Dində tələb olunan qəbirlərin üzü qibləyə və sadə olmasıdır-Ağa Hacıbəyli- ÖZƏL
22 Fevral 2024 16:54 Din"İslam dini böyük bir mədəniyyəti əhatə edən möhtəşəm dindir. Əslində biz dinlər arasında demirik, elə Yer üzündə tək bir din var, adı da İslamdır. Bütün peyğəmbərlərin Allaha, axirətə, haqqa, ədalətə dəvət etdiyi dinin adıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib:
"Bu dinin bir parçası da insanların sağlamlığı, yaşam stili ilə bağlı olduğu kimi, digər bir yönü də insanların vəfat etdiklərindən sonra onların təmiz, əbədi həyat haqqında olan fikirləridir. Məsələnin qəbirə, məzarlığa gələn tərəfinə baxınca, bəli, Peyğəmbərimiz (s.ə.s) özü də sadə bir həyat yaşayıb və ətrafında olan insanlara da sadəliyi tövsiyyə edib. O məzarlıqlara girdiyimiz zaman da həmin məzarlar arasında bir yarışın olmadığının şahidi ola bilirik. Çünki, insanlar fərqli yaşasalar da, bərabər doğulurlar və məzarlıq da yenə də o bərabərliyi qoruyarlar. Bu baxımdan dində tələb olunan qəbirlərin üzü qibləyə və sadə olmasıdır. 10 santimetr yüksəkliyi olma şərti ilə qəbul olunub. Bir müsəlman qəbirsanlığına girdiyin zaman oradan İslamın qoxusu gəlməlidir, nəinki orda ifrata və təfritə varmış böyük qəbirlər və saraylara aid olan bir yarışı görmək. Hər halı ilə İslam dininin bu qədər sadəliyi mənə elə gəlir ki, XXI əsrin müsəlmanı tərəfindən də qəbul olunmalıdır və qəbirləri də bu şəkildə qurmalıdırlar.
Qaldı ki, deputatların bu məsələni müzakirəsinə, məncə, bu fərqli bir anlam ortaya qoyur. Çünki, Milli Məclis deputatlarımız, vəkillərimiz yəqin ki, bu məsələdə xalqın tələblərini görüblər və bu məsələni qaldırıblar".