin eyni formada və vahid qiymətdə olması təklifi  cəmiyyətdə  müzakirəyə  səbəb  olub.  İlahiyyatçı  Seyid Rauf Hüseyn "Olaylar"a bildirib ki,  bu fikir gözəl fikirdir və dinimiz bu fikri tam-tamına dəstəkləyir: "Şəriətimiz dəfələrlə bizə təkid edir ki, qəbirdaşları vahid formada olmalı, hündür olmamalıdır. Xüsusən də şəkil məsələsi hər zaman aktual olub. Yəni, din, şəriət dönə-dönə təkid edir ki, istər kişi, istər qadın şəkli qəbirdaşında olmamalıdır. Ad, soyad vəya əlavə xatırlatma olaraq bir Quran ayəsi, yaxud dünyasını dəyişmiş şəxs haqqında bir fikrin yazılması daha gözəldir. Təbii ki, Azərbaycanda yas mövzularında olan bu məsələlərin artıq tamamilə dəyişməyə, islahatlara ehtiyacı var. Əslində, qəbiristanlıq özü dinimizdə ziyarətlə bağlı təkid olunan məsələdir. Səbəb budur ki, insan hüzur tapmalıdır, bura onun üçün bur xatırlatma yeri olmalıdır. Hədislərimizdə qeyd olunur ki, peyğəmbərimiz vaxtaşırı qəbiristanlıqları ziyarət edərdi. Təəssüflər olsun ki, bizdə bunla bağlı mənzərə ürəkaçan deyil. Səbəb də müxtəlif formada qəbirdaşları, üstündə olan müxtəlif şəkillərdir. Bunlar insanlarda bir vahimə, qorxu yaradır. Düşünürəm ki, vahid formalı qəbir daşları olduqdan sonra kənardan yaxşı bir mənzərə yaranar. Bunlar təbii ki, labüddür. Mən düşünürəm ki, dövlət müstəvisində, qanunvericilik baxımdan bu qərarın qəbul olunması çox gözəl və müsbət haldır. Bəli, ölən kəs həyatdan heç nə aparmır. Hətta Qurani-Kərimdə belə qəbirdaşlarının böyük olmağının tənqid ilə bağlı ayələr var. Qəbiristanlıq, qəbirdaşı insanın dürüst yaşamağı üçün bir xatırlatmadır. Dünyadan gedən heç nə aparmır. Ancaq şəriət təkididir deyə bir qarış kəfənlə dünyasını dəyişir. Qəbirdaşlarının böyük və ya kiçik olmağı ölən şəxs üçün heç bir məna kəsb etmir. Sadəcə olaraq insanlar arasında varlı, kasıb təbəqəsi ilə sinfi bərabərsizlik yaradır. Bu da çox təəssüfləndirici haldır. Dünyasını dəyişən kəs xeyir əməl və təqvadan başqa heç nə aparmış olmur. Dinimizdə insanların bütövlükdə bərabər olduğu bildirilir. Qəbirdaşları və yaxud bu tip atributların heç birinin dinimiz, şəriətimizlə əlaqəsi yoxdur. Ümid edirəm ki, inşallah bu qərar tezliklə qüvvəyə minər və biz qəbiristanlıqlarda vahid qəbirdaşları görərik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31